“Raminin nəşini gətirməyə əmiləri gediblər. Cəsədə baxıblar. Onlar deyirlər ki, güllələr başından və çənəsinin altından dəyib. Üç güllə yeri olub. Özünə qəsd edən adam 3 gülləni özünə necə vura bilər? Elə birinci patronda ölər yaxud huşunu itirər, qalar yerdə. İki patronu kim atdı bəs ona?”.
Dövlət Sərhəd Xidmətinin (DSX) Horadiz qəsəbəsində yerləşən “N” saylı hərbi hissəsində həyatını itirən əsgər Ramin Cəbrayılovun nəşi mayın 24-də yaxınlarına təhil verilib. Qəzetçi-yə danışan Şaiq Balakişiyev qohumunun intihar nəticəsində öldüyünə inanmadığını deyib.
Onun bildirdiyinə görə, ailəsinə təhvil veriləndən sonra Raminin cəsədinin açılmasına icazə verilməyib, bildirilib ki, mərhumun nəşi Beyləqan məscidində yuyularaq kəfənlənib.
“O, atasını kiçik yaşlarında itirmişdi. Evin tək oğlu idi. Anasına, bacılarına Raminin üzünü son dəfə görməyə belə icazə vermədilər”, – deyə Şaiq Balakişiyev bildirib.
Raminin nəşi yaxınlarına təhvil verilən günün axşamı Qobustan rayonunun Çalov kəndində polisin və sərhəd qoşunlarının zabit, əsgər heyətinin nəzarəti altında dəfn edilib. Dəfndə foto və video çəkilişə icazə verilməyib.
“Onun 25 yaşı var idi. Texniki Universiteti fərqlənmə diplomu ilə bitirib magistratura təhsili almışdı. Orduya öz təkidi ilə getdi. Artıq çəkisinə görə hərbi xidmətdən azad idi. Bir il mütəzəm məşq edib pəhriz saxlayıb çəkisini aşağı saldı. Könüllü orduya getdi, evə cəsədi qayıtdı”, – deyə Balakişiyev bildirib.
Şaiq Balakişiyev əlavə edib ki, Ramin Cəbrayılov ali təhsilli olduğuna görə, qərargahda xidmət edib, 5 ay xidmət dövründə isə bir dəfə də olsun şikayət etməyib.
“Dəfnə gələn polkovnik dedi ki, Ramin nümunəvi əsgər olub. Nümunəvi, özü də könüllü xidmətə gedən əsgər niyə intihar etsin?”, – deyə soruşan Balakişiyev qohumunun ölümü ilə bağlı xeyli sualların cavabsız qaldığını qeyd edib.
Dövlət Sərhəd Qoşunlarından ailəsinə bildirilib ki, Beyləqan Rayon Xəstəxanasında Raminin nəşindən nümunələr götürülərək ekspertizaya göndərilib.
“Onun nəşini, bədənini görməyimizə imkan vermədilər. Bədənində xəsarət izləri var, ya yox, bilmədik. Amma qanunla yaxınları onu görməli idi”, – deyə Balakişiyev vurğulayıb.
Dövlət Sərhəd Xidməti Ramin Cəbrayılovun ölümü ilə bağlı rəsmi açıqlama verməyib. Amma onun ölümü bu il qeydə alınan ilk hal deyil.
Açıq mənbələrdə yayılan məlumatlara görə, 2025-ci ilin ilk 5 ayı ərzində DSX-nin 5 hərbi qulluqçusu həyatını itirib. Onların 4-nün intihar etdiyi bildirilir.
Belə ki, yanvarda DSX-nin Yevlax şəhərində olan hərbi hissəsində xidmət edən baş leytenant Şamo Əliyevin odlu silahdan atəş açaraq intihar etdiyi bildirilib. Apreldə isə DSX Akademiyasının 1-ci kurs tələbəsi Əsəd İsmayıllının intihar etdiyi haqqında məlumat yayılıb.
Mayın 15-də DSX-nin xüsusi məktəbinin müdavimi İslamov Məzahir Qurbanəli oğlu intihar edib. Mayın 20-də isə 20 günlük əsgər Hüseyn Əsədov həyatını itirib. Onun xəstəlik səbəbindən dünyasını dəyişdiyi bildirilir.
Xəzər Hərbi Araşdırmalar Mərkəzinin rəhbəri Cəsur Sümərinli Qəzetçi-yə deyib ki, 2020-ci ildə imzalanan atəşkəs razılaşmasından sonra DSX-nin azı 62 hərbi qulluqçusu vəfat edib.
“62 nəfərdən 22 nəfəri intiharlar nəticəsində, 12 nəfər müxtəlif xəstəliklər üzündən həyatını itirib. Hesabat dövründə ən azı 6 nəfər qətlə yetirilib. 5 nəfər naməlum səbəblər üzündən ölüb”, – deyə ekspert vurğulayıb.
Artan ölüm hallarını şərh edən ekspert hesab edir ki, DSX-da ciddi islahatlar aparılmalıdır: “Dövlət Sərhəd Xidmətində hərbçilərin mənəvi-psixoloji hallarının yaxşı olmadığı aşkara çıxıb. Bu onu deməyə əsas verir ki, “dedovşina” halları var, zorakılıqlar var, əsgər-əsgər, əsgər-komandir münasibətlərində ziddiyyətlər var”.
DSX-nin rəisi, general-polkovnik Elçin Quliyev 2022-ci ilin sentyabrında “Azərbaycan” qəzetinə müsahibəsində demişdi ki, 2-ci Qarabağ müharibəsi zamanı DSX-nin 47 hərbi qulluqçusu şəhid olub.
Beləliklə, son 5 ildə Azərbaycanın Sərhəd Qoşunlarında vəfat edənlərin sayı DSX-nin sonuncu Qarabağ müharibəsi zamanı verdiyi itkilərin sayını keçib.
