Tanınmış informasiya texnologiyaları mütəxəssisi İlqar Əliyev ölümündən əvvəl həbsxanadan yazdığı məktublarda davamlı olaraq günahsız olduğunu və şərlənərək həbs edildiyini bildirirdi. Rəsmi olaraq narkotik maddələrin dövriyyəsində ittiham olunan mütəxəssisin həbsinin əsas motivi ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) vəsaiti ilə müstəqil jurnalistlərə keçdiyi təlimlər olub.
Mayın 1-də “qafqazinfo.az” saytı Ədliyyə Nazirliyinə istinadən yazırdı ki, ekspert həbsxanada xəstəlik səbəbindən vəfat edib. Ölümündən bir ay sonra yaxınlarına təqdim olunan tibbi ekspertiza sənədində İlqar Əliyevin 2026-cı il aprelin 30-da ürəyin xroniki işemik xəstəliyi səbəbindən vəfat etdiyi qeyd edilirdi.

Lakin yaxınları ekspertiza rəyinə şübhə ilə yanaşırlar. Anonimlik şərtilə Qəzetçi-yə danışan yaxınları və dostları bildiriblər ki, 13 saylı Cəzaçəkmə Müəssisəsində müəmmalı şəraitdə vəfat edən ekspert həbsxanada heç vaxt səhhətindən şikayət etməyib.
“İlqar həyatı boyu hər gün idmanla məşğul olub. Həbsxanada da idmanla, ibadətlə məşğul olurdu. Qəti şəkildə heç bir sağlıq problemi olmayıb. Sağlamlığını möhkəmləndirmək üçün həmişə təbi vasitələrdən istifadə edirdi. Dişi belə ağrımayıb”, – yaxınları onun haqqında deyiblər.

İlqar Əliyev uzun illər informasiya texnologiyaları sahəsində çalışıb, dövlət və özəl sektorda rəhbər vəzifələr tutub. O, həbsindən bir həftə əvvəl “Turanbank” ASC-də müşavir vəzifəsinə təyin olunubmuş. Ondan əvvəl isə dövlət müəssisəsi olan “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-də İnformasiya texnologiyaları departamentinin müdiri vəzifəsində işləyib. Məhkəmə sənədlərində İlqar Əliyevin Bakı Limanının tikintisinin 1-ci fazası üzrə İT infrastrukturunun, o cümlədən təhlükəsizlik müşahidə kameraları sisteminin qurulmasında xüsusi xidmətlərinin olduğu qeyd edilib.
İlqar Əliyev biznesin davamlılığı üzrə beynəlxalq ISO sertifikatına Azərbaycanda layiq görülmüş ilk IT mütəxəssi kimi tanınıb. Bununla əlaqədar elmi konfranslarda iştirak edib, yerli və beynəlxalq səviyyədə təlimlər verib. Elə bu təlimlərdən biri onu həbsə aparan yolun başlanğıcı olub.
İlqar Əliyev Umbakı təcridxanasından məktubunda yazırdı ki, 2023-cü il dekabrın 13-də saxlanılanda Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (BMCMİ) ona 2022-ci ilin qış aylarında jurnalistlərə keçdiyi kibertəhlükəsizliyin əsasları təlimi barədə çoxlu suallar verilib.
Məhkəmədə verdiyi ifadəsində isə bildirib ki, müstəntiqlər onu “Kana13”, “Abzas Media”, “Məclis.info”nun jurnalistlərinə və Bakı Dövlət Universitetinin tələbələrinə keçdiyi təlimlər haqqında sorğu-sual ediblər, BMCMİ əməkdaşı ondan verdiyi təlimlərlə bağlı izahat alıb.

