Oktyabrın 6-da Nazirlər Kabineti dövlət ümumi təhsil müəssisələrində təhsilverənlər üçün geyimlə bağlı tələbləri təsdiqləyib. Həmin tələblərə əsasən, dövlət ümumi təhsil məktəblərində dərs deyən kişi və qadın müəllimlər üçün geyim qaydaları müəyyənləşdirilib.
Geyim qaydalarının müəyyənləşdirilməsi Prezident İlham Əliyevin iyulun 22-də təsdiqlədiyi fərmanı ilə əlaqədar olub. Burada da məqsədin “dövlət ümumi təhsil müəssisələrində işgüzar geyim mədəniyyətinin formalaşdırılması və vahid yanaşmanın təmin edilməsinə” yönəlik olduğu vurğulanıb.
Yeni tələblərə görə, müəllimlərin geyimi və istifadə etdikləri geyim elementləri “ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmalı” və bu tələblərə riayət olunmasına isə məktəb rəhbərliyi nəzarət etməlidir.
Müəllimlər üçün təyin olunan geyim tələblərilə bağlı hüquqşünas Yalçın İmanov Qəzetci-yə bildirib ki, vahid geyim formasının verdiyi müəyyən ismarıclar var.
“Bu ismarıclar insanın statusu, rolu və mənsubiyyəti haqda məlumatı çatdıran sözsüz ünsiyyət vasitəsidir. Bu, eyni zamanda peşəkar mənsubiyyəti vurğulayır ki, buna polis, hərbi qulluqçuların və hakimlərin geyim formaları daxildir”, – deyə o, bildirib.
Yalçın İmanovun sözlərinə görə, geyim həm də ifadə azadlığı ilə bağlı olan məsələdir.
“Geyim də ifadə azadlığı anlayışı altına düşür və onun seçimi, yəni geyim seçimi, özünün daxili dünyasını ifadə edən ən güclü ifadə formalarından biridir”, – deyə hüquqşünas vurğulayıb.
İmanovun sözlərinə görə, Nazirlər Kabinetinin qərarı ilə təhsil müəssisələrində standartlara əməl etmək lazım olsa da bu tələblər yetərincə əsaslandırılmayıb:
“Qaydalarda yazır ki, kişi təhsilverənlər klassik ayaqqabı geyinməlidirlər. Hansı ayaqqabıdan söhbət gedir? Tutaq ki, dabanlı ayaqqabıdan söhbət gedirsə, bəzi adamlar sağlamlığı üçün altı düz ayaqqabı geyinməlidir. Onlar necə edəcək? Eyni məsələlər də qadın geyinmləri ilə bağlıdır və mənim fikrimcə, bu qaydalar daha çox çərçivələrin müəyyənləşdirilməsini göstərir”.
Hazırda dövlət təhsil müəssisələrində dərs deyən hicablı qadın müəllimlərin sayı ilə bağlı hər hansı statistika açıqlanmayıb. Mövcud qanunvericilikdə hicablı müəllimlərin vicdan azadlığı məsələsinə toxunulmur və onların Nazirlər Kabinetinin qərarından sonra peşə fəaliyyətlərində hicaba yer verilib-verilməməsi suallar doğurur.
Yalçın İmanov bildirir ki, bu qaydalar “mövcud siyasi hakimiyyətin hamını bir kateqoriya altında təsnifləşdirmək niyyətindən” irəli gəlir.
“Təhsil müəssisələrində də iş qaydaları tabeçiliyə və standartlara riayət etməyi tələb edə bilər, amma düşünürəm ki, qanunvericiliyə bunun gətirilməsi – hakimiyyətin dırnaqarası ehtiyacından – insanlara hətta təhsil müəssisələrində belə ölçülü-çəkili davranışın zəruri olduğu mesajını vermək niyyətindən irəli gəlir”, – deyə hüquqşünas vurğulayıb.
Onun sözlərinə görə, təhsilverənlər üçün geyim formalarının müəyyən edilməsi sosial ehtiyacdan irəli gəlmir: “Bir sözlə, hakim düşüncə təkcə sözlə, mətnlə deyil, hətta geyimlə də ifadə azadlığının təzahür etdirilməsinə dözümsüz yanaşdığını bir daha nümayiş etdirir və burda verilən əsas subluminal mesaj da məhz elə bundan ibarətdir”.
Qeyd edək ki, Nazirlər Kabinetinin sentyabrın 21-də “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”ndə dəyişiklik edilməsi haqqında qərarında da müəllimlərin geyim qaydalarında olduğu kimi “ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan digər geyim elementlərindən istifadə edilməsinə yol verilmir” yazlıb.
Məhz həmin qərardan sonra Azərbaycanın bir sıra məktəblərdə hicablı şagirdlərin dərslərə buraxılmadığı qeydə alınıb. Nazirlər Kabinetinin təsdiqlədiyi tələblərdən sonra Təhsil Nazirliyi Azərbaycanın dövlət təhsil müəssisələrində dərs deyən hicablı müəllimlərin geyimlərinin bu qaydalara uyğun olub-olmaması ilə bağlı hər hansı şərh verməyib.
