Tbilisidə Azərbaycanın eks-prezidenti Heydər Əliyevin büstünü zədələməkdə şübhəli bilinən şəxs barəsində həbs-qətimkan tədbiri seçilib. “Aktual.ge”nin ictimai vəkil Teona Peraadzeyə istinadən verdiyi məlumata görə, saxlanılan şəxs 40 yaşlarında olan Ermənistan vətəndaşıdır və o, Gürcüstana turist kimi gəlib.
Xatırladaq ki, sentyabrın 21-də Heydər Əliyevin Tbilisi şəhərində “Meydan” adlanan ərazisində yerləşən büstünə qarşı vandalizm aktı törədilməsi ilə bağlı Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev mediaya açıqlama vermişdi. Bu aktın nədən ibarət olması barədə ictimaiyyətə rəsmi məlumat verilməyib.
Gürcüstan Respublikasının Cinayət Məcəlləsinin 187.1 maddəsi (Başqasının əmlakının zədələnməsi və ya məhv edilməsi) ilə ittiham olunan Ermənistan vətəndaşını cərimə, 100 saatdan 180 saatadək ictimai iş, bir ilədək müddətə islah işləri, altı aydan iki ilədək müddətə ev dustaqlığı və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Bu işlə bağlı ilkin məhkəmə iclası noyabrın 12-nə təyin olunub. Saxlanılan şəxsin hazırda susmaq hüququndan istifadə etdiyi bildirilir.
Müəllif: Əfqan Muxtarlı