İlqar Əliyev yazdığı məktubların birində qeyd edir ki, jurnalistlərə keçdiyi təlimlərin sifarişçisi Azərbaycan hökumətinin 25 ildən sonra əməkdaşlığı dayandırdığı ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyi (USAID) olub.
“2009-cu ildən etibarən peşəkar təlimçi olaraq beynəlxalq IT standartları, rəqəmsal informasiya sistemlərinin kiber təhlükəsizliyi, risklərin idarə olunması, IT auditi mövzularında təlimlər deyirəm. 2022-ci ilin qış aylarında [USAID ölkəmizdə 10 ildən artıqdır ki, fəaliyyət göstərirdi. Bir çox dövlət qurumlarında layihələri olmuşdur] mən hardan bilə bilərdim ki, il yarımdan sonra bu təşkilatla münasibətlərdə problem yaranacaq və əməkdaşlıq dayandırılacaq?” – deyə İlqar Əliyev yazdığı məktubların birində soruşur.
Bu suala Azərbaycan hökuməti 2025-ci ilin fevral ayında USAID-in ölkədə fəaliyyətini dayandırmaqla nöqtə qoydu. Hökumətin bu qərarından iki həftə əvvəl artıq Bakı Ağır Cinayətlər Məhkəməsi İlqar Əliyevi 4 il müddətinə azadlıqdan məhrum etmişdi.
Həbsindən iki həftə əvvəl İlqar Əliyevin təlim keçdiyi media qurumu olan “Abzas Media”nın rəhbərliyində təmsil olunan jurnalistlər həbs olunmuşdu. Bir həftə sonra isə təlimdə iştirak etdiyi iddia olunan “Kanal 13”ün rəhbəri polis tərəfindən saxlanıldı. İlqar Əliyevin həbsindən sonra isə parlamentdə deputatların fəaliyyətini monitorinq edən “məclis.info” saytının rəhbəri həbs edildi.
İlqar Əliyevin keçdiyi təlimlərin sifarişçisi olan USAID 1991-ci ildən bəri Azərbaycana 450 milyon dollardan artıq sərmayə qoyub, ölkədə məcburi köçkünlərə humanitar yardım göstərib, eləcə də səhiyyə, iqtisadi və idarəetmə islahatları da daxil olmaqla, bir sıra dövlət layihələrini dəstəkləyib. Agentlik Azərbaycan hökumətinin iqtisadi islahatları üçün də əlavə olaraq 20 milyon dollardan artıq maliyyə ayırıb. Hazırda USAID-in adı Azərbaycanda qeyri hökumət təşkilatlarına açılan cinayət işində keçir.

İlqar Əliyev Umbakı təcridxanasından ictimaiyyətə ünvanladığı məktubda qeyd edir ki, keçdiyi təlimlər qanun çərçivəsində, rəsmi müqavilə əsasında olub: “Bütün təlim prosesi ölkə qanunvericiliyinin tələbləri əsasında icra edilmişdir. Bu mövzuda təlimləri neçə-necə dövlət və qeyri-dövlət qurumlarında da keçmişəm. Treninqlərdə iştirak edən tələbələri biz seçmirik”.
Jurnalistlərin gələcək fəaliyyətlərinə məsul olmadığını vurğulayan İlqar Əliyev bildirib ki, ona hansısa tələbəyə təlim keçməməklə bağlı xəbərdarlıq edilməyib.
Amma ekspertin həbsindən əvvəl və sonra təlim keçdiyi media qurumlarına cinayət işinin açılması, USAID-in Azərbaycanda fəaliyyətinin dayandırılması və sonradan qeyri hökumət təşkilatlarının cinayət işinə cəlb olunması işin siyasi çalarlarını göstərirdi.
İlqar Əliyev həbsinə qədər iki dəfə saxlanılıb. 2023-cü il dekabrın 10-da oğlunu idmana apararkən üç mülki geyimli polis əməkdaşı onu zorla maşına əyləşdirərək Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə aparıb. Avtomobilə oturan kimi mobil telefonu götürülüb. Ekspert şöbədə dörd-beş saat heç bir səbəb göstərilmədən saxlanılandan sonra sərbəst buraxılıb.
Sonradan məhkəmə istintaqı zamanı məlum olub ki, həmin gün onun telefon siqnalları BMCMİ-də qeydə alınıb. Məqsəd telefonundakı məlumatların yoxlanılması olub.
O, yenidən dekabrın 13-də saat 07:25 radələrində Bakı şəhəri, Nərimanov rayonunda “Nyumed” klinikasının qarşısında saxlanılır. Qısa müddət sonra bir-birinin ardınca ikinci dəfə saxlanılma artıq onu gözləyən həbsin anonsu idi.
İlqar Əliyev öz ifadəsində saxlanılma ilə bağlı vurğulayıb ki, klinikanın qarşısında bir nəfər iri cüssəli mülki geyimdə olan şəxs ona yaxınlaşıb sinəsindən yumruqla vuraraq, üç nəfər başqa şəxsin köməyilə onu zorla avtomobilə əyləşdirib. Bundan sonra onu Bakı Şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinə aparıblar.
Şöbənin həyətində İlqar Əliyevin sinəsinə vuran mülki geyimli şəxs onun cibinə 25,420 qram kustar üsulla hazırlanmış psixotrop maddə – metamfetamin yerləşdirib. İlqar Əliyev həmin bükümü çıxarmaq istəyəndə “Çıxarma, sənin üçün pis olar, elə etmə ki, bunu sənin ailə üzvlərinin cibindən çıxaraq” deyib.
İlqar Əliyev şöbədə 2-3 saat saxlanılandan sonra ondan cibinə yerləşdirilən bükümü çıxarmaq tələb olunub. Bükümü çıxaranda içindəki maddə masanın üzərinə dağılıb. Bu zaman əməliyyatçılardan biri digərinə “Bunu niyə pis bağlamısınız?” deyə qışqırıb. Daha sonra İlqar Əliyev BMCMİ-yə aparılıb.
BMCMİ-nin zirzəmisində saxlanıldığı 8 gün ərzində İlqar Əliyevin müstəqil vəkilə çıxışı olmayıb, yaxınları ilə telefon əlaqəsinə imkan verilməyib. Dövlət vəsaiti hesabına təyin edilən vəkil BMCMİ-də ifadə verəndə onun yanında olmayıb.
Məhkəmədə saxlanıldığı gün BMCMİ-də ona verilən çayı içəndən sonra spesifik dad hiss etdiyini deyən İlqar Əliyev məktubunda “məni zəhərlədilər” yazıb. O qeyd edib ki, həmin gün gecə saatlarında saxlanma təcridxanasında 3-4 dəfə üşütmə keçirib, 7-8 dəfə isə ayaqyoluna gedib. Səhərsi gün isə Maştağada ekspertizaya verilən sidik nümunəsində psixotrop maddə aşkarlanıb.

