Sabirabad rayonunun Yolçubəyli kəndində və Gəncə şəhərində yerləşən 24 saylı orta məktəbdə hicablı şagirdlərin məktəbə buraxılmadığı deyilir. Bu məlumatı oktyabrın 1-də insan haqları müdafiəçisi, jurnalist Arzu Abdulla sosial media hesabında yayıb.
Onun bildirdiyinə görə, Yolçubəyli kəndindəki orta məktəbin direktoru Kənan Ələsgərli sentyabrın 30-da hicablı şagirdlərə “gələn həftədən ya hicabınızı açın gəlin, ya da ərizə yazıb, məktəbdən çıxın” deyib.
“Bu məlumatı bir həftədir araşdırıram. Və direktorun məktəbdəki iki hicablı şagirdə hicab qadağası qoyduğunu hətta müəllimlərdən bir neçəsi təsdiqlədi. Onlar işlərini itirməmək üçün anonimliyin qorunmasını xahiş etdilər”, – deyə Arzu Abdulla yazıb.
Onun bildirdiyinə görə, məktəbin direktoru Kənan Ələsgərli valideynlərə bu göstərişin Elm və Təhsil Nazirliyindən (ETN) gəldiyini deyib. Arzu Abdulla yazır ki, bu qadağadan sonra məktəbin 9 -cu sinif şagirdi Səkinə Ələsgərli hicablı olduğuna görə 3 gün dərsə getməyib.
“[Direktor]Səkinə Ələsgərlinin hicabı açması üçün [şagirdin] anasına sinif rəhbəri vasitəsilə xəbər göndərib ki, yuxarıdan yoxlama gəlir və hər dəfə məktəbdə hicablı sagird görəndə mənə [direktora] hicabı açdırmağı əmr edib, gedirlər. Şagirdin anası da ona bildirib ki, qızı bu təzyiqlərdən çox sarsılıb”, – Arzu Abdulla paylaşımlarından birində cavab olaraq yazıb.
Jurnalistin yazdıqlarına münasibət bildirən məktəb direktoru Kənan Ələsgərli xəbəri təkzib edərək deyilənləri iftira adlandırıb. Onun sözlərinə görə, bu iddia direktora “qarşı mənfi fikri olan” şəxslər tərəfindən yayılıb.
“Sabirabad rayonunda, o cümlədən digər rayonlardan kifayət qədər məni yaxından tanıyan şəxslər var, onlardan soruşsunlar necə olmağımızı” yazan direktor qeyd edib ki, o özü də ibadətlə məşğuldur.
Arzu Abdullanın ikinci paylaşımına münasibət bildirən Kənan Əsgərli bu məlumatı ötürən şəxslə bağlı araşdırma aparıldığını vurğulayıb. Araşdırmanı hansı qurumun etdiyini isə bildirməyib. Qəzetçi bu iddialarla bağlı ETN ilə əlaqə saxlasa da material dərc oluanana qədər suallara cavab ala bilməyib.
Arzu Abdullanın növbəti paylaşımı Gəncə şəhərindəki 24 saylı orta məktəbin direktoru Abdulla Kərimovla bağlı olub. Onun hicablı məktəblilərə “hicabın üstündən parik taxın, ya da rədd olun başqa məktəblərə” dediyini bildirib.
“Gəncə şəhər 24 saylı orta məktəbin direktoru Abdulla Kərimov qış aylarından başlayaraq hicablı şagirdlərə zülm edir. Şagirdlərin valideyinləri bildirir ki, o, bir-neçə şagirdin hicabinı zorakılıqla açması ilə öyünür”, – deyə jurnalist vurğulayıb.
Arzu Abdulla qeyd edir ki, direktorun təzyiqlərindən sonra bir- neçə şagird hicabını açıb. Vaideynlər jurnalistə bildirib ki, direktorun davamlı təzyiqlərindən sonra uşaqların bəziləri məktəbdən çıxıb, bəziləri isə süni saç taxmağa razı olub.
“Ancaq buna baxmayaraq direktor onları da bir müddət sonra toplum içində “bu nə geyimdir belə, bura məktəbdir, podium deyil, rədd olun burdan” deyib, təhqir edib”, yazır Arzu Abdulla. Onun bildirdiyinə görə, məktəbdə təhsil alan hicablı şagirdlərə təzyiqlər davam edir.
