SOCAR İtaliya milli futbol komandalarının sponsoru oldu

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) İtaliyanın kişi və qadın milli futbol komandalarına 4 il müddətinə sponsorluq edəcək. Dövlət Neft Şirkətini yaydığı məlumata görə, bununla bağlı İtaliya Futbol Federasiyası (FIGC) ilə SOCAR arasında strateji əməkdaşlıq haqqında müqavilə imzalanıb. 

Müqaviləyə əsasən, SOCAR 2027-ci il yanvarın 1-dən 2030-cu il dekabrın 31-dək İtaliyanın kişi və qadın milli futbol komandalarının Baş Qlobal Enerji Sponsoru olacaq. Tərəfdaşlığın 2032-ci ilədək əlavə iki il uzadılması imkanı da nəzərdə tutulur.

Müqavilə Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində FIGC prezidenti Giovanni Malago və SOCAR prezidenti Rövşən Nəcəf tərəfindən imzalanıb.

İtaliyanın “La Gazzetta dello Sport” nəşri bu barədə yazır ki, İtaliya milli futbol komandalarının hazırkı sponsoru “Eni” şirkəti ilə müqavilənin müddəti 2026-cı ilin sonunda başa çatır. Məqalədə SOCAR-la bağlanan yeni müqavilənin şərtlərinin “Eni” ilə qüvvədə olan razılaşmadan daha əlverişli olduğu qeyd edilir.

“Bu saziş SOCAR-ın İtaliyadakı mövcudluğunu möhkəmləndirir və şirkətin İtaliya futbolunun inkişafını uzunmüddətli perspektivdə dəstəkləmək niyyətini təsdiqləyir”, – deyə nəşrdə vurğulanır.

Qeyd edək ki, SOCAR İtaliyanın “Eni S.p.A.” şirkəti ilə enerji sahəsində əməkdaşlığa başlayıb. Belə ki, SOCAR bu ilin sentyabrında “Eni”nin Afrikanın Kot-d’İvuar dövlətində yerləşən “Baleine” neft-qaz yatağında 10 faiz pay əldə edib.

Bundan əlavə, 2026-cı ildə SOCAR İtaliyanın əsas enerji şirkətlərindən biri və ölkənin yanacaq pərakəndə satış sektorunda ən tanınmış brendlərindən birinin sahibi olan Italiana Petroli (IP) şirkətini də 3 milyard dollardan çox məbləğə satın alıb.

Xatırladaq ki, SOCAR-ın sponsorluq etdiyi xarici futbol klubları arasında indiyədək Türkiyə və İspaniya klublarının da adı keçib. 2023-cü ildə şirkət “Galatasaray” klubu ilə sponsorluq müqaviləsi imzalayıb. Müqaviləyə əsasən, əvvəlcə 3 il müddətinə nəzərdə tutulan əməkdaşlıq daha sonra 2026-cı ilin sonunadək uzadılıb. SOCAR klubun Avropa kuboku oyunlarında forma sinə, habelə enerji sponsoru olub.

Hökumətyönlü media olan “Report”un yazdığına görə, SOCAR, Türkiyənin “Galatasaray” klubu ilə 2023-2024-cü illər mövsümündən başlayan 3 illik sponsorluq müqaviləsinin ümumi dəyəri 15 milyon avro olub. Həmçinin klubun rəsmi hesabatlarına əsasən, SOCAR avro ilə ən çox gəlir gətirən sponsor qismində birinci yerdə qərarlaşıb.

Şirkətin Türkiyədəki digər futbol əməkdaşlığı isə “Iğdır Futbol” klubu ilə bağlıdır. 2024-cü ildə tərəflər arasında bağlanan müqavilənin müddəti 2027-ci ilədək uzadılsa da, müqavilənin dəyəri ilə bağlı məlumat ictimaiyyətə açıqlanmayıb. SOCAR Türkiyənin adıçəkilən klubunun köynək sponsoru olub. 

Bununla yanaşı, SOCAR 2013-2014-cü illərdə İspaniyanın “Atletico Madrid” klubunun da sponsorları arasında yer alıb. “The Guardian”ın 2014-cü ildə yazdığına görə, İspaniya klubunun sponsorluğuna Azərbaycan 12 milyon avro xərcləyib. Belə ki, 2013-cü ilin yanvar ayında başlayan və bir mövsüm yarım il müddətinə bağlanan ilkin sponsorluq müqaviləsinə təkcə köynəklərdə ölkənin reklamı deyil, eləcə də “Atletiko Madrid” komandasının və məşqçi heyətinin Azərbaycana səfər xərcləri də daxil olub.