SOCAR və tabeliyindəki müəssisələr iş qəzalarını necə gizlədir?

2022-ci ildə “Azəriqaz” İstehsalat Birliyinin Nəsimi rayon Qəza-Bərpa İdarəsindən elektrik qaynaqçısı olan Novruz Qəmbərovla həmkarlarına Qaqarin körpüsünün altından keçən qaz xətlərini ləğv etmək tapşırığı verilib. Amma martın 16-da iş prosesində baş verən partlayış nəticəsində o başından ağır xəsarət alıb. 

“500-lük xəttin üzərində 150-lik xətləri ləğv elədim, onun yerinə yamaq qoymalı idim. Qalın detal, 6-lıq dəmir listdən yamaq qoymalıydım. Yamağı qoyub 500-lük xəttin üstündə ölçən zaman, kənarda məndən qıraqda işləyən qaynaqçı səhvən götürüb qaynaq edirdi ki, heç bir şey ola bilməz. Mən isə xəbərim olmadan ölçü işi aparan vaxtı, turbanın içində partlayış oldu. O listi partlayış götürdü mənim alnıma çırpdı”.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 2022-ci ilə dair yaydığı məlumata görə, qurumun tərkibində fəaliyytə göstərən istehsalat müəssisələrində 17 bədbəxt hadisə baş verib. Hesabatda bildirilir ki, həmin il “Azəriqaz” İstehsalat Birliyində ancaq 1 qəza halı qeydə alınıb. Novruz Qəmbərovun başına gələn bədbəxt hadisə isə hesabata salınmayıb. 

“Dedilər ki, izahat versən, şikayətçi olsan, sən heç bir təzminat ala bilməyəcəksən, sənin o zərərli pensiyan da ola bilsin, ləğv olsun, sənə ancaq idarədən pensiya kəsiləcək. Ola bilsin, 350-370 manat pensiya kəsilsin. İşdən də azad ola bilərsən. Ancaq şikayətçi olmasan, pensiyaya çıxana kimi idarədə işləyəcəksən ki, günə-gün işlə səni təmin eləyəcəyik dedilər”, – deyə Novruz Qəmbərov bildirib. 

Əmək Məcəlləsinə görə, istehsalatda baş vermiş bədbəxt hadisədə təqsirli olan işəgötürən işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin əvəzini bütövlükdə ödəməlidir.

Novruz Qəmdərov deyib ki, qəzadan sonra onun alnına dəyəri 3000 manat olan implant qoyulub. Sığrta şirkəti iplantın xərclərini qarşılamayıb. Bu məbləği Qəmbərovun əməliyyat olunduğu Neftçilər Xəstəxanasında iş yoldaşları öz aralarında toplayaraq ödəyiblər.

Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) tabe olan “Azəriqaz” İB, eləcə də digər müəssisələrdə baş verən qəzalar zamanı kompensasiyaların verilməsi SOCAR tərəfindən həyata keçirilir. Novruz Qəmbərov deyir ki, həmin bədbəxt hadisədən sonra ona kompensasiya da ödənilməyib. 

“Azəriqaz” İB qəza halları zamanı kompensasiyaların hansı qaydada ödənilməsi, müəssisə daxilində qəzaların gizlədilməsinin qarşısının alınması üçün hansı mexanizmlərin olması ilə bağlı  Qəzetçi-ninsuallarını cavablandırmayıb.

Ötən illər ərzində dövlət şirkətində istehsalat sahəsində mühafizə sistemlərinin gücləndirilməsi və ümumi təhlükəsizliyin təmin edilməsinə çəkilən xərclər artırılıb. SOCAR-ın “Davamlı İnkişaf” hesabatına görə, 2022-ci ildə  bu istiqamətdə ayrılan vəsait 23,6 milyon manat 2025-ci ildə isə 43 milyon manat təşkil edib.

