XİN onlarla Türkiyə vətəndaşının Azərbaycana girişinə qadağa qoydu

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) 31 nəfər Türkiyə vətəndaşını “arzuolunmaz şəxs” adlandıraraq onların Azərbaycana girişinə qadağa qoyub. XİN-in oktyabrın 21-də bu haqda yaydığı bəyanatda həmin şəxslərin Azərbaycanın suverenliyinə və milli təhlükəsizliyinə təhdid edən çıxışlar, dini nifrət və düşmənçiliyi qızışdıran, eləcə də hakimiyyətin zorla devrilməsinə yönəlik çağırışlar etdiklləri bildirilir.

Azərbaycana girişi qadağan olunan şəxslər arasında Türkiyə Böyük Millət Məclisinin DEM Partiyasından olan millət vəkili Ömer Faruk Gergerlioğlu, Yeniden Refah Partiyasının sədri Fatih Erbakan, Toprak Partiyasının sədri Ömer Ulutaş və HÜDA PAR Partiyasının sədr müavini Yahya Uğraş, jurnalistlər, ilahiyyatçı alimlər və ictimai fəallar var. Qara siyahıya salınan şəxslər aşağıdakılardır.

1. Ahmet Barış İyison – İyison Medya şirkətinin və Gazeteciabi layihəsinin rəhbəri

2. Cem Özyurt – Bloger

3. Akın Duru – TV8 və Acunmedya əməkdaşı

4. Dursun Eker – Jurnalist, File Prodüksiyon Hizmetleri

5. Adem Özköse – Jurnalist, siyasi analitik, yazıçı

6. Muhammed Emin Yıldırım – “Köklü Değişim” jurnalının və media qrupunun İstanbul təmsilçisi

7. Cüneyt Sezer – Bloger, sosioloq, publisist və siyasi analitik

8. Serhat Koyuncu – İctimai xadim

9. Mikail Ayyıldız – Dini yazar və araşdırmaçı

10. Ahi Aratoğlu – Araşdırmaçı yazar, şair və sosioloq

11. Muharrem Çavuş – AK Parti Boğaziçi Gençlik Kolları Başkanı (2020-2025)

12. Fatih Erbakan – Yeniden Refah Partiyasının sədri

13. Yahya Uğraş – HÜDA PAR Partiyasının sədr müavini

14. Aydın Binboğa – İqtisadçı, siyasətçi

15. Hakkı Eren – “Köklü Değişim” jurnalisti

16. Sait Seyitoğlu – HÜDA PAR partiyasının Batman maliyyə və inzibati işlər şöbəsinin rəhbəri

17. Mehmet Boynukalın – Marmara Universiteti İlahiyat professoru, Ayasofya İmam-Hatibi

18. Okan Aytaş – Jurnalist, Finansopia Medya şirkətinin sahibi

19. Mert Armağan – Jurnalist

20. Yaşar Yavuz – Yeni Şafak, Diriliş Postası, Referans jurnalist

21. Ahmet Sırrı Arvas – Şair, jurnalist, yazıçı

22. Yusuf Kaplan – Yazıçı, jurnalist

23. Erdinc Teğmen – Erte Medya’nın sahibi

24. Ahmet Çakar – İdman şərhçisi, keçmiş futbol hakimi

25. Halil Atakan Ay – İlahiyyatçı

26. İsmail Kılıçarslan – TV NET, “Yeni Şafak” qəzeti

27. Murat Şahin – Akıt TV- də proqram aparıcısı

28. İrfan Kaya Ülger – Akıt TV- də proqram aparıcısı

29. Fatin Dağistanlı – Akıt TV- də proqram aparıcısı

30. Ömer Ulutaş – Toprak partiyasının sədri

31. Ömer Faruk Gergerlioğlu – Millət vəkili

Azərbaycan-Türkiyə münasibətləri prezident İlham Əliyevin oktyabrın 2-də hakim Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışından sonra gərginləşib. İlham Əliyev ad çəkməsə də, bir sıra dövlətləri Azərbaycanın daxili işlərinə qarışmaqda ittiham edib və müstəqillik dövründə alınan silahlara görə artıqlaması ilə pul ödənildiyini açıqlamışdı.

Bunun ardınca Azərbaycanda orta məktəblərdə hicaba qadağa qoyulması Türkiyənin ictimai-siyasi dairələrinin kəskin etirazına səbəb olub. Azərbaycan hakimiyyəti Türkiyədəki reaksiyaları ölkənin daxili işlərinə müdaxilə kimi qiymətləndirir. Bundan əvvəl Azərbaycanın Baş Prokurorluğu 7 nəfər Türkiyə vətəndaşı barədə beynəlxalq axtarış elan edib.