Martın 30-da İsrail parlamenti Knesset terrorçuluqda ittiham edilən fələstinlilərin asılmaqla edamını nəzərdə tutan qanun layihəsini səsverməyə çıxararaq qəbul edib.
“Deutsche Welle” yazır ki, İsrail hərbi məhkəmələrində “terror aktı” kimi təsnif edilən və israillilərin ölümünə səbəb olan hücumlara görə tətbiq olunacaq ittihamları əhatə edən layihə 62 səs lehinə, 48 səs əleyhinə olmaqla qəbul edilib.
Qanun layihəsi ifrat sağçı Yəhudi Gücü Partiyasını parlamentdə təmsil edən hüquqşünaslar tərəfindən irəli sürülüb. Layihəyə Netanyahunun Likud Partiyasının və konservativ İsrail Bizim Evimizdir Partiyasının hüquqşünasları da dəstək veriblər.
Yəhudi Gücü Partiyasının rəhbəri, eləcə də İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir layihənin əsas dəstəkçilərindən biri olub. O, seçki kampaniyası boyu yaxalığında qızıldan edam asqısı olan nişanla gəzib.
Ben-Qvir səsvermədən sonra Knessetdə şampan paylayaraq qanunun qəbulunu “Tarixi ədalət günü” adlandırıb. Amma İsrailin hərbi və təhlükəsizlik dairələrindən də daxil olmaqla 1200-dək dövlət rəsmisi və ictimai xadim qanun layihəsinə qarşı çıxıb.
Qanun qəbul edilməzdən əvvəl İsrailin müxalif Əmək Partiyasını təmsil edən millət vəkili Gilad Kariv bildirib ki, “hökumət və koalisiya özünü İtamar Ben-Qvirin acınacaqlı, kobud, əxlaqsız və irrasional seçki kampaniyasına tabe ediblər”.
İşğal olunmuş Ərazilərdə İnsan Haqları üzrə İnformasiya Mərkəzinin icraçı direktoru Yuli Novak qanun qəbul edilməzdən əvvəl bildirib ki, İsrail fələstinlilərə qarşı qəddar rəftarını dövlət qanunlarına salaraq rəsmiləşdirir.
Hələ fevral ayında Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Şurasındakı bir neçə eksperti İsraili “işğal olunmuş Fələstin ərazisində yaşamaq hüququnu pozan və fələstinlilərə qarşı ayrı-seçkilik yaradan terror aktlarına görə məcburi ölüm cəzası təklif edən qanun layihəsini” geri götürməyə çağırmışdı.
Avropa Birliyi, Böyük Britaniya, Fransa, Almaniya və digər Avropa ölkələri qanunun ayrı-seçkilik xarakterli olduğunu bildirib, onun beynəlxalq hüquqa zidd olduğunu bəyan ediblər.
Ramallahda yaşayan fələstinli vəkil Sahar Francis qanun layihəsini çox təhlükəli olduğunu bildirib. “Bu qanun İsrailin faşist dövlətinə çevrildiyini göstərir, çünki bu, həddindən artıq ayrı-seçkiliyə yol verən qanun olacaq”, – deyə o, qanun qəbul edilməzdən əvvəl “Deutsche Welleyə”yə bildirib və mövqeyini qanunun faktiki olaraq yalnız fələstinlilərə şamil ediləcəyi ilə izah edib.
Sahar Francis həmçinin beynəlxalq humanitar hüquqa görə, İsrailin işğal olunmuş ərazilərdəki insanlara ölüm hökmü tətbiq etmək hüququna malik olmadığını qeyd edib. Hüquqşünas əlavə edib ki, bu beynəlxalq hüququ pozan diskriminativ qanunudur və onlar (İsrail) heç vaxt törətdiklərinə görə cavabdehlik daşımırlar.
İsrail Vətəndaş Hüquqları Assosiasiyası, Yesh Atid Partiyası, Hadash–Ta’al, solçu Demokratlar Partiyası və digər müxalif qruplar qanunun ləğvi üçün Konstitusiya Məhkəməsinə müraciət edəcəklərini açıqlayıblar.