İl ərzində SOCAR-da çalışan işçilərin sayının ixtisarlar nəticəsində 3 min nəfər azaldığını da nəzərə alsaq, o zaman hər işçiyə düşən əməyin mühafizəsi xərcləri də artmış olub. Hər işçiyə düşən əməyin mühafizəsi xərcləri artsa da, SOCAR-ın əmək şəraitinin təhlükəsizliyinin təminatına çəkdiyi xərclər bu sahədə müsbətə doğru ciddi dəyişiklik yaratmayıb.

Novruz Qəmbərovun qəzaya düşdüyü 2022-ci ildə SOCAR-ın müəssisələrində 17, 2023-cü ildə 18, 2024-cü ildə 28,  2025-ci ildə isə  27 bədbəxta hadisə baş verib. Bu hadisələr zamanı ümumlikdə 96 nəfər xəsarət alıb. Onlardan 7 nəfəri həyatını itirib. 

Digər bir məsələ isə mədən sənayesində istehsalat prosesində xəsarət alanların sayı ilə bağlı müxtəlif rəsmi rəqəmlərin təqdim olunmasıdır. Dövlət Statistika Komitəsinin 2025-ci ilə dair hesabatında mədənçıxarma sənayesində 14 nəfərin əmək qabiliyyətini itirməsi və 1 ölüm ilə bağlı göstərici açıqlanıb. Bu rəqəm təkcə SOCAR-ın həmin il baş verən bədbəxt hadisələrin sayı ilə bağlı açıqladığı statistikadan azdır. Halbuki, ölkədə neft-qaz, habelə qızıl və filiz hasilatı ilə məşğul olan 10-larla şirkət fəaliyyət göstərir.

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının Dövlət Əmək Müfəttişliyindən əldə etdiyi statistika isə hasilat sənayesində itkilərin daha çox olduğunu göstərir. Təşkilatın sədri Mirvari Qəhrəmanlı Qəzetçi-yə deyib ki, ölüm hadisələrini çox ört-basdır etmək mümkün olmasa da, idarələr ağır xəsarət hallarını Dövlət Əmək Müfəttişliyi Xidmətindən gizlədə bilirlər. 

“İş yerində hadisə baş verəndə işçidən xahiş edirlər ki, hadisənin iş yerində olduğunu gizlətsin. Əvəzində zərərçəkənə kömək edirlər və onu ört-basdır edirlər. İşçi əlil olduqda və yaxud uzunmüddətli xəstəliyə düçar qaldıqda ya işdən çıxarılır, ya da əlil qalır. İşəgötürən isə artıq bu adamın xəsarəti iş yerində almasını rahatlıqla inkar edir”, – deyə o, bildirib.

Hüquq müdafiəçisinin dediklərini Novruz Qəmbərovun söylədikləri də təsdiqləyir.  Qəmbərov Qəzetçi-yə bildirib ki, iş zamanı xəsarət alanda idarədən ona deyilib ki, təzminat almaq üçün onun şikayət etsə, zərərli işə görə aldığı pensiya kəsiləcək. Onu şikayətdən yayındırmaq üçün maaşını alacağını və təqaüdə çıxdığı zaman təyin olunan pensiyanın ona verilməli olan təzminatla eyni olacağı bildirilib. 

Novruz Qəmbərovun şikayətçi olmamasının digər bir səbəbi isə uzun müddət bir yerdə çalışdığı həmkarlarını qorumaq istəyi olub: “Dedilər ki, sən şikayətçi olsan təzminat ala bilərsən, ancaq iş yoldaşlarım da cəzalandırılacaqdı. Bunu da istəmirdim…”.

Hasilat sənayedində itkilər
ilistehsalat qəzasıxəsarət ölüm
202228262
202332275
202423203
202558544

Mənbə: Dövlət Əmək Müfəttişliyi Xidməti

İdarə və müssisələrdə əmək qanunvericiliyinin icrasına ictimai nəzarəti həmkarlar ittifaqı, dövlət nəzarətini isə Dövlət Əmək Müfəttişliyi Xidməti xəyata keçirir. Hüquq müdafiəçisi Mirvari Qəhəmanlı bildirir ki, həmkarlar təşkilatının müstəqil olmaması və Dövlət Əmək Müfəttişliyi Xidmətinin monitorinqləri dayandırması buna mane olur.

