Bakı Ağır Cinayətlər Məhkəməsi “Vaqner” qanunsuz silahlı birləşməsində iştirak etməkdə təqsirləndirilən Yevlax sakini barədə hökm çıxarıb. Qəzetçi-nin əldə etdiyi məhkəmə hökmündə qeyd olunur ki, təqsirləndirilən şəxs Real Nəbiyev 2022–2023-cü illərdə Rusiya ərazisindən keçərək Ukraynanın Donetsk vilayətinin Bahmut şəhərində “Vaqner” qruplaşmasının tərkibində döyüşlərdə iştirak edib.
Azərbaycan qanunvericiliyilə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etmə maddələriylə (CM 12.1 və 279.1-ci maddələri) ittihamı elan olunan Nəbiyev Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarıyla 5 il müddətinə azadlıqdan məhrum edilib.
1991-ci ildə Yevlax rayonunda anadan olmuş Real Nəbiyev 3-4 yaşlarında atası ilə birlikdə Rusiyaya köçüb, əvvəl Kazan, sonra isə Samara şəhərində yaşayıb. Bu dövrlərdə Rusiyada “Pepsi” zavodunda fəhlə işləyib.
O bildirib ki, imkanı olmadığına görə heç vaxt ailə qurmayıb. Məhkəmə zamanı İslam dininin sələfi təriqətinə də məhz Rusiyada qoşulduğunu deyib. Məhkəmə hökmündə qeyd olunub ki, Real Nəbiyev ittiham üzrə özünü tam təqsirli bilir.
Onun həbsinə səbəb olan hadisələr isə bu cür cərəyan edib. Nəbiyev 2021-ci ildə Rusiyanın Samara şəhərində polis əməkdaşını döydüyünə görə həbs edilərək 3 il 4 ay müddətinə azadlıqdan məhrum olunub. Nəbiyev bildirib ki, Samara şəhərində cəzaçəkmə müəssisəsində olduğu zaman, 2022-ci ildə “Vaqner” silahlı qruplaşmasının vəzifəli şəxsləri həbsxanaya gələrək məhkumlarla görüş keçiriblər.
Onlar Rusiya-Ukrayna müharibəsində 6 ay, yəni 181 gün iştirak etmək üçün müqavilə imzalamağı təklif edib, qarşılığında isə hər bir məhkuma aylıq 220 min rubl olmaqla (5 min manat) ümumilikdə 1 milyon 458 min rubl (33 min 500 manat ) məbləğində pul, azadlıq, Rusiya Federasiyasının vətəndaşlığı və müxtəlif medallar vəd ediblər.
Real Nəbiyevə müharibədə iştirakın 90 faiz ölüm, 10 faiz sağ qalma ehtimalının olduğunu, cəzasının qalan iki il yarım hissəsindən azad olunacağına və Rusiya vətəndaşlığı veriləcəyinə dair söz verilib. Nəbiyev də daxil olmaqla bir neçə məhkum bu təklifi qəbul edib və o, ümumilikdə 5 ay 15 gün döyüş əməliyyatlarında iştirak edib.
2022-ci ildə müharibədə iştirak etməyə razılaşan məhkumlarla Rostov şəhərinə aparılmaları barədə yazılı müqavilə bağlanıb. Daha sonra Nəbiyev Ukraynanın Luqansk vilayətinə transfer olunub və burada 14 gün müxtəlif hərbi təlimlər keçib. Ardınca Donetsk vilayətinin Bahmut şəhərində döyüş əməliyyatlarına cəlb olunub.
O, 2016-cı ildə Azərbaycanda müddətli həqiqi hərbi xidmət zamanı qumbaraatan olduğu üçün “Vaqner” silahlı qruplaşmasının kəşfiyyat bölməsində də “Telbes” ləqəbi ilə qumbaraatan vəzifəsini icra edib.
Nəbiyev 2023-cü ildə Bahmut şəhərində hücum əməliyyatları zamanı yaralanıb və 3-4 ay xəstəxanada müalicə alıb. Müalicə aldığı müddətdə ona vəd edilən 1 milyon 458 min rubl məbləğində pul verilib və o, silahlı birləşmədən təxris olunub. O, həmçinin “Cəsarətə görə”, “Bahmutun azad olunmasına görə”, “Bahmut ət maşını” və “Platin Ulduz” medalları, eləcə də iki fəxri fərmanla təltif edilib.
İstintaqa ifadə verən Real Nəbiyev bildirib ki, ona vəd edilən Rusiya Federasiyası vətəndaşlığını ala bilməyib. O, Samara şəhərinin Miqrasiya Xidmətinə müraciət etsə də, müxtəlif bəhanələrlə rədd cavabı alıb. Əvvəllər polis əməkdaşını döyməsi əsas gətirilərək miqrantların müvəqqəti saxlanma mərkəzinə göndərilib. Orada 3 ay saxlanıldıqdan sonra 2024-cü il yanvarın 18-də Azərbaycana deportasiya olunub.
