Macarıstanın dövlət kanalı yaydığı yalan məlumatlara görə üzr istədi, bəs AzTV? 

Macarıstanın dövlət televiziyası M1 uzun illər yalan məlumatlar yaydığına görə, macarlardan üzr üstəyib və yayımını müvəqqəti dayandırıb. 

Keçmiş hakimiyyətin təsiri altına düşdüyünü açıq-aydın bəyan edən media qurumu hökumət təbliğatının yer almadığı yeni formatda fəaliyyətə başlayacağını bəyan edib.

M1 telekanalının efirində qara fonda “İctimai televiziya yalan danışa bilməz. Uzun illər bunu etdiyimiz üçün üzr istəyirik” yazılıb.

Bu açıqlama 16 il Macarıstanın baş naziri, eləcə də konservativlik və milli dəyərlərə dayanaraq medianın müstəqilliyini boğan “qeyri-liberal demokratiya”nın təbliğatçısı Viktor Orban hakimiyyətdən gedəndən sonra verilib. 

Bir neçə gün əvvəl Azərbaycan Televiziyasının sədri Rövşən Məmmədov da rəhbərlik etdiyi telekanalın bu ilin sonunda “milli-mənəvi dəyərlərə sadiq qalaraq” yeni formata keçəcəyini açıqlayıb. 

Məmmədov REAL TV-yə müsahibəsində “sürpriz” format üçün “Euronews”un təcrübəsini öyrəndiklərini deyib. 2025 ci ilin noyabrından Azərbaycanda büro açan  bu telekanalın rəhbərliyinin da Macarıstanın keçmiş nazir Orbana yaxın şəxs olduğu bildirilir. 

“Euroactive” bu ilin fevralında yazırdı ki, avtoritar rejimlərlə əlaqələr “Euronews”un əsas kommersiya strategiyasına çevrilib və həmin ölkələr arasında Azərbaycan da var.

On illərlə dövlət propagandası tirajlayan AzTV tək məzmun yox, fəaliyyətində də maliyyə pozuntularına yol verib. Hesablama Palatası “Azərbaycan Televiziyası və Radio Verilişləri” QSC-nin 2023-2025-ci illərdə 26 milyon manat vəsaiti maaş yox qonorar kimi rəsmiləşdirdiyini açıqlamışdı.

Bu pozuntu qeydə alınanda da AzTV-nin sədri Rövşən Məmmədov olub. Hüquq mühafizə orqanları bu qanunsuz xərcləmələrə görə kiminsə məsuliyyətə cəlb olunduğuna dair açıqlama verməyib.

Hökumətyönümlü media həmin ərəfədə Rövşən Məmmədovun AzTV-yə helikopter almaq istədiyini yazırdı. İttihamlara cavab isə belə idi: helikopter daha yaxşı çəkiliş etmək üçün lazım olub. 

Dronlarla çəkilişlərin vüsət aldığı bir dövrdə…