Tofiq Yaqubluya açıq məktub

Dəyərli və əziz Tofiq bəy!

Əvvəlki aclıq aksiyalarınızda heç vaxt aclığı dayandırmağı xahiş etməmişəm – mənəvi haqq məsələsi qabağımı kəsib. İndi isə Sizə tək hörmət və pərəstiş etdiyim, sevdiyim üçün yox, həyat yolunuzda elədiklərinizdən daha çox bundan sonra nələr edə biləcəyinizi düşündüyüm üçün yazıram.

Siz insanın kimlərəsə və cəmiyyətə nəyisə sübut etməyə ehtiyac duyduğu məqamları və həddi çoxdan keçmisiniz – müharibədə və siyasətdə iştirak, qəhrəmanlıq, həyatınız, azadlıqda və həbsdə mübarizə, müqavimət və dirənişinizlə, ölümə meydan oxumaqla.

Sizin cəsarət, mərdlik, dəyanət, intellekt və iradəniz artıq faktdır. Bu, mənim ya başqalarının fikri, rəyi deyil, verilən qiymət deyil, artıq nə hakimiyyət, nə müxalifətdən, nə kənar müşahidəçi, nə də zamandan asılı olmayan reallıqdır. Və məhz buna görə indi söhbət bu keyfiyyətlərinizdən yox, növbəti addımın məna və zəruriliyindən gedir.

Müddətsiz aclıq aksiyası siyasi tədbirdir və burada insanın cəsarəti, dəyanəti və iradəsi böyük rol oynayır, bu məlum. Amma bu tədbir aclıq edəndən asılı olmayan bir çox başqa amillərdən də asılıdır. Buna görə hər tədbirin öz imkanları və məhdudiyyətləri, təsir gücü və səmərəsi olur. Bunlar ölkədə və xaricdə rezonans doğurduqda, ictimai qınaq və təzyiq yaratdıqda işləyir və böyük səmərə verir.  

Bu gün dünyanın başı müharibə və böhranlara qarışıb. ABŞ-İsrail-İran müharibəsi hətta Rusiya-Ukrayna müharibəsini kölgədə qoyub, prezident Trampın siyasəti və onun İlham Əliyevlə əməkdaşlığı, Avropa İttifaqı və NATO-yla münasibətlər və bir çox başqa səbəblərdən Azərbaycanda və dünyada ictimai-siyasi gündəm bəlli, demokratik cəmiyyətin diqqəti isə dağınıqdır. Azərbaycanda  insan haqları məsələsi kənara sıxışdırılıb. Əvvəllər mümkünsüz görünməyən ictimai təzyiq indi həm obyektiv, həm də subyektiv səbəblərdən xeyli zəifləyib. Həmişə belə olmayacaq, amma bu gün bu obyektiv bir reallıqdır.  

Sizi çox istəyən və görkəmli siyasi lider sayan, eyni zamanda vəziyyəti kənardan qiymətləndirən bir adam kimi yazıram. Demokratik kəsimin, müxalifət partiyalarının apardığı əvvəldən bərabər olmayan mübarizənin bu son məqamında sizin müddətsiz aclıq aksiyası tərəflərin – sizin və hakimiyyətin arasında kəskin bir disbalans yaradıb.

Sizin və hakimiyyətin maraq və imkanlarını xəyali tərəzinin gözlərinə qoysaq, mənzərə daha aydın və qabarıq görünəcək. Sizin ödədiyiniz qiymət və bədəl bundan əvvəlki aclıq aksiyasında olduğu kimi həyatınızdır. Açıq yazdığıma görə üzr istəyirəm, amma etirazın yönəldiyi tərəf – hakimiyyət üçün sizin ölümünüzün bədəlinin nə dərəcədə ağır olacağı və ümumiyyətlə olub-olmayacağı artıq əvvəlki kimi aydın deyil. Amma mənim və mənim kimi düşünən bir çox vətəndaş üçün cavab aydındır – sizin həyatınız və mübarizədə iştirakınız hər şeydən önəmlidir.

