2026-cı ilin sentyabrından etibarən Azərbaycanda elektron ticarət qaydasında xidmət göstərən və ölkə üzrə illik dövriyyəsi 10 min ABŞ dollarını aşan xarici rəqəmsal xidmət təchizatçıları üçün vergi orqanında elektron qeydiyyat məcburi olacaq.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin mayın 10-da yaydığı məlumatda qeyd edilir ki, elektron qeydiyyat sistemi vasitəsilə artıq 10 xarici rəqəmsal xidmət təchizatçısı vergi uçotuna alınıb.
Qeydiyyatdan keçmiş şirkətlər sırasında “Apple”, “Adobe”, “Sony Interactive Entertainment”, “Epic Games”, “Chess.com” və digər beynəlxalq səviyyədə tanınmış rəqəmsal platformalar yer alır.
Azərbaycanda elektron ticarət qaydasında xidmət göstərən “Meta”nın “Facebook”, “İnstagram”, “WhatsApp” kimi rəqəmsal platformaları Dövlət Vergi Xidmətinin açqıladığı qeydiyyatdan keçən şirkətlər siyahısında yer almır.
Bu xəbərləri yayıldığı ərəfədə Milli Məclis “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlarda dəyişiklik edilməsini müzakirəyə çıxarıb.
Qanun layihəsində sosial media şəbəkələrinin ölkədə nümayəndəlik açması tələbi də qoyulub. Tələblərə əməl etməyən platformalar üçün 100 min və 300 min manatlıq maliyyə sanksiyaları və bloklanma kimi tədbirlər nəzərdə tutulub.
Mətbuat Şurasının İdarə Heyətinin üzvü Fərid Pərdəşünas isə bildirib ki, sosial medianı əhatə edəcək qanunla bağlı layihə hazırlanarkən aidiyyəti qurumlar qlobal sosial media şirkətlərini məlumatlandırıblar, onlar da əməkdaşlığa hazır olduqlarını bildiriblər.
“Qanun qüvvəyə mindikdən sonra onun icrası üçün sosial media platformalarına 12 ay vaxt veriləcək. Yəni, əgər “Meta”, “Google” və “TikTok” kimi platformalar bu qanunun tələblərinə əməl etsələr, Türkiyədə olduğu kimi Bakıda da onların ofisləri açılacaq və Azərbaycan dilində dəstək xidmətləri yaradılacaq”, – Pərdəşünas bildirib.
İyunun 5-dən etibarən uşaqlar üçün sosial şəbəkələrə çıxış imkanlarının qadağan olunması müzakirə olunur. Qanunun təsir dairəsinə əsasən, “Instagram”, “Facebook”, “TikTok”, “X”, “Snapchat” və digər sosial şəbəkələrin daxil olacağı bildirilir.
Yeni qanun layihəsi 16 yaşdan kiçik uşaqlar üçün dövlət tərəfindən idarə olunan sosial media hesabların yaradılmasını qadağan edir. Bununla yanaşı qanun qüvvəyə mindikdən sonra mövcud hesablar da yoxlanılacaq və “əgər onların yaşı təsdiqlənməsə, silinəcək”.
Qeyd edək ki, əksər sosial media platformalarında qeydiyyat üçün minimum yaş həddi 13-dür. 16-18 yaşlı istifadəçilər valideynlərin razılığına, valideyn nəzarətinə, xüsusi təhlükəsizlik tədbirlərinə, məzmun və reklam məhdudiyyətlərinə və coğrafi yerləşmə məhdudiyyətlərinə tabe olacaqlar.
İnternet texnologiyaları mütəxəssisi Osman Gündüz sosial media hesabında bildirib ki, Azərbaycanda 17 yaşlı gənclər arasında hətta süni intellektlə biznes quranlar, proqramlaşdırma ilə məşğul olanlar, startap quranlar və pul qazananlar, beynəlxalq olimpiadalarda, hakatonlarda və qlobal layihələrdə iştirak edənlər var və bir çox hallarda onların rəqəmsal bacarıqları valideynlərindən daha yüksəkdir.
İyunun 8-də qanun layihəsinin Milli Məclisdə müzakirə olunduğu bir vaxtda elm və təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, artıq məktəblərdə “Tik-Tok” dan istifadə məhdudlaşdırıb.
“Biz nazirlik olaraq məktəblərdə bəzi məhdudiyyətlər qoymağa çalışırıq. Hazırda məktəblərdə uşaqların “Tik-Tok”a çıxışı bloklanıb. Ümumiyyətlə, məktəblərdə uşaqların internetə çıxışına filter tətbiq edilir, 200-dən çox təhükəli mövzularda videoya məhdudiyyətlər qoyulub”, – deyə Firudin Qurbanov deyib.