“Dövlət Əmək Müfəttişliyi Xidməti vaxtaşırı idarə və müəssisələrdə monitorinq aparmalı və ədalətli araşdırma mövqeyi tutmalıdır, mütəmadi olaraq işçilərin şəraitləri ilə tanış olmalıdır. Bir neçə il bundan qabaq Əmək Müfəttişliyinin idarə və müəssisələrdə yoxlamalara getməsi saxlanılıb”, – deyə Mirvari Qəhrəmanlı vurğulayıb.

Hüquq müdafiəçisi bildirib ki, Dövlət Əmək Müfəttişliyi Xidməti öz funksiyasını iş yerində hansısa bir vəziyyət, hər hansı bir faciə, hadisə baş verdiyi zaman yerinə yetirir. 

“Bu halda da, əgər idarə və müəssisələr bununla əlaqədar xidmətə xəbər verir və onlar da yalnız öz rəyini bildirə bilir”, – deyə, o, bildirib.

Dövlət Əmək Müfəttişliyi Xidmətindən Qəzetçi-yə bildirib ki, istehsalatda bədbəxt hadisə baş verdikdə onun ağırlıq dərəcəsindən asılı olmayaraq, işəgötürən hadisənin araşdırılması üçün dərhal və həmin gün əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqana məlumat verməyə borcludur. Qurumdan deyilib ki, iş prosesində qəza hadisəsi ilə bağlı DƏMX-a məlumat verilmədikdə işəgötürənin müvafiq inzibati cərimələrlə üzləşə bilər. 

Müstəqil Həmkarlar İctimai Birliyinin sədr müavini Əhməd Rəhmanov Qəzetçi-yə bildirib ki, Novruz Qəmbərovun başına gələn hadisədə həm Əmək Müfəttişliyi, həm də Həmkarlar İttifaqı məsuliyyət daşıyıb. Onun sözlərinə görə, qəzadan sonra həmkarlar ittifaqı Novruz Qəmbərovla əlaqə saxlamalı və hadisə yerində protokol tərtib etməli idi.

“Protokol hazırlanmalı idi hadisə iş vaxtı olub və həmin protokolda göstərilməlidir ki, kim olub, cavabdeh kimdir, kim görüb. Yəni bu barədə adi bir cinayət işində necə bir protokol tərtib olunubsa, o formada bir protokol tərtib olunmalı idi”.

Qanunvericiliyə görə, mülkiyyət formasından asılı olmayaraq, işəgötürən həmkarlar ittifaqının üzvü olan işçilərin əmək haqlarından həmkarlar ittifaqına üzvlük haqlarının mühasibatlıq vasitəsilə tutulmasını təmin edir. Həmkarlar ittifaqına üzvlük əməkhaqqı fondunun 2 faizi həcmində həyata keçirilir. Novruz Qəmbərovun sözlərinə görə, həmkarlar İttifaqı qəzadan sonra ona dəstək olmayıb.

“Həmkarlar İttifaqı mənə nə məsləhət verib, nə də yol göstərib. Əksinə onlar çalışırdılar ki, məsələni ört-basdır eləsinlər, gizlətsinlər. Çalışırdılar ki, “Azəriqaz”a minus gəlməsin. İşlədiyim 17 il ərzində də komitəyə hər ay maaşımdan 2 faiz pul ödəmişəm. Mən işdən çıxanda 300 manatlıq telefonu komitə mənə hədiyyə olaraq verdi. Vəssalam”, – o, deyib. 

Əhməd Rəhmanov bildirir ki, hazırda həmkarlar komitələri işçilərin ödədiyi vəsaiti yığmaqla işlərini bitmiş hesab edirlər və nəticədə müəssisələrdə ictimai nəzarət itir. 

