“Toplum TV” işi üzrə həbs olunan 5 siyasi məhbus “içməli suya görə” cərimə kamerasına salınıb

Avqustun 19-da Günel Manaflı sosial media hesabında yazıb k, həbsdə olan həyat yoldaşı Ruslan İzzətli Umbakı həbsxanasında cərimə təcridxanasına (karsa) salınıb. Buna səbəb Ruslan İzzətlinin həbsxana rəhbərliyindən içməli su tələb etməsi olub. 

Günel Manaflının yazdığına görə, bu məlumatı ona Ruslan İzzətli ilə eyni həbsxanada saxlanılan Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşı Əli Zeynal verib. Əli Zeynal Günel Manaflı ilə telefon danışığında özünün də eyni tələbə görə cəzalandırıldığını və “kars”a göndəriləcəyini deyib.

“Umbakı Penitensiar Kompleksində ciddi su problemi yaşanır. 40 dərəcə istidə içməli su tapılmır. Ruslan İzzətli dəfələrlə bu problemin həllini tələb etsə də, məhəl qoyulmayıb”, – deyə Manaflı bildirib.

Ruslan İzzətli ilə Əli Zeynalın ardınca, eyni həbsxanada saxlanılan digər siyasi məhbuslar – Akif Qurbanov, Fərid İsmayılov və Ramil Babayev də cərimə kamerasına  salınıblar. Bu məlumatı iyunun 21-də “III Respublika” platformasının həmtəsisçilərindən biri Araz Əliyev öz sosial media hesabında yayıb. 

Cərimə kamerasına salınanlar müstəqil media olan Toplum TV-yə qarşı açılan cinayət işi üzrə pul qaçaqmalçılığında ittiham olunublar: Akif Qurbanov və Ruslan İzzətli 15 il, Əli Zeynal 14 il, Ramil Babayev 13 il, Fərid İsmayılov isə 12 il müddətinə azadlıqdan məhrum ediliblər. Onlar ittihamları rədd edir və ittihamların siyasi motivli olduğunu iddia edirlər.

Günel Manaflı OC Media-ya bildirib ki, Ruslan İzzətli avqustun 1-də Umbakı həbsxanasına köçürülüb və o zamandan içməli su problemi ilə bağlı şikayətlənib. 

“Köçürüldükdən sonra o, hər söhbətimizdə içməli su problemindən danışıb: su yalnız bir neçə saat verilib, ya da heç gün ərzində olmayıb. Ruslan İzzətli dəfələrlə həbsxana rəhbərliyinə problemi həll etmək üçün müraciət edib”, – deyə Günel Manaflı bildirib.

Onun sözlərinə görə, şikayətlərdən sonra müəssisədə vəziyyət bir neçə günlük düzəlsə də sonra yenidən təkrar içməli su problemi yaranıb.

Ruslan İzzətlinin vəkili Bəhruz Bayramov avqustun 20-də Ruslan İzzətli ilə görüşüb. Vəkil Qəzetçi-yə deyib ki, Ruslan İzzətli içməli su olmadığına etiraz edərək könüllü olaraq cərimə təcridxanasına gedib. 

“Müəssisənin rəhbəri ilə də görüşdüm, dedi ki, su problemini Azərsu yaradır, bu məsələ onlardan asılı deyil”, – deyə vəkil vurğulayıb.

Bəhruz Bayramov bildirdi ki, Ruslan İzzətli 7 günlüyünə, Əli Zeynal isə 6 günlüyünə cərimə təcridxanasına salınıb. 

Həbsxanalarda içməli su və işıq problemi siyasi məhbusların yaxınları tərəfindən sosial mediada tez-tez səsləndirilir. 

Həbsdə olan müxalif siyasətçi Tofiq Yaqublu və Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan sədri Əli Kərimli də işıq və içməli su  poblemi yaşadıqlarını bildiriblər. 

İyulu 27-də Tofiq Yaqublunun qızı Nigar Həzi 17 saylı həbsxananın bir həftədir işıqsız və susuz qaldığını bildirib. Onun sözlərinə görə, həbsxanaya elektrik enerjisi gün ərzində cəmi bir neçə saat verilib. 

“Təsəvvür edin yayın dəhşətli istiləri və işıq yoxdur, soyuducular işləmir, məhbuslar içməyə nə sərin su tapa bilirlər, nə də ki, yuyuna bilirlər. 40 dərəcədən yuxarı istidə əlbəttə ki, ərzaqlar da xarab olub zibilə atılır. İşığın olmaması azmış kimi artıq müəssisədə su da gəlmir. Anlayacağınız insanlar sanki əsr düşərgələrində saxlanılır”, – deyə Nigar Həzi etiraz edib. 

Avqustun 7-də isə AXCP-nin mətbuat xidməti bəyanat yayaraq Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) təcridxanasında saxlanılan Əli Kərimliyə içməli su verilmədiyini bildirib. 

Partiya vurğulayıb ki, avqustun 6-da Əli Kərimlinin ev dustaqlığına buraxılması ilə bağlı olan məhkəmə iclası zamanı o, susuzluqdan huşunu itirib. 

AXCP-nin bəyanatında deyilir ki, saxlanıldığı kamerada Kərimlinin içməli su ilə təminatı dayandırılıb. 

“Kamerada isə kran suyu içmək üçün yararlı deyil. Bundan əlavə, onun kamerasında elektrik enerjisinin də kəsildiyi bildirilir. Nəticədə, yay fəslinin ən isti dövründə, Bakıda temperaturun mütəmadi olaraq 32 dərəcədən yuxarı qalxdığı şəraitdə o, ventilyasiyasız saxlanılır”, deyə bəyanatda qeyd olunub. 

“Qəzetçi” məhbus ailələrinin həbsxanada içməli su və elektrik kəsintisi problemilə dair iddialarla bağlı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətilə əlaqə saxlasa da, məqalə dərc olunana qədər suallara cavab ala bilməyib.