Prokuror: Mirzəliyə qarşı bıçaqlı hücum dövlət repressiyasının nümunəsidir

“Prokurorun fikrincə, söhbət diqqət çəkməyə çalışan hər hansı mafiya qrupunun spontan zorakılıq aktından getmir. O, çıxışının əvvəlindən etibarən hadisənin siyasi və təşkilati xarakterini vurğulayıb. Prokuror bildirib ki, 14 mart 2021-ci ildə Nant şəhərinin Quai de la Fosse ərazisində Məhəmməd Mirzəliyə qarşı bıçaqlı hücum dövlət repressiyasının nümunəsidir. Onun iddiasına görə, bu repressiya Azərbaycan dövləti ilə əlaqələndirilir”.

“Ouest-France” nəşrinin azərbaycanlı mühacir blogger Məhəmməd Mirzəlinin işi üzrə keçirilən məhkəmə prosesindən verdiyi məlumatında belə deyilir. İyunun 9-da Fransanın Renn Cinayət Məhkəməsində Mirzəliyə qarşı sui-qəsd işi ilə bağlı məhkəmə prosesi davam etdirilib. 

Blogger Qəzetçi-yə bildirib ki, bugünkü prosesdə dövlət ittihamçısı təqsirləndirilən şəxslərə uzunmüddətli həbs cəzası istəyib. Onun sözlərinə görə, prokuror birbaşa ona zərbə vuran şəxslər – Emin Qasımova 30 il, Mehrac Zərbəliyev və Rövşən Qocayevə 22 il ağırlaşdırılmış həbs cəzasının verilməsini tələb edib. 

Dövlət ittihamçısı eyni zamanda digər təqsirləndirilən şəxslər – Emin Zamanzadənin 18 il, Rza Məlikovun 15 il, Xəzər Xankişiyevin 5 il, Ramil Sultanovun 5 il, Çingiz İbrahimovun 5 il azadlıqdan məhrum edilməsini, Faiq Paşazadə barəsində isə bəraət hökmü verilməsini istəyib.

Məhəmməd Mirzəli 2021-ci il martın 14-də yaşadığı Nant şəhərində silahlı hücuma məruz qalıb. Bloggerə hücum edən şəxslər ona bıçaq zərbələri endirib. Bu hadisədən bir müddət əvvəl isə naməlum şəxs Məhəmməd Mirzəliyə silahdan atəş açmışdı.

Blogger ona qarşı təşkil olunan hər iki sui-qəsd cəhdinin arxasında Azərbaycan hakimiyyətinin dayandığını iddia edir. Hökumət rəsmiləri bu ittihamlara hələlik cavab verməyiblər. 

Mayın 26-da Renn Ağır Cinayətlər Məhkəməsində başlayan məhkəmə prosesinin iyunun 12-də yekunlaşacağı gözlənilir.