Emmanuel Makron Azərbaycanda həbsdə olan erməni əsilli məhbusların məsələsini Azərbaycan Prezidenti İlham Əliyevlə müzakirə edəcək.
“Armenpress” yazır ki, bunu mayın 5-də “Avropa Siyasi Birliyi”nin İrəvanda keçirilən sammitinin nəticələrinə həsr olunmuş brifinqdə Fransa Prezidenti özü deyib.
“Əvvəlcə Ermənistan Prezidenti və Ermənistanın Baş naziri ilə müzakirələr aparacağam, bundan sonra isə Prezident Əliyevə zəng edəcəm və ya birbaşa görüşərək bu məsələnin həlli üçün uyğun mexanizmi birlikdə müəyyən edəcəyik”, – deyə Makron bildirib.
Aprelin 30-da Avropa Birliyi “Ermənistanda demokratik dayanıqlığın dəstəklənməsi haqqında” qətnamə qəbul edib. Sənəddə Bakıda həbsdə olan erməni əsirlərin azad edilməsi və Qarabağdan köçürülən ermənilərin evlərinə qaytarılması da tələb olunub.
Rəsmi Bakı bu tələblərə sərt reaksiya verib. Bundan sonra, Milli Məclis Avropa Birliyi ilə əməkdaşlığın dayandırılması barədə qərar qəbul edib.
Prezident Əliyev “Avropa Siyasi Birliyi”nin İrəvanda keçirilən sammitinə getməyib. O, bu sammitə onlayn qoşulub. Çıxışında kifayət qədər gərgin görünən Əliyev Avropa Parlamentinə yönəlik tənqidlər səsləndirib.
“Avropa Parlamenti ksenofobiya, islamofobiya, antisemitizm, miqrasiya, rəqabətçilik, evsiz insanların məsələsi kimi fundamental problemləri həll etmək əvəzinə, böhtan və yalan yayaraq Azərbaycanı hədəfə alır. Səbəb isə odur ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib, separatçılığa son qoyub və müharibə cinayətkarlarını ədalət mühakiməsinə cəlb edib”, – deyə Əliyev bildirib.
Makrondan əvvəl ABŞ prezidenti Tramp da Vaşinqtonda Paşinyanla görüşdə erməni əsirləri ilə bağlı İlham Əliyevlə danışacağını bildirmişdi. Fevralda Bakıya səfər edən ABŞ-nin vitse-prezidenti Vens İrəvan Hava Limanında jurnalistlərin suallarını cavablandırarkən prezident Əliyevlə erməni əsirləri mövzusunu müzakirə edəcəyini qeyd etmişdi.
Vensin səfərindən dərhal sonra, fevralın 13-də “France 24” televiziyasına müsahibəsində İlham Əliyev həbsdəki ermənilərin azad edilməsilə bağlı suala cavabında keçmiş Dağlıq Qarabağ liderlərini nasist Almaniyasının rəhbərləri ilə müqayisə etmişdi.
Fevralın 5-də Bakı Hərbi Məhkəməsinin qərarıyla separatçı Dağlıq Qarabağ rejiminin beş keçmiş rəsmisi ömürlük həbs cəzasına məhkum edilib, iki keçmiş prezidentinə isə 20 il həbs cəzası verilib. Qalan səkkiz erməni əsilli şəxs 15 ildən 19 ilədək azadlıqdan məhrum edilib.
Bu qərardan bir neçə gün sonra eyni məhkəmə 3 ay dövlət naziri olmuş Ruben Vardanyana 20 il həbs cəzası verib.
Məhkum edilən şəxslər terrorizm, soyqırım, əhalini məcburi köçürmə, əhalini məhvetmə, işgəncə, müharibə qanunlarını pozma və terrorçuluğu maliyyələşdirmə də daxil olmaqla Cinayət Məcəlləsinin iyirmidən çox maddəsiylə ittiham olunurdular.
