Prezident İlham Əliyevin keçmiş kürəkəni Emin Ağalarovla İsrailin “Makkabi Netanya” futbol klubu arasında sponsorluq razılaşması son günlərdə ictimailəşdirilsə də, əslində, müqavilə bir il əvvəl imzalanıb.
2025-ci il avqustun 17-də klubun rəsmi sosial media hesablarında yayılan məlumatda yeni sponsorun Azərbaycanda istirahət layihələrinin təşəbbüskarı və marketinqi ilə məşğul olan “Sea Breeze Resort and Residences” şirkətinin olduğu bildirilib.
Müqavilə imzalanan tarixdə İsrail Qəzzanı bombalamaqda davam etdirirdi. “The Guardian” avqustun 17-də İsrailin Silahlı Qüvvələrinin Qəzzada aclıq və dərman çatışmazlığından əziyyət çəkən bir milyon fələstinlini məcburi şəkildə köçürməyi planlaşdırdığını yazırdı. Müharibə dövründə İsrailin Azərbaycan Dövlət Neft Şirkətindən aldığı yanacaqla Qəzada mülki insan təlafatına və dağıntılara töhvə verdiyi tənqid olunurdu.
“Makkabi Netanya”nın həmin tarixdə yaydığı açıqlamada tərəfdaşlıq müqaviləsinin klub üçün mühüm addım və əhəmiyyətli beynəlxalq əlaqənini simvolizə etdiyi bildirilirdi. Klubun sahibi olan “Aliya Capital Partners” şirkətinin rəhbəri Ross Kastin qeyd edib ki, “Sea Breeze Resort & Residences”dəki tərəfdaşları ilə əməkdaşlıq onlar üçün yeni və həyəcanverici mərhələni simvolizə edir.
“Sea Breeze” şirkətinin tərəfdaşı və təsisçilərindən biri Arad Tabakul isə deyib ki, “Daşınmaz əmlak, turizm və istirahət sahəsində fəaliyyət göstərən beynəlxalq şirkət kimi, “Makkabi Netanya” ilə tərəfdaşlıq həm də İsraillə Azərbaycandakı layihələr arasında əlaqə yaratmaq imkanıdır”.
1934-cü ildə Netanya şəhərində yaradılan “Makkabi Netanya” İsrailin köklü klublarından biri hesab olunur. 13 min 600 tamaşaçı tutumu olan Netanya stadionuna sahib olan klub 5 dəfə İsrail çempionu, bir dəfə ölkə kubokunu qazanıb.
Bir neçə dəfə Liqa Kubokunu və yerli turnirlərin qalibi olan “Makkabi Netanya” hazırda ölkə çempionatında 7-ci pillədə qərarlaşıb. Klub müxtəlif illərdə UEFA Avropa Liqası, UEFA Konfrans Liqası, UEFA İntertoto Kuboku yarışlarında iştirak edib.
Azərbaycanın Xalq Artisti adına layiq görülən Emin Ağalarovun biznesi üçün Azərbaycanda xüsusi şərait yaradılıb. Xəzər dənizində adalar inşa etmək, kazino fəaliyyəti üçün lisenziyalar yalnız Ağalarova məxsus şirkətə verilib. Baş nazir Əli Əsədovun 15 aprel 2026-cı il tarixində imzaladığı sərəncamla Xəzər dənizinin su akvatoriyasında 55 hektar torpaq sahəsi ayrılıb. Ümumilikdə “Sea Breeze” üçün 500 hektar ərazi ayrılıb.
Emin Ağalarov Rusiya mediasına verdiyi müsahibəsində “Sea Breeze” layihəsinin Rusiya sərhədinə qədər uzana biləcəyini bildirmişdi.
