ASAN Xidmət Əfqan Sadıqovun şəxsiyyət vəsiqəsinə dair müraciətini qəbul etməyib

ASAN Xidmət Gürcüstandan Azərbaycana deportasiya edilən “Azel” yutub kanalının rəhbəri Əfqan Sadıqovun yeni şəxsiyyət vəsiqəsi almaq üçün aprelin 10-da etdiyi müraciəti qəbul etməyib. Jurnalistə bildirilib ki, hərbi qeydiyyatı ləğv edildiyindən şəxsiyyət vəsiqəsini yeniləmək mümkün deyil.

Əfqan Sadıqov Qəzetçi-yə deyib ki, polislər ona şəxsiyyət vəsiqəsini Tiflisdə yaşadığı mənzildən götürməyə imkan verməyiblər. Şəxsiyyətini təsdiq edən digər sənədlər isə deaktiv edilib.

“Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai İdarəsində qeydiyyatdayam. Heç zaman qeydiyyatdan çıxmamışam. İki dəfə qanunsuz olaraq həbs edilmişəm və hər dəfə də azadlığa çıxanda yeni şəxsiyyət vəsiqəsi almışam. Görünür, hakimiyyət mənə problem yaratmaq, sənədlərimi verməmək üçün müxtəlif üsullardan istifadə etmək niyyətindədir”, – deyə Sadıqov vurğulayıb.

Əfqan Sadıqov aprelin 4-dən 5-nə keçən gecə yanğınsöndürmə xidmətinin əməkdaşlarının köməyilə və polisin qurduğu əməliyyat nəticəsində yaşadığı mənzildən məhkəməyə aparılıb. Tbilisi Şəhər Məhkəməsi gecə saat 4-də onun Azərbaycana deportasiyası haqqında qərar verib. Ondan bir qədər əvvəl isə Azərbaycan tərəf onun xarici pasportunu etibarsızlaşdırıb.

“Əfqan Sadıqovun ölkədən çıxarılmasından əvvəl Gürcüstan hökumətinə məhkəmədə baxılan iş yekunlaşana qədər bunun baş verməməsi barədə göstəriş verilib”.

Avropa İnsan Hüquqları Məhkəməsi Gürcüstanın “Formula” telekanalının Əfqan Sadıqovla bağlı sorğusuna cavabında belə deyilir. Məhkəmənin mətbuat xidmətindən telekanala bildirilib ki, “2025-ci il 14 yanvar tarixində və daha sonra, fevralın 27-də məhkəmə Gürcüstan hökumətinə bildirib ki, cənab Əfqan Sadıqovun məhkəmədə (AİHM – red.) baxılan işi üzrə icraat başa çatana qədər Azərbaycana deportasiya edilməməlidir”.

“Human Rights Watch” bəyanat yayaraq Əfqan Sadıqovun deportasiyasını pisləyib.

“Gürcüstan hakimiyyəti mühacirətdə olan azərbaycanlı jurnalist Əfqan Sadıqovu zorla Azərbaycana qaytarıb və bununla onu siyasi motivli təqib və pis rəftar riski ilə üz-üzə qoyub. Hakimiyyət bu riskləri ciddi şəkildə qiymətləndirmədən, prosessual təminatlarla bağlı ciddi suallar doğuran prossedurlar çərçivəsində deportasiya həyata keçirib. Bu addımlar hər iki hökumətin Avropa İnsan Hüquqları Konvensiyası üzrə öhdəliklərinə sadiqliyini şübhə altına alır”, – deyə bəyanatda bildirilib.

“Human Rights Watch” Azərbaycan hakimiyyətindən Əfqan Sadıqovun təhlükəsizliyinə zəmanət verməyi tələb edib.

“Azərbaycan hakimiyyəti Əfqan Sadıqovun təhlükəsizliyinə zəmanət verməli, onun əsassız saxlanılmayacağını və təqib olunmayacağına təminat verməli, həmçinin onun Avropa İnsan Hüquqları Konvensiyası üzrə hüquqlarını, o cümlədən ölkəni tərk etmək hüququnu təmin etməlidir”, – təşkilatın bəyanatında vurğulanır.

Əfqan Sadıqov bir neçə il idi Gürcüstanda yaşayırdı. O, 2024-cü ilin avqustunda Azərbaycanın Baş Prokurorluğunun vəsatəti əsasında Gürcüstanda həbs edilmişdi. Sadıqov Azərbaycanda pul tələb etməkdə günahlandırılırdı. Bu ittihama əsaslanan Baş Prokurorluq onun Azərbaycana ekstradisiyasını tələb edirdi.