Həbsxanadakı vəziyyəti, fikir, hiss və duyğularınızı imkanım daxilində anlamağa çalışıram. Bəli, döyüşərək ölmək mübariz insanı simvola, əfsanəyə çevirir. Bəli, simvol qalıcı, əbədi olur. Amma hərəkətsizdir…

Siz isə artıq çoxdan canlı simvol olmusunuz, insanlar sizi Azərbaycan xalqının dəyəri sayır. Məhz buna görə Sizin həyatınız və fəaliyyətiniz istənilən siyasi aksiyadan daha önəmlidir!

Siz çağdaş mübarizənin və dirənişin adi sıravi iştirakçısı deyilsiniz. Siz onun liderlərindən biri və artıq yaranmış, formalaşmış simvolusunuz. Siz azadlıqda demokratik cəmeəyə və Azərbaycan xalqına gərəkli və zəruri fəaliyyətdə olmusunuz, həbsdə belə bunu davam etdirirsiniz – həbsxanada yatmaq və sınmamaq siyasi mübarizənin ən ali formalarından biridir. Nelson Mandela bunu bir daha sübut edib.  

Bəli, Sizdə sona qədər getmək cəsarəti, qətiyyəti və iradəsi var. Bilirəm, bilirik. Amma başqa bir cəsarət və qətiyyət də mövcuddur – demokratik kəsimin tələbi və xahişini yerinə yetirmək və aksiyanı dayandırmaq cəsarət və qətiyyəti. Əminliklə deyirəm, əqidədaşlarınız arasında aclığı davam etməyinizi istəyən yoxdur. Əksinə. 

Belə bir anda dayanmaq geri çəkilmək deyil. Bu, mübarizə və dirənişə davam etməkdir. Siz elə bir həyat yolu keçmisiniz ki, heç kimin daha çoxunu Sizdən tələb etməyə haqqı yoxdur. Ola da bilməz!

Sizə hələ azadlıqda olanda demişəm, yenə təkrarlayıram – “Le Chevalier sans peur et sans reproche”  – qorxusuz və qüsursuz cəngavərsiniz. Amma qəhrəman və cəngavər qalmaq üçün özünü samuray kimi, kamikadze kimi öldürmək lazım deyil!

Bir dəfə demisiniz – “Mübarizəyə qalxmaq üçün bu xalqa özünü qurban verən bir azərbaycanlı örnəyi lazımdırsa, mən hazır”. Amma bizə qurban örnək və tarixi simvollar yox, Siz lazımsınız!

Həbsxanada sınmamaq, elə ancaq sağ qalmağın özü siyasi mübarizənin ən ali formalarından birdir. Amma azadlığa çıxandan sonra da fəaliyyət var axı! Nelson Mandela həbsdə 27 il, Vaslav Havel 5 il, Aun San Su Ci ev dustaqlığında 15 il qalıb, Lex Valensa, Kim Dae-cung və başqaları həbs və təqiblərdən keçib, dözüblər, azadlığa çıxıb qələbə qazanıblar.

Siyasi qələbələri tarixə qovuşan simvollar yox, hərəkətə keçən məqama qədər yaşaya bilən insanlar qazanırlar. Adıçəkilən siyasi xadimlərin özündən daha çox, toplum və xalq üçün qoruduqları həyatı onlara azadlığa çıxmağa və ölkəsindəki rejimi dəyişməyə imkan verdi. Məhz buna görə Sizin həyatınız yalnız şəxsi məsələ deyil, müqavimət və dirəniş hərəkatının güc və potensialının bir hissəsidir, əziz Tofiq bəy!

Sağ qalın ki, mübarizənin ön sırasında gedə biləsiniz. Mübarizə üçün yaşayın! Yaşayın ki, mübarizə davam etsin!

Böyük sayğı və sevgilərlə,
Çingiz Sultansoy

17.03.2026