Avropa İnsan Haqları Məhkəməsində Azərbaycana qarşı baxılan işlərin sayı 2180-ə çatıb.
Avropa Məhkəməsinin 2025-ci il üzrə yaydığı hesabatda yazılıb ki, Azərbaycan bu göstəriciyə görə, şikayətlər göndərilən ölkələr arasında 8-ci yerdə qərarlaşıb.
Ən çox şikayət göndərilən ölkələrin ilk üçlüyündə isə Türkiyə (18464), Rusiya (7177), Ukrayna (4004) liderlik edir. Hazırda Məhkəmənin icraatında 53450 iş var. Bu göstərici ötən il 60350 olub.
Vəkil Fariz Namazlı sosial media hesabında yazıb ki, kommunikasiyada olan işlər isə əvvəlki ilə nisbətən 18% artaraq 11587 olub. 2025-ci ildə bu rəqəm 9832-yə çatmışdı.
Bu il Azərbaycandan Avropa Məhkəməsinə ünvanlanan şikayətlərin sayı isə azalıb. Belə ki, 2024-cü ildə Məhkəməyə 600 şikayət göndərildiyi halda, ötən il 569 nəfər xarici məhkəmə instansiyasına üz tutub.
Ötən il Azərbaycana qarşı ümumilikdə 48 qərar qəbul edilib ki, onların 43-də Avropa İnsan Haqları Konvensiyasının maddələrinin ən azı birinin pozuntusu qeydə alınıb. Bir işdə isə pozuntu halı aşkar edilməyib.
Avropa Məhkəməsi Azərbaycana qarşı verdiyi qərarlarda Konvensiyanın aşağıdakı maddələrinin pozuntusu tanıyıb:
Mülkiyyət hüququnun pozuntusu – 16 qərar
Azadlıq və toxunulmazlıq hüququ – 15 qərar
Ədalətli məhkəmə araşdırması hüququ – 9 qərar
Şəxsi həyata və ailə həyatına hörmət hüququ – 8 qərar
Fikir ifadə etmək azadlığı – 4 qərar
İşgəncənin qadağan olunması – 4 qərar,
Fikir, vicdan və din azadlığı -1 qərar
Yığıncaqlar və birləşmək azadlığı – 1 qərar
