Qara dənizdə vurulan gəmidə biri kapitan olmaqla iki Azərbaycan vətəndaşı dünyasını dəyişib 

Qara dənizdə vurulan "Royad Məmmədov" gəmisinin əvvəlki adlarından biri "Mir Cəlal Paşayev" olub. Foto: MarineTraffick

Oktyabrın 5-də Qara dənizdə Rumıniyanın ərazi sularından kənarda üzən, 13 Azərbaycan və iki Hindistan vətəndaşının heyət üzvü olduğu “Royad Məmmədov”  adlı gəmi Rusiya tərəfindən Qara dənizdə dron hücumuna məruz qalıb.

Elə həmin gün bu haqda Ukrayna prezidenti Volodimir Zelenski də “X” hesabında açıqlama verərək qarğıdalı daşıyan gəminin heyətindən 11 nəfərin xilas edildiyini və gəmi kapıtanının öldüyünü bildirib. 

“Daha bir nəfərin taleyi hələ də araşdırılır. On bir heyət üzvü xilas edilib, onlardan biri yaralanıb. Ukrayna Qara dənizdə vəziyyətin gərginliyini azaltmaq və təhlükəsizliyi təmin etmək üçün dəfələrlə konkret addımlar təklif edib. Oxşar təkliflər üçüncü ölkələrdən də alınıb. Lakin Rusiya daim normal gəmiçilikdənsə terroru və mülki gəmilərin məhv edilməsini seçir”, – deyə Zelenski bildirib.

Zelenski “X”-dəki paylaşımında gəminin Türkiyəyə məxsus olduğunu bildirib. 

Rumıniya xilasediciləri qəza zamanı iki nəfərin həyatını itirməsi haqda məlumat verib. 

Oktyabrın 6-da Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) bəyanat yayaraq bildirib ki, hücum nəticəsində gəminin kapitanı 52 yaşlı Rüstəm Həsənov həlak olub və 24 yaşlı Məhəmməd Süleymanzadə itkin düşüb. 

Axtarış tədbirlərinin həyata keçirildiyini bildirən XİN gəmi heyətində olan digərlərinin xilas edildiyini, onlardan 3 nəfərin isə xəstəxanaya yerləşdirildiyini bildirib. 

Nazirlik Azərbaycan vətəndaşlarının zəruri tibbi və konsulluq dəstəyinin göstərilməsi, eləcə də həlak olanların cənazələrinin ölkəyə gətirilməsi ilə bağlı müvafiq prosedurların həyata keçirildiyini vurğulayıb. 

“Azərbaycan vətəndaşlarına hərbi əməliyyatların getdiyi və təhlükəsizlik vəziyyətinin qeyri-sabit olduğu bölgələrə səfər etməkdən, bu ərazilərdə, eləcə də riskli marşrutlar üzrə hərəkət edən nəqliyyat vasitələrində, xüsusilə gəmilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan çəkinməyə çağırış edirik”, – deyə XİN bəyanatında bildirib.  

Azərbaycan dövlət televiziyası AzTV-nin məlumatına görə, “Royad Məmmədov” gəmisinin beynəlxalq təhlükəsizlik meneceri “Palmali Gemicilik ve Acentelik” şirkəti olub. 

“MarineTraffic” qlobal platformasının məlumatlarına əsasən “Royad Məmmədov” Karib dənizinin şərqində yerləşən Sent-Kits və Nevis dövlətinin bayrağı altında üzən yük gəmisi olub. Onun keçmiş adlarından biri “Mir Cəlal Paşayev” olub ki, gəmi 2007-ci ildən 2021-ci ilin fevralına qədər bu ad altında üzüb. 

“Palmali” Şirkətlər Qrupu da hadisə ilə bağlı açıqlama yayaraq şirkət tərəfindən idarə olunan “Royad Məmmədov” gəmisinin Ukraynanın “İzmail” limanından İtaliyanın “Ravenna” limanına gedərkən Rumıniya sahillərində Qara dənizdə dron hücumuna məruz qaldığını təsdiqləyib. 

“Hücumdan sonra gəmidə yanğın baş verib və heyət üzvlərinin təxliyəsi üçün xilasetmə əməliyyatlarına başlanılıb. Bu faciəvi hadisə nəticəsində iki dənizçimizin itkisinə görə dərin kədər hissi keçiririk. Digər heyət üzvlərimiz təhlükəsiz şəkildə təxliyə edilərək təhlükəsiz əraziyə aparılıb”, – şirkətin yaydığı açıqlamada deyilir. 

“Palmali” Şirkətlər Qrupu həlak olan dənizçilərinin ailələrinin yanında olduqlarını vurğulayaraq onlara lazımi dəstəyin göstəriləcəyini də bildirib.