Azərbaycan ərazisində bloklanan bir sıra İran xəbər saytlarına giriş bərpa edilib. Qəzetçi-yə Bakıdakı mənbələrdən daxil olan məlumata görə, əvvəllər yalnız VPN vasitəsilə giriş mümkün olan İranın “Mehr”, “Tasnim” və “IRIB” xəbər agentliklərinin saytlarına sentyabrın 30-dan sərbəst giriş etmək mümkün olub.
Azərbaycan hakimiyyəti tərəfindən sərt tənqid edilən “Səhər Azəri” telekanalının saytına qoyulmuş blok isə aradan qaldırılmayıb. Qəzetçi-nin əməkdaşları Azərbaycandan “Mehr”, “Tasnim” və “IRIB”ə girişin mümkünlüyünü yoxlayıblar və məlumatın təstiqini tapdığını müəyyənləşdiriblər.
Azərbaycanda İran saytlarının bloklanması barədə rəsmi məlumat verilməyib. Lakin ötən ildən etibarən İranla Azərbaycan arasında gərginlik fonunda qarşılıqlı olaraq bəzi media qurumları “düşmən” elan edilib.
İranın Kəşfiyyat Nazirliyinin Azərbaycanın bir sıra media qurumlarını, o cümlədən Azərbaycanın dövlət televiziyası olan AzTV-ni “düşmən media qurumları” siyahısına daxil etməsi rəsmi Bakının sərt reaksiyası ilə qarşılanıb.
2026-cı ilin iyulunda Medianın İnkişafı Agentliyi (MEDİA) bəyanat yayaraq İranın Xarici Kəşfiyyat Nazirliyinin Azərbaycanın media qurumlarını hədəfə almasına və həmin qurumların əməkdaşlarını cinayət məsuliyyəti ilə hədələməsinə etiraz edib. MEDİA-nın bəyanatında həmçinin Azərbaycanın əleyhinə fəaliyyətdə ittiham olunan İranın rəsmi media qurumlarının ölkə ərazisində fəaliyyətləri qanunsuz elan edilib.
“Azərbaycan Respublikasının milli maraqlarına zidd fəaliyyət göstərən, ölkəmizin suverenliyi, konstitusiya quruluşu, ərazi bütövlüyü və milli təhlükəsizliyi əleyhinə təbliğat aparan media subyektlərinin – “Səhər” telekanalı və “Mehr” xəbər agentliyinin, həmçinin bu subyektlərin nümayəndələrinin Azərbaycan Respublikası ərazisində fəaliyyəti qanunsuz hesab edilir”, – deyə bəyanatda bildirilirdi.
İran saytlarına qoyulan qadağanın aradan qaldırılması Baş nazirin müavini Şahin Mustafayevin sentyabrın 30-da İrana səfərindən sonraya təsadüf edir. Şahin Mustafayev Prezident Məsud Pezeşkianla yanaşı, bir sıra dövlət rəsmiləri ilə, o cümlədən İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi, general Möhsün Rzai ilə görüşüb.
Təhlükəsizlik katibi ilə görüşdə ABŞ-ın İrana hücumu məsələsi müzakirə edilib, Şahin Mustafayev isə Azərbaycan ərazisindən İrana qarşı istifadə edilməsi ilə bağlı iddiaları təkzib edib. Görüşün detalları ilə bağlı ictimaiyyətə məlumat verilməyib.
Müəllif: Əfqan Muxtarlı