Dekabrın 13-də isə üzərində aparılan axtarış saxlanıldığı yerdə yox, polis bölməsinin həyətində və şöbədə həyata keçirilib. Hal şahidləri bunu “havanın yağışlı olması” ilə izah ediblər. İlqar Əliyevin müdafiə tərəfi Milli Hidrometerologiya Xidmətindən həmin saatda havanın yağışlı olmadığına dair aldığı arayışı məhkəməyə təqdim etsə də, hakimlər bunu nəzərə almayıblar.
Amma bu, məhkəmə heyətinin qarşılaşdığı ilk siyasi iş deyildi. Azərbaycandan olan müstəqil hüquq müdafiəçilərinin apardığı monitorinqlərə görə, məhkəmə heyətində təmsil olunan Fərid Nazmazov və Telman Hüseynov siyasi motivli qərarlar verən hakimlər kimi tanınırlar.
İlqar Əliyev prosesdə iştirak edən təhqiqatçı və şahidlərin sxemini də cızıb. O, cibindən narkotik maddə bükümünü çıxaranda yanında olan dörd nəfər polis əməkdaşlarından biri təhqiqatçı Nəcəf Aburşu, digər üçünün isə əməliyyatçılar Asim Rəsulov, Vüqar Qənbərov və onu ilk dəfə saxlayarkən sinəsindən yumruqla vuran əməliyyatçı olduğunu qeyd edib. Nəcəf Aburşu Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin təhqiqat qrupunun rəisidir.
“Deməli, elə həmin gün BMCMİ-də mənə çayda zəhərli maddə içirdilər ki, qanımda psixotrop maddənin əlamətləri və istifadəsi çıxsın. Məni tanıyanlar bilir ki, zərəli vərdişlərdən uzağam, sigaret də çəkmirəm. Alkaqollu içki içmirəm və 22 ildir ibadətlə məşğul oluram”, – deyə İlqar Əliyev yazıb.

İlqar Əliyev daha bir məktubunda qeyd edir ki, Bakı İstintaq Təcridxanasına köçürüləndən sonra onun müəssisədə olan kitabçasına diagonal boyu tən ortasından üç qırmızı xətt çəkildiyini görüb. Bu, onun ciddi nəzarət altında olduğunun göstəricisi idi.
“Kitabçamda əlavə olaraq, qeydlər vardı. “Hakker, İT mütəxəssis, görüş və telefon qadağa, müxalifyönlü blogger”. Halbuki, heç vaxt müxalifət partiyasının üzvü olmamışam və bloggerlik etməmişəm, əksinə, dövlət uğrunda çalışmışam, ölkə rəhbərliyini dəstəkləmişəm”, – deyə ekspert vurğulayıb.
Uzun və yorucu məhkəmə çəkişmələrindən sonra Ali Məhkəmə bu il martın 2-də İlqar Əliyevin cəzasını qismən yüngülləşdirib. Onun həbs müddəti 4 ildən 3 ilə endirilib. O, bu il dekabrın 13-də azadlığa buraxılacaqdı.
Amma məhkəmənin qərarından iki ay keçməmiş həbsxanadan gələn zəngin arxasınca evlərinə onun cəsədi göndərilib. Həbsinə qədər dövlət qurumlarından tutmuş özəl sektora qədər geniş çevrəsi və yüzlərlə tələbəsi olan ekspertin dəfninə yaxın ətrafından sadəcə bir neçə adam qatılıb.