“Deyir ki, bir həftə vaxtınız var, məktəbi tərk edin, ya məktəb, ya hicab. Hicablı şagirdlərin valideynləri də, özləri də hər gün gərginlik yaşayır. Hicablı şagirdlərin valideynləri etiraz edəndə onları təhqir edir və polislə təhdid edir, işdən çıxartdıracağını, əlinin hər yerə çatdığını deyir”, Arzu Abdulla qeyd edib.
Onun yazdığına görə, Abdulla Kərimov da hicab qadağasının nazirliyin göstərişi olduğunu iddia edib. Nazirlik isə gün ərzində bu iddiaları nə təkzib, nə də təsdiq edib.
Şagirdlərin orta məktəblərdə hicabla gəlməsinə qadağa Nazirlər Kabinetinin sentyabrın 21-də “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”ndə dəyişiklik edilməsi haqqında qərarından sonra qoyulub. Qərara əlavə edilən dəyişikliyin birində deyilir ki, təhsilalanların müəyyən edilmiş geyim formasının vahidliyini pozan, habelə ümumi
təhsilin dünyəvilik prinsipinə uyğun olmayan digər geyim elementlərindən istifadə edilməsinə yol
verilmir.
“Bu məsələ, təbii ki, vicdan azadlığı ilə bağlı məsələni qaldırır, çünki Azərbaycan Konstitusiyasının 48-ci maddəsinə görə, hər kəsin öz dini etiqadını və əqidəsini ifadə etmək hüququ var və Azərbaycan dövləti hər kəsin vicdan azadlığına təminat verir. Bu cümlədən 42-ci maddəyə görə, hər kəsin təhsil hüququ var və hər bir vətəndaşın təhsil almaq hüququ dövlət tərəfindən təmin edilir”, – Yalçın İmanov Qəzetçi-yə şərhində deyib.
O bildirib ki, “Dini Etiqad Azadlığı Haqqında” Qanuna görə, valideynlər və digər qanuni nümayəndələr qarşılıqlı razılıq əsasında uşaqları özlərinin dini əqidəsinə və dini münasibətinə müvafiq olaraq tərbiyə edə bilərlər.
“Belə ki, burada uşaqların etiqad etməyə məcbur edilməsi qadağan olunur və uşaqların dini tərbiyəsi onların fiziki və psixi sağlamlığına mənfi təsir göstərməməlidir. Yəni burada həm qanuni əsaslar var, həm də ki, valideynlər də uşaqlarını dini etiqadlarına uyğun tərbiyə edə bilərlər”, – hüquqşünas vurğilayıb.
Azərbaycanın 2002-ci ildə ratifikasiya etdiyi Avropa İnsan Haqları Komissiyasının 9-cu maddəsinə görə də hər kəsin fikir, vicdan və din azadlığı hüququ təmin olunur. Hüquqşünas qeyd edir ki, bu hüquq mütləq hüquq deyilvə demokratik cəmiyyətdə zəruri olan məhdudiyyətlərə məruz qala bilir.
“Avropa Məhkəməsi belə hallard adətən pozuntunu tanımır və dövlətin bütün dini və etiqad azalıqlarına münasibətdə neytral mövqedən çıxış edir. Və bu dövlət təhsil müəssisidirsə artıq burada dövlətin həmin təhsil müəssisinin neytrallığı mövqeyi önə çəkilir. Yəni Avropa Məhkəməsi 9-cu maddəyə müdaxilə olduğunu qəbul eləsə də, müdaxilənin qanuna nəzərdə tutulduğunu qeyd eləsə də, pozuntunun olmadığı nəticəsində gəlir”, – İmanov bildirib.
Onun fikrincə, əhalisinin böyük əksəriyyəti İslam dininə aid olan bir ölkədə bu cür qərarın qəbul edilməsi geniş ictimai müzakirədən keçməli idi: “Bu müzakirənin nəticəsində hicab qadağasının nə dərəcədə zəruri olub-olmaması və səmərəliliyi ilə bağlı müzakirələr aparılmalı idi. Yalnız bu müzakirələrdən sonra qərar qəbul edilməli idi”.
Yalçın İmanov sonda bildirdi ki, Azərbaycan hakimiyyətinin İslam dini, xüsusən şiə tərəfdarları ilə bağlı vaxtaşırı problemləri ortaya çıxır və bunun da əsas səbəbi etiraz edən, tənqidi mövqe sərgiləyən şiə tərafdarlarını və onun ardıcıllarını zəiflətmək, təqib etmək niyyətindən irəli gəlir.