O, Azərbaycana qayıdarkən medallarını və fəxri fərmanlarını saxlaması üçün anasına verib. Daha sonra “Vaqner” silahlı qruplaşmasının kuratoruna “WhatsApp” vasitəsilə mesaj yazaraq həmin qruplaşmada döyüşdüyünü, Rusiyadan deportasiya edildiyini bildirib və geri qayıtmasına kömək göstərilməsini xahiş edib.
Nəbiyev cavab ala bilməyəndən sonra “Şturm Z” silahlı qruplaşmasının kuratoruna internetdən əldə etdiyi mobil nömrə vasitəsilə “WhatsApp” üzərindən yazaraq həmin qruplaşmada döyüşmək istədiyini bildirib. O, yenidən Rusiyaya qayıtmasına və vətəndaşlıq almasına kömək göstərilməsini xahiş etsə də, müsbət cavab ala bilməyib.
Məhkəmə hökmündə qeyd olunub ki, təqsirləndirilən şəxs hospitalda müalicə aldığı zaman “Vaqner” nümayəndəsi ona adını xatırlamadığı Afrika ölkəsində bir illik döyüş müqaviləsi təklif edib. O isə həmin vaxt müalicədə olduğu üçün təklifdən imtina edib. Sağaldıqdan sonra yenidən kuratorla əlaqə saxlayaraq döyüşmək istədiyini bildirsə də, geri dönüş almayıb.
Real Nəbiyev bildirib ki, onun əsas məqsədi Rusiya Federasiyasının vətəndaşlığını almaq olub. O, Azərbaycana deportasiya edildikdən bir müddət sonra gəzmək məqsədilə Qırğızıstanın paytaxtı Bişkek şəhərinə gedib. Azərbaycana qayıtdıqdan sonra – 2026-cı ildə Dövlət Təhlükəsizliyi Xidmətinin Terrorçuluğa Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb və barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib, sonra isə məhkum olunub.
Rusiyanın Ukraynaya qarşı apardığı müharibə dövründə öz ərazisində yaşayan qanunsuz miqrantları və xarici vətəndaşları müxtəlif məcburi və aldadıcı üsullarla döyüşlərə cəlb etməsi müxtəlif insan haqları təşkilatları tərəfindən də sənədləşdirilib.
Rusiya ərazisində qanunsuz yaşayan azərbaycanlı miqrantların yaxınları isə Qəzetçi-yə bildiriblər ki, Ukraynada döyüşlərə göndərilməzdən əvvəl saxlanılan qanunsuz miqrantlar barəsində əvvəlcə Azərbaycana deportasiya haqqında qərar çıxarılır.
Onların Ukrayna ilə müharibəyə qatılacaqları təqdirdə deportasiya haqqında qərarların ləğv ediləcəyi və Rusiya vətəndaşlığı veriləcəyi bildirilir. Döyüşlərdə iştiraka görə məvacib də təklif olunur. Real Nəbiyev də həmin şəxslərdən biri olub, amma ona keçmiş məhkumluğuna görə Rusiya vətəndaşlığı verilməyib.
Nəbiyevin qoşulduğu “Vagner” özəl hərbi birləşməsi Yevgeni Priqojin tərəfindən 2014-cü ildə yaradılıb. Əsasən həbsxanalardan azad edilən məhkumlardan ibarət qruplaşma Afrika, Suriya və Liviyada hərbi əməliyyatlarda iştirak edib. 2023-cü ildən etibarən ATƏT-in Parlament Assambleyası, Böyük Britaniya, Litva “Vaqner” hərbi qruplaşmasını terrorçu təşkilat kimi tanıyır.
2025-ci il dekabrın 29-da Azərbaycanın Baş Prokurorluğu Rusiya-Ukrayna müharibəsi ilə bağlı Azərbaycan vətəndaşlarına xəbərdarlıq edərək bildirib ki, ideoloji, maddi, şəxsi və sair maraqdan asılı olmayaraq, xarici dövlətlərin ərazisindəki silahlı münaqişələrdə iştirak cinayət hesab edilir və buna görə 8-20 il müddətinə azadlıqdan məhrumetmə cəzası düşür.
Rusiya tərəfdən Ukraynaya qarşı müharibəyə göndərilən Azərbaycan vətəndaşlarının həbsi bu xəbərdarlıqdan sonra başlayıb. Prokurorluq indiyədək Ukrayna tərəfdən döyüşlərdən döyüşlərə iştirak edən şəxslərlə bağlı açıqlama verməyib.
