Hər il iyulun 22-də ölkə mediası Həsən bəy Zərdabinin işığına toplaşır, ilk qəzetin nəşr olunmasının şərəfinə məclislər təşkil edilir. “Əkinçi” qəzetinin Azərbaycan mətbuat tarixindəki rolu, maarifçilik ənənələri haqqında uzun-uzadı cümlələr qurulur.
Amma reallıqda 151 il ərzində Azərbaycan mediasının keçdiyi şərəfli yol propaqanda və yalanın piar mexanizminə çevrilib. Bugünkü media nə maarifçilik platformasıdır, nə də obyektiv informasiya məkanı. Mediada maliyyənin bölüşdürülməsinə nəzər saldıqda bunun ayrı-ayrı məmurların büdcə hesabına təbliğat və korrupsiya mənbəyi olduğunu görə bilirik.
Məsələn, Prezident İlham Əliyevin qızı Arzu Əliyevaya məxsus “Bakı Media Mərkəzi” 2025-ci ildə Naxçıvan Televiziya və Radiosu üçün avadanlıqların alınmasına görə dövlət büdcəsindən 780 min manat vəsait əldə edib.
Dövlət Vergi Xidməti millət vəkili Ziyad Səmədzadəyə məxsus “İqtisadiyyat” qəzetinin satın alınmasına fantastik məbləğlər ödəyib. 2023-cü il satınalmalarına dair məlumatlarda göstərilir ki, Dövlət Vergi Xidməti qəzetin 200 nüsxəsinin alınmasına 17,8 min manat vəsait ayırıb. Beləcə, Vergi Xidməti deputatdan qəzetin bir nüsxəsini 89 manata alıb.
“REAL TV”nin direktoru Mirşahin Ağayevin uşaqpulunu tələb edən cəmiyyəti təhqir edərək “Doğub, törəyib, sonra da “pulumu verin!” deyə qışqırma”- deməsi də təsadüfi deyil. Bu mövzularda o, hakimiyyətin mövqeyini ifadə etməyə məcburdur. Çünki bu tezislərin müqabilində telekanal hər il dövlət büdcəsindən yüz minlərlə manat vəsait əldə edir.
Ümumilikdə, “REAL TV” özəl televiziya kanalları arasında dövlətdən ən çox dəstək alan media qurumudur. 2026-cı ilin yanvarından “Real Təhlil İnformasiya Mərkəzi” MMC (REAL TV) dövlət büdcəsindən 125,1 min manat vəsait alıb. Bu pullar telekanala dövlət satınalmaları vasitəsilə ödənilib.
Məsələn, Dövlət Məşğulluq Agentliyi “REAL TV” ilə 40 min manat məbləğində “Maarifləndirici xarakterli məlumatların və informasiyanın yayılması xidmətlərinin satın alınması” barədə müqavilə bağlayıb. 2025-ci ildə də eyni məqsədlə agentlik “REAL TV”yə 60 min manat ödəyib.
Su və Meliorasiya Tədqiqat İnstitutu isə bu il “REAL TV” ilə reportaj və süjetlərin hazırlanması xidmətinə görə 65 min manatlıq böyük məbləğdə müqavilə bağlayıb.
2025-ci ildə isə müxtəlif dövlət qurumları REAL TV ilə informasiya materiallarının yayılması və reportajların hazırlanması üçün ümumilikdə 320 min manatlıq satınalma müqavilələri imzalayıb.
Bundan başqa, özəl televiziya kanalları arasında ATV-nin (Azad Azərbaycan TV) də adına dövlət satınalmalarında rast gəlinir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “İqtisadi Zona” proqramının hazırlanması üçün telekanalla illik təxminən 29-30 min manat dəyərində müqavilə bağlayıb.
Yeni Azərbaycan Partiyasının rəsmi mətbuat orqanı olan “Yeni Azərbaycan” qəzeti və hakim partiyanın siyasətini müdafiə edən “Səs” qəzeti dövlət büdcəsindən bir neçə istiqamət üzrə maliyyələşdirilir.
Medianın İnkişafı Agentliyinin çap mediasına ayırdığı maliyyə dəstəyi çərçivəsində hər iki qəzetə aylıq 8 min manat ayrılır. Bu vəsaitin 5 min manatı həftədə bir dəfə çap olunan qəzetə, 3 min manatı isə eyniadlı internet saytına verilir.
Bundan əlavə, tender portalındakı məlumatlardan görünür ki, YAP-a yaxın qəzetlərlə müxtəlif dövlət qurumları arasında illik abunə müqavilələri də bağlanıb.
Eyni zamanda, “Xalq” və “Azərbaycan” kimi dövlət qəzetləri də həm birbaşa dövlət büdcəsindən maliyyələşdirilir, həm də dövlət qurumlarına məcburi abunə etdirilir.
Sahə nəşrlərindən olan “Azərbaycan müəllimi” qəzeti də Elm və Təhsil Nazirliyinin müxtəlif qurumlarına yüksək məbləğli xidmətlər göstərir. Qəzet 2026-cı il üzrə dövlət satınalmaları çərçivəsində ümumilikdə 734 min manatlıq müqavilələr bağlayıb.
Bu vəsaitin 700 min manatı Elm və Təhsil Nazirliyi tərəfindən “2024–2026-cı illər üzrə Strateji Plan”dan irəli gələn tədbirlərin icrası ilə bağlı 2026-cı ildə informasiya materiallarının hazırlanması və kommunikasiya xidmətlərinə görə ödəniləcək. Qalan vəsait universitetlərin qəzetlər üçün abunəlik haqlarıdır. 2025-ci ildə isə qəzet dövlət büdcəsindən 291 min manatlıq satınalma müqavilələri əldə edib.
Onlar arasında ən yüksək məbləğli müqavilələr regional təhsil idarələri üzrə olub. Məsələn, Dağlıq Şirvan Regional Təhsil İdarəsi 2024 və 2025-ci illərin hər birində “Azərbaycan müəllimi” qəzetinə 50 min manat ödəyib. Bakı Şəhəri üzrə Təhsil İdarəsi isə qəzetlə 300 min manat dəyərində müqavilə bağlayıb.
Beləliklə, hər il iyulun 22-də Azərbaycan mətbuatının keçdiyi keşməkeşli və şərəfli yoldan bəhs edilir. Ertəsi gün isə dövlət büdcəsindən daha çox vəsait əldə etməyin yolları üzərində iş davam edir.
