“Toplum TV” işi üzrə 14 il müddətinə azadlıqdan məhrum edilən media mütəxəssisi Ələsgər Məmmədli 1 saylı Bakı İstintaq Təcridxanasında qidadan zəhərlənib.
“Dondurucuda olmayan qidanı qəbul edib ki, o da soba yeməklərindən biri olub və yemək xarab olubmuş”, – deyə həyat yoldaşı Günay Məmmədli Qəzetçi-yə bildirib.
Günay Məmmədli deyib ki, məhbus sayı çox olduğundan qidaların hamısını soyuducunun dondurucusunda saxlamaq olmur.
Soyuducuların təcridxananın dəhlizlərində saxlandığını deyən Günay Məmmədli deyib ki, həbsxanaya əlavə soyuducu aparmaq istəsə də, həyat yoldaşı bununla razılaşmayıb.
“Əlsəgər Məmmədli dedi ki, gətirsəniz də onsuz da otağa qoymayacaqlar”, – deyə Günay Məmmədli əlavə edib.
Günay Məmmədli qeyd edib ki, qanunla təcridxana məhbuslara ərzaq verməlidir. Amma Ələsgər Məmmədli keyfiyyətsiz olduğu üçün heç vaxt oradan ərzaq almır.
Avqusun 16-da Ələsgər Məmmədlinin telefon danışığı zamanı ürəyindəki ağrılardan yenə şikayət etdiyini deyən Günay Məmmədli bildirdi ki, həyat yoldaşı lazımi tibbi yoxlamalarla hələ də təmin olunmayıb.
“Ürək üçün əlavə analiz götürmək lazımdır, çünki oradakı səbəbi kardioqramma göstərməyə bilər. Mən həkimlərdən də öyrəndim ki, sakit halda götürülən kardioqrammada da heç nə çıxmaya bilir. Onun da növləri var. Ondan sadəcə həkimdən öncə ümumi olaraq analiz götürüblər, amma ürək həkimi ona avqustun 14-də deyəndən sonra da heç bir həkim gəlib analiz götürməyib”.
Avqustun 17-də Abzas Media məlumat paylaşaraq Ülvi Həsənlinin saxlanıldığı 10 saylı Cəzaçəkmə Müəssisəsində lazımi tıbbi yardımla təmin olunmadığını bildirib. Nəşrin yazdığına görə, tibb məntəqəsinin rəisi İlqar Paşayev Ülvi Həsənliyə lazımi tibbi yardımı göstərmir, ona ehtiyacı olan dərman preparatları verilmir.
“Ülvi xəstəliyinə uyğun dərman tələb etdikdə isə İlqar Paşayev ona “pulunu ver, al” deyir”.
Bundan başqa, Lənkəranda saxlanılan Abzas Medianın əməkdaşı Nərgiz Absalamovanın da yanvar ayından bəri MRT müayinəsindən keçirilmədiyi deyilir.
Avqustun 15-də Azərbaycan Xalq Cəbhəsinin üzvü Səadət Cahangir yazır ki, AXCP-nin Təşkilat şöbəsinin üzvü, dələduzluq ittihamı ilə 2024-cü ildə beş il müddətinə həbs olunan Elxan Əliyev “Neftçilər” xəstəxanasında ürəyindən anju olunub.
“Elxan Əliyev neçə vaxtdır səhhətindəki ciddi problemlərdən şikayətlənirdi. Bu haqda dəfələrlə yazsaq da, həbsxana şəraitindəki laqeydlik və bürokratik əngəllər onun müalicə müsəssisəsinə köçürülməsinə imkan vermirdi”, – deyə onun partiyadaşı Səadət Cahangir yazıb.
Səadət Cahangirin sözlərinə görə, yoxlama nəticəsində Elxan Əliyevin bir müddət öncə infarkt keçirdiyi məlum olub.
“Həkimlər onun durumunun ciddi olduğunu və yaxın müddətdə açıq ürək əməliyyatı keçirməli olduğunu bildiriblər. Göründüyü kimi, Azərbaycan hakimiyyəti siyasi məhbuslarla əsir kimi davranır və bunun ağır fəsadları özünü göstərməkdədir”, – deyə Səadət Cahangir vurğulayıb.
Daha bir məhbus ailəsi sosial mediada ailə üzvünün tibbi xidmətlə təmin olunmadığını yazıb.
Xələc qəsəbəsində yerləşən 5 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan AXCP fəalı Rahil Quliyevin səhhətində problem yarandığı bildirilir. Onun qardaşı Elnur Quliyev sosial media hesabında yazıb ki, həbsxana rəhbərliyi mədə ağrısından əziyyət çəkən qardaşının müalicə olunmasının qarşısını alır.
“Onun mədəsində güclü ağrılar müşahidə olunur. Lakin müəssisənin rəhbərliyi bildirir ki, heç bir tibbi yardım göstərməyəcək və Rahilin müalicə olunmasına imkan verməyəcək”, – məhbus fəalın qardaşı bildirib.
Rahil Quliyevin həbsxanada qeyri-insani rəftara məruz qaldığını deyən qardaşı onun ailəsi ilə telefon danışıqlarına da məhdudiyyət qoyulduğunu bildirib:
“Bu, ciddi insan haqları pozuntusudur və dərhal araşdırılmalıdır”, – deyə qardaşı əlavə edib.
Elnur Quliyev hesab edir ki, qardaşı siyasi məhbus olduğuna görə həbsxana rəhbərliyi onu müalicəsinin qarşısını almaqla və ailəsi ilə ünsiyyətini məhdudlaşdırmaqla cəzalandırır.
AXCP-nin Qaradağ rayon təşkilatının üzvü Rahil Quliyev 2025-ci il mayın 6-da 30 sutka müddətinə inzibati həbsdən çıxdıqdan bir gün sonra – mayın 7-də yenidən saxlanılıb.
Rahil Quliyev külli miqdarda narkotik maddə saxlamaqda ittiham edilib və 2025-ci ilin oktyabrında Qaradağ Rayon Məhkəməsinin qərarı ilə 3 il müddətinə azadlıqdan məhrum edilib.
AXCP Rahil Quliyevə qarşı irəli sürülən ittihamları qəbul etməyib, həbsinin siyasi motivli olduğunu bəyan edib.
Cəzaçəkmə müəssisələrində siyasi motivlə həbs olunan məhbuslara tibbi yardımın göstərilməməsilə bağlı Ədliyyə Nazirliyi yanında Penitensiar Xidmətin mətbuat xidməti ilə əlaqə saxlasaq da, zənglərə cavab verilməyib.