“”Həmkarlar İttifaqı haqqında” Qanunun 11-ci maddəsində göstərilir ki, Həmkarlar İttifaqı üzvü olduğu hər bir şəxsin əmək hüququ ilə bağlı onun təkcə istirahəti yox, işçinin əmək hüquqi ilə bağlı qanunvericilikdə göstərilən bütün addımları atmalıdır. Məhkəmə prosesi, tətillər də daxil olmaqla işçinin yanında olmalıdır. Həmkarlar ittifaqı Novruz Qəmbərovun əlindən tutmalı və ona əziyyət çəkməyə imkan verməməli idi. Çünki işçi hər ay buna görə həmkarlar komitəsinə pul ödəyir”. 

Əhməd Rəhmanovun sözlərinə görə, hazırda Dövlət Əmək Müfəttişliyi Xidmətinin “bir nəzarəti var, o da sənədlərə olan nəzarətdir”. 

“Yəni ki, onlar özləri yerlərdə gedib hansısa bir yoxlama aparmırlar, eləmirlər. Sadəcə, onlara hansısa bir şikayət gələndə şikayəti göndərir müəssisəyə ki, səndən şikayət gəlib, sən bilən bu necədir. Müəssisə də kağız hər şeyə dözür deyə istədiyini yazır sənədə göndərir onlara”, – Əhməd Rəhmanov deyir. 

Mirvari Qəhrəmanlı isə əlavə edir ki, istehsalatda bədbəxt hadisələrə görə məsuliyyət daşıyan şəxslər cəzalandırılmır. O bildirir ki, təşkilatın əvvəlki sorğularında idarələrdə baş verən ölüm və xəsarət halları onlara adbaad təqdim olunduğu halda, indi sadəcə statistika açıqlanır.

“Bu məsələdə kimlərin məsuliyyətə cəlb olunması və cəzalandırılması ilə bağlı sualların cavabları isə boş qalır. Bu hal göstərir ki, işəgötürən Əmək Müfəttişliyi tərəfindən cəzalandırılmır”, – deyə hüquq müdafiəçisi vurğulayır. 

Artıq 4 ildən çoxdur ki, işdə aldığı qəza nəticəsində sağlamlığında ciddi problemlər yaranan Novruz Qəmbərov kompensasiya almaq əvəzinə müxtəlif bəhanələrlə üzləşdiyini deyir. Onun sözlərinə görə, pensiyasındakı artım da cəmi 24 manat olub: “Hazırda 824 manat pensiya alıram. Pensiyaya çıxanda da Dost Xidmətinə getdim onda da 24 manat əlavə elədilər. Dedim, mən pensiyaya çıxıram, 24 manat nə puldur ki?”

Ona cavab olaraq sığorta büdcəsində 48 min manat olduğu, bunu 42 min manatının zərərli iş şəraitinə görə yığıldığı bildirilib. 

“2023-cü ildən bəri mənim 6 min manat büdcəmə pul yığıldığı, bu məbləğin də  hesablanıb aya 24 manat düşdüyü deyildi. Dedim ki, mən qocalığa görə çıxıram, 24 manat əlavədir, bu nəsə düzgün olmadı, dedilər ki, belədir. Bu cür hesablanıb. Mən də heç nə sübut eləyə bilmirəm. Hesablamadan da başım çıxmır, hüquqdan da başım çıxmır, sakitcə gəldim evə” – deyə Novruz Qəmbərov bildirib. 

Dövlət Əmək Müfəttişliyi Xidmətindən Qəzetçi-yə 2025-ci il ərzində istehsalatda baş verən bədbəxt hadisələr zamanı məlumat verilməməsinə görə inzibati məsuliyyətə cəlb edilən şirkətlərin olduğunu bildirilsə də, onların adları açıqlanmayıb. 

Xidmətin məlumatına görə, ötən il əməyin mühafizəsi qaydalarının pozulmasına görə 13, sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraitinin təmin olunmamasına görə 1, istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması və uçota alınması qaydalarının pozulmasına görə 26 iş Dövlət Əmək Müfəttişliyi Xidmətinin lehinə yekunlaşıb. 

Novruz Qəmbərov isə 4 il əvvəl başına gələn qəza ilə bağlı məhkəməyə müraciət edəcəyini, pozulan hüquqlarının bərpasına çalışacağını deyir.