Mayın 6-da “Gənc Qazilər” İctimai Birliyinin sədri Hacı Vəliyev Tovuz Rayon Məhkəməsinin qərarıyla 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Ötən il martın 31-də saxlanılan Hacı Vəliyev Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) və 186.1-ci (özgənin əmlakını qəsdən məhv etmə) maddələri ilə ittiham olunub. O, ittihamları qəbul etməyib, həbsi motivinin müharibə veteranlarına göstərdiyi dəstəklə bağlı olduğunu bildirib.
“Bu qərarı ədalət kimi qəbul etmək mümkün deyil. Vətən uğrunda sağlamlığını itirmiş bir insanın bu cür cəzalandırılması, cəmiyyətə verilən çox ağır və düşündürücü bir mesajdır”, – deyə Hacı Vəliyevin sosial şəbəkə hesabında yazılıb.
Hacı Vəliyev 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan jurnalist Ülviyyə Əliyə verdiyi yazılı müsahibəsində ictimai fəaliyyətinə görə həbs edildiyini, saxlanılandan sonra işgəncəyə məruz qaldığını bildirmişdi.
“Məni ictimai fəaliyyətimə görə, hökumətin qazilərə ögey münasibətini ifşa etdiyimə görə həbs ediblər. Qondarma ittihamlarla saxlanmışam”, – deyə Vəliyev müsahibəsində vurğulayıb.
Hacı Vəliyev İkinci Qarabağ müharibəsi iştirakçısı olub. “Gənc Qazilər” İctimai Birliyi Hacı Vəliyevin təşəbbüsü ilə 2021-ci ildə yaradılıb.
Müharibədə gözünü itirən Vəliyev İkinci Qarabağ müharibəsindən sonra şəhid ailələri, müharibə iştirakçıları və əlillərin problemlərini gündəmə gətirib.
Hacı Vəliyevin həbsindən sonra, ötən il mayın 28-də qurumun İdarə Heyətinin qərarı ilə “Gənc Qazilər” İctimai Birliyi buraxılıb.
Yerli hüquq müdafiəçiləri Hacı Vəliyevin saxta ittihamlarla həbs edildiyini bildirməklə yanaşı, dərhal həbsdən azad edilməsini tələb edib.
