Əsas missiyalarından biri medianın inkişafını dəstəkləmək olsa da, müstəqil və tənqidi media məhv ediləndə səsini belə çıxarmayan Medianın İnkişafı Agentliyi Qəzetçi-ni Azərbaycanla bağlı sistemli dezinformasiya tirajlamaqda ittiham edib.
Agentlik martın 6-da bildirib ki, ictimai rəydə çaşqınlıq yaradan, əsas missiyası “xaricdən Azərbaycanın informasiya mühitini çirkləndirmək” olan sayt 150 nəfər həkim və feldşerin hərbi səfərbərliyə cəlb edilərək Astara və Füzuli rayonlarına göndərildiyinə dair həqiqətə uyğun olmayan məlumat yayıb.
Bildiririk ki, bizim komandaya qarşı hücumlar ABŞ və İsrailin İranla müharibəsindən sonra Azərbaycanla bağlı yaydığımız məlumatlardan sonra başlayıb.
Qəzetçi martın 2-də Azərbaycanın Silahlı Qüvvələrinin bir nömrəli döyüş hazırlığı vəziyyətinə gətirildiyini yazmışdı.
Xəbərdə qeyd edilirdi ki, “Azərbaycanın Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və Fövqəladə Hallar Nazirliyi bir nömrəli döyüş hazırlığı rejiminə keçib”.
Qəzetçi-nin bir neçə mənbə ilə təsdiqlədiyi bu xəbərin doğru olduğunu martın 5-də Naxçıvana dron zərbələri endiriləndən sonra Bakıda keçirilən Təhlükəsizlik Şurasının iclasında Prezident İlham Əliyev özü də etiraf edib.
“Bizim Silahlı Qüvvələrimiz – Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, digər bütün Xüsusi Təyinatlı Qüvvələr bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib”, – deyə İlham Əliyev iclasda bildirmişdi.
Bəs “bir nömrəli səfərbərlik” nə deməkdir? Bu suala müşavirənin növbəti günü Müdafiə Nazirliyi rəsmi internet səhifəsində aydınlıq gətirib: “bir nömrəli səfərbərlik” zamanı silahlı qüvvələr tam doyüş hazırlığına gətirilir, ehtiyatda olan hərbçilərin çağırılması həyata keçirilir, hərbi hissələr döyüş mövqelərinə və ya təyin olunmuş ərazilərə çıxarılır.
Qəzetçi-nin martın 2-də dərc etdiyi xəbərdə, “əsgər, gizir və zabit heyətinin məzuniyyətlərinin ləğv edildiyi, məzuniyyətdə olan zabitlərin isə geri çağırıldığı” qeyd olunurdu. Beləliklə, Qəzet-çinin yaydığı bu məlumatla, Prezident İlham Əliyevin və Müdafiə Nazirliyinin açıqlaması demək olar ki tamamilə üst-üstə düşür.
Qəzetçi-nin martın 5-də yaydığı daha bir xəbər Naxçıvanda Dövlət Sərhəd Xidmətinin diviziyasına dron zərbəsinin endirilməsi ilə bağlı idi. Biz bu məlumatı araşdırma jurnalistikasında qəbul olunmuş metodologiyalara uyğun, geolokasiya və görüntü ilə bağlı yoxlamalar aparandan, Naxçıvandakı mənbələrlə danışandan sonra dərc etmişik.
Bundan başqa, Qəzetçi jurnalistika etikasına və tərəfsizlik prinsipinə sadiq qalaraq, həm bir nömrəli döyüş vəziyyəti, həm DSX-nın diviziyasına vurulan dron zərbəsi, həm də ön xəttə ezam edilən həkimlərlə bağlı sualları Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Eyvazova göndərsə də, cavab ala bilməyib.
Müdafiə Nazirliyi Qəzetçi-nin sullarına cavab vermək əvəzinə Medianın İnkişafı Agentliyinin verdiyi açıqlamanın arxasına sığınıb. Medianın İnkişafı Agentliyinin isə Müdafiə Nazirliyinin yerinə təkzib verməsi, Müdafiə Nazirliyinin trollarının Qəzetçi-nin üzərinə hücum etməsi hökumətin öz resurslarına arxalanaraq ifadə azadlığını boğmasının ən bariz göstəricisidir.
Azərbaycan media azadlığına görə 180 ölkə arasında 167-ci yerdə Cibuti ilə Belarusun yanında qərarlaşıb. Son iki ildə Azərbaycanda 30-dək jurnalist peşə fəaliyyətinə görə həbs olunub.
AbzasMedia, Toplum TV və Meydan TV-nin ofislərində polis reydi keçirilərək möhürlənib Azadlıq Radiosu, BBC, Amerikanın Səsi kimi tanınmış beynəlxalq media qurumlarının Azərbaycandakı ofisləri bağlanıb.
Qəzetçi Azərbaycan jurnalistikasının ən ağır günlərində hökumətin boğduğu media mühitinə nəfəs vermək məqsədilə ölkədən didərgin salınmış mühacir jurnalistlər tərəfindən yaradılıb, amma yerli mənbələrlə işləməyi davam etdirir.
Özlərini jurnalist adlandıran aparat mirzələrindən fərqli olaraq, Qəzetçi-nin dərc etdiyi xəbər və araşdırmalar müstəqil jurnalistlərin topladığı faktlar əsasında dərc olunur.
Yuxarıda qeyd edilən basqılara və təzyiqlərə baxmayaraq, bəyan edirik ki, Azərbaycanla bağlı alternativ və tərəfsiz informasiyaların yayımını davam etdirəcəyik.
