Girne məhkəməsində 9 nəfərin ölümü və 19 nəfərin itkin düşməsi ilə nəticələn gəmi qəzasına görə saxlanılan doqquz nəfərin üçü Azərbaycan vətəndaşıdır.
Sentyabrın 3-də “Filo Taşımacılık” şirkətinə aid sərnişin gəmisinin batması ilə bağlı keçirilən məhkəmə prosesində saxlanılanlar barəsində səkkiz gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Türkiyə mediası avqustun 30-da Şimali Kiprin Türkiyəyə aid Girne sahillərində 267 nəfəri daşıyan gəminin texniki nasazlıq səbəbindən batdığını yazıb.
Açılan cinayət işində istintaq çərçivəsində saxlanılan gəmi heyətinin üzvləri – 28 yaşlı Valeh Hümbətov, 20 yaşlı Rəşad İbrahimov və 22 yaşlı Qədir Quliyev Azərbaycan vətəndaşlarıdırlar.
Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin rəhbəri Orxan Həsənoğlu hökumətyönlü media olan “Report”a bildirib ki, Azərbaycan vətəndaşları gəmi heyətinin texniki personalı olub.
“Bu gün ikinci hazırlıq məhkəməsi keçirilib. Ancaq qəza baş verməsi ilə bağlı məhkəmə qərarvermə mərhələsində deyil. Bizim vətəndaşlarımız, yüksək səlahiyyət sahibi deyildilər ki, bu qəzanın baş verməsi və ya baş verməməsi ilə bağlı qərar qəbul eləsinlər”, – deyə Orxan Həsənoğlu deyib.
Onun sözlərinə görə, məhkəmənin ilkin iclasında onlar haqda həbs-qətimkan tədbirinin seçilməsi gəmi personalının günahkar olması mənasına gəlməməlidir.
Orxan Həsənoğlu bildirib ki, polis hadisənin iştirakçıları – sərnişinlər, gəmi limanındakı personal da daxil olmaqla son üç gün ərzində yüzə yaxın şəxsdən izahat alıb və istintaq hələ də davam edir.
Onun sözlərinə görə, Azərbaycan vətəndaşları öz həyatlarını riskə ataraq qəza vəziyyətində sərnişinlərin xilas olmasına kömək ediblər.
“Bizim vətəndaşlarımız barəsində cinayət tərkibli materiallar yoxdur. Onlar tamamilə humanizm prinsipləri ilə orada insanlara yardımçı olublar, xilas etməyə çalışıblar. Onlar gəmini ilk tərk edənlərdən olmayıblar. Gəminin kapitanı və köməkçisi gəmini tərk edib, mülki şəxslərin gətirdiyi qayıqlara minib uzaqlaşdığı halda, bizim vətəndaşlarımız öz həyatlarını riskə ataraq, insanlara qayğı göstərərək maksimum yardım etməyə çalışıblar”, – Orxan Həsənoğlu vurğulayıb.
Sosial mediada yayılan görüntülərdə də Türkiyə vətəndaşları onları Azərbaycandan olan gəmi personalı üzvünün xilas etdiyini deyir.
“Filo Dənizçilik”nin hadisədən sonra yaydığı bəyanatda deyilir ki, şirkətin bütün əməkdaşları hadisənin təsirini azaltmaq üçün yüksək hazırlıq vəziyyətində çalışır.
“Bütün sərnişin müraciətləri, o cümlədən sağlamlıq problemləri, itirilmiş və ya zədələnmiş baqaj və uçuş təşkili ilə bağlı sorğular diqqətlə qeydə alınır və izlənilir”, – deyə bəyanatda deyilir.
Türkiyə mediası gəmi heyətinin istintaq zamanı dəniz daşımaçılığı ilə bağlı yetərli bilik və təcrübəyə malik olmadığını yazıb.
Orxan Həsənoğlu isə deyir ki, Türkiyədəki vəkillərin Azərbaycan vətəndaşlarının xeyrinə olan video materialları, çəkilişləri, sərnişinlərin ifadələrinə əsaslanan materialları maksimum şəkildə məhkəməyə təqdim etməyə çalışırlar.
“Növbəti iclas gününə qədər biz maksimum materialları toplamağa çalışacağıq”, – deyə o, vurğulayıb.
“Qəzetci” “Filo Dənizçilik” şirkətindən Azərbaycan vətəndaşlarına göstərilən hüquqi xidmət və onlar haqqında səsələndirilən iddialarla bağlı material dərc oluanana qədər cavab ala bilməyib.
