Sumqayıt Şəhər İcra Hakimiyyətininin nəzdində olan Təmizlik Departamentinin işçiləri oktyabr ayının maaşını hələ də ala bilmədiklərini deyirlər. Bir neçə gün öncə sosial mediada yayılan görüntülərdə işçilər yerli İcra Hakimiyyətinə gedərək maaşlarının gecikdirilməsinə etiraz ediblər. Bundan sonra onların bir hissəsinə aylıq əmək haqları ödənilib.
Maaşlarını ala bilməyən işçilərdən biri Qəzetçi-yə bildirib ki, problemləri tək məvaciblərinin verilməməsilə bağlı deyil. Belə ki, işçilərə verilən əməkhaqlarının bir hissəsi də kəsilib.
“Sumqayıtda Təmizlik Departamentinin 26 briqdası var. Hər bir briqada da 10-14 işçi çalışır. Noyabrın 10-da 9-cu briqadanın, 11-də isə 10-cu briqadanın maaşlarını veriblər. Hər gün bir briqadanın maaşını verəcəklərini deyirlər. Kimin də pulunu veriblərsə o işçilərin də maaşlarından 50 manat, 62 manat, 65 manat kəsiblər”, – deyir təmizlik işçisi kimi çalışan Gülxanım Süleymanlı (adm və soyad şərtidir).
Onun sözlərinə görə, işçilər etiraz etdikdən sonra onların ödəməsinin gecikdirilməsi icra başçısı Zakir Fərəcovun borcunun çox olması ilə əsaslandırılıb.
“Gedənlər dedi ki, onlara belə deyiblər. Biz də bilmirik, o nə borcdur, ancaq onu bilirik ki, son iki aydır pulumuzu çətinliklə verirlər. İki ay əvvəl maaşımız ayın əvvəli köçürdüsə, artıq ayın sonuna alırdıq. Oktyabrın maaşını isə hələ də almamışıq”, – Gülxanım Süleymanlı bildirib.
İşçilərin əməkhaqlarının verilməməsilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Eyvaz Qocayev Qəzetçi-yə bildirdi ki, işçilərin maaşı dövlət büdcəsindən qarşılanır, əməkhaqlarını icra hakimiyyəti ödəmir.
Eyvaz Qocayev etiraz edən işçilərə ödənən əməkhaqlarından vəsait tutulması ilə bağlı Qəzetçi-nin növbəti sualını isə cavablandırmaqdan imtina edib.
Sumqayıt Şəhər Təmizlik Departamenti Məhdud Məsuliyyətli Cəmiyyəti Nazirlər Kabinetinin 21 oktyabr 2016-cı il sərəncamına əsasən icra hakimiyyətinin tabeliyinə daxil edilən 6 müəssisədən biridir. Bu müəssisələr özəlləşdirilməyə çıxarılmır və dövlət qurumunun nəzdində qalır.
Təhlükəsizlik səbəbindən şərti ad-soyadla təqdim olunan müstəqil iqtisadçı ekspertlərdən biri Qəzetçi-yə deyib ki, Təmizlik Departamenti işçilərinin əməkhaqlarını icra hakimiyyəti qarşılamalıdır.
“Təmizlik Departamenti Sumqayıtdan başqa heç bir yerdə yoxdur. Yəni bu idarə başqa yerlərin hamısında Mənzil Kommunal İstehsalat Birliyinin tərkib hissəsindədir. Təmizlik Departamentinin işi sırf tullantıların daşınmasıdır. Amma bu idarəni ayırmaq da qanun pozuntusudur”, – ekspert bildirib.
Ekspert əlavə edib ki, yerli icra hakimiyyətləri öz fəaliyyətlərini həyata keçirmək üçün hüquqi şəxslər yarada bilir, amma həmin hüquqi şəxslərin ştat vahidlərinin sayını Nazirlər Kabineti müəyyənləşdirir. Buna görə də, Təmizlik Departamentinin işçilərinin əməkhaqlarının verilməsinə icra hakimiyyəti birbaşa məsuliyyət daşıyır.
“Orada işləyən işçilərin nəinki maaşlarını, hətta ştat vahidlərinin sayını belə Nazirlər Kabineti müəyyənləşdirir. Məntiqi baxımdan necə ola bilər ki, icra hakimiyyətlərinin yaratdığı qurumun, hüquqi şəxsin ştat sayını Nazirlər Kabineti müəyyənləşdirsin, amma onun maaşına heç bir məsuliyyət daşınmasın. Br qurumun ştat sayını hökumət müəyyənləşdirirsə, demək ki, onun əmək haqqı fondunu da hökumət təsdiqləyir”, – deyə ekspert bildirib.
Dövlət Əmək Müfəttişliyi Xidmətinin hesabatına görə, 2025-ci ildə əmək hüquqlarının pozulması ilə bağlı 21 897 şikayət qeydə alınıb. Xidmət ancaq 6897 müraciət üzrə işəgötürənlər və vəzifəli şəxslər tərəfindən əmk qanunvericiliyinin pozuntusunu tanıyıb. Həmin şikayətçilərə ödəniləkən məbləğ 842 344,95 manat təşkil edib.
Əməkçi hüquqlarının müdafiəçisi Sara Rəhimova Qəzetçi-yə deyib ki, işçilərin özünümüdafiə mexanizmləri real və effektiv şəkildə işləmir.
“Bunun əsas səbəblərindən biri müstəqil həmkarlar ittifaqlarının fəaliyyətinə imkan verilməməsi, onların üzvlərinin həbsə və təzyiqlərə məruz qalması, işçilərin kollektiv şəkildə təşkilatlanmaq və hüquqlarını müdafiə etmək imkanlarının məhdudlaşdırılmasıdır”, – Sara Rəhimova deyib.
2023-cü ilin avqustundan sonra işçilərin hüquqlarının qorunması ilə məşğul olan müstəqil Həmkarlar İttifaqları Konfederasiyası olan “İşçi Masası”nın üzvləri həbs olunublar. Sara Rəhimovanın isə ölkədən çıxışına qadağa qoyulub.
Işçi hüquqları fəalının da dediyi ki, Gülxanım Süleymanlı ilə digər iş yoldaşları işlərini itirmək qorxusuna Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət edə bilmədiklərini deyiblər.
“Onsuz da çox pul almırıq, ən az maaş alan 365 manat alır, ən çox alan da 400 manat. Hər ay 3-4 manat da bizdən süpürgə pulu tutulur. Bizə sabun verilmir, əlcək verilmir, hamısını öz pulumuzla alırıq. Dənizin sahilindən heyvan leşlərinə qədər də təmizləyirik. Bizim nə istirahət, nə də bayram günlərimiz var. Həftədə bir dəfə istirahət günü götürə bilərik ki, o zaman da saat 7-də gedib 11-in yarısına qədər işləyib qayıtmalıyıq”, – Gülxanım Süleymanlı deyib.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Eyvaz Qocayev isə təmizlik işçilərinin ağır iş şəraitilə bağlı Qəzetçi-yə danışdıqları iddialara cavab verməyib.