Hüquqşünas Yalçın İmanovun Qəzetçi-yə bildirib ki, uşaqlarla bağlı qanunvericiliyin qəbul olunması və yaxud məhdudiyyətlərin gətirilməsi normal bir praktikadır.
“Xüsusən, uşaqlar və ya yetkin yaşına çatmayan şəxslərlə bağlı ilk dəfə Avstraliyada onların zərərli onlayn platformalardan qorunması üçün qanun qəbul olunub. Həmin qanun ötən ilin dekabrından qüvəyyə minib. Orada da, əsas uşaqların psixi sağlamlığı və təhlükəsizliyi arqumentləri əsas götürülüb”.
Amma hüquqşünas bildirib ki, bu qanunlarda dəyişikliklər ictimai müzakirəyə çıxarılmalı və ondan sonra qanunvericilik aktları qəbul olunmalıdır.
“Bizdə isə hansı informasiya mənbələrinə və yaxud da hansı sosial şəbəkələrə məhdudiyyətin qoyulduğu cəmiyyətlə müzakirə olunmur. Bu müzakirələr ya Milli Məclisdə dəyişikliklərdən öncə, ya da dəyişikliklər qəbul olunduqdan sonra üzə çıxır. Məsələnin təhlükəli tərfi budur”, – deyə hüquqşünas bildirib.
İmanov deyir ki, ölkədə pornosaytlara və digər kontentlərə giriş-çıxış sərbəst olduğu halda məktəblərdə iki yüzdən çox təhlükəli mövzu dedikdə hansı mövzuların nəzərdə tutulduğu da qeyri-müəyyəndir.
“Bu kimi qadağalar hakimiyyətin sui-istifadə hallarına açıqdır. Üstəlik də, Azərbaycan hakimiyyətinin mahiyyətinin ifadə azadlığı və alternativ məlumat mənbələrinə qarşı dözümsüzlüyünü nəzərə alsaq, yetkinlik yaşına çatmayan şəxslərin bu mənbələrə çıxışının da məhdudlaşdırılacağı ehtimalı istisna deyil”, – deyə İmanov vurğulayıb.
Eksperti Osman Gündüz həm də deyir ki, qanun layihəsində yaşın yoxlanılması üçün mobil nömrə, elektron poçt və bank kartından istifadə nəzərdə tutulub. Bu üsulların əksəriyyətindən dolayı yolla yayınmağın mümkün olduğunu vurğulayan ekspert uşağın valideynin və ya digər birinin telefonundan, kartından və ya digər məlumatlarından istifadə etməklə məhdudiyyətlərdən yayına biləcəyini bildirib.
Ekspertin sözlərinə görə, yaşın yoxlanılmasının sosial şəbəkələrin öhdəsinə buraxılması milyonlarla istifadəçinin şəxsiyyətini təsdiqləyən məlumatların xarici platformalara ötürülməsi riskini yaradacaq.
Qanuna nəzərdə tutulan dəyişikliklər iyunun 10-da Prezident Administrasiyasının qeyri hökumət təşkilatları nümayəndələri ilə keçirilən görüşdə də müzakirə olunub. “Report”un yazır ki, sosial şəbəkələrdə yaşın yoxlanılması bank kartı (vəsaitin müvəqqəti bloklanması yolu ilə), elektron poçt və mobil nömrə məlumatlarının çarpaz yoxlanılması əsasında həyata keçiriləcək.
Bunu Elektron Təhlükəsizlik Xidmətinin Əməkdaşlıq və kommunikasiya sektorunun müdiri Həvva Hüseynli deyib. Onun sözlərinə görə, fərdi məlumatlar yalnız yaşın təsdiqi üçün istifadə edilməli və uyğunluq təsdiqlənmədiyi halda dərhal silinməlidir.
Azərbaycanda 7,6 milyon sosial media istifadəçisi var. “Facebook” istifadəçilərinin sayı 1,65 milyon, “Instagram” istifadəçilərinin sayı isə 4,73 milyondur. “WhatsApp” isə ölkədə aktiv mesajlaşma tətbiqi hesab olnur. “Tik-Tok“ istifadəçilərinin sayı isə 6 milyonu ötüb.
Azərbaycan hökuməti tək sosial media ilə bağlı qanunların sərtləşdirilməsində yox, texnologiya korporasiyalarında səhmlərin alınmasında da maraqlıdır. “Qazqazinfo” hələ 2024-cü ildə yazırdı ki, Dövlət Neft Fondu “Meta” platformasına 179 milyon dollar investisiya yatırıb.
