Hüquq müdafiəçisi 7 il 6 ay müddətinə azadlıqdan məhrum edildi 

Noyabrın 19-da “Vətəndaş Hüquqları İnstitutu” İctimai Birliyinin rəhbəri Bəşir Süleymanlıya Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 6 ay müddətinə həbs cəzası kəsilib. 

“QHT işi” çərçivəsində həbs olunan Bəşir Süleymanlı vəzifə səlahiyyətlərindən sui-istifadə və çirkli pulların yuyulmasında ittiham olunurdu. 

Bəşir Süleymanlının vəkili Elçin Sadıqov proses zamanı irəli sürülən ittihamların əsassız olduğunu bildirərərək ona bəraət verilməsini istəyib. 

Məhkəmədə çıxış edən Bəşir Süleymanlı da özünü təqsirli bilmədiyini və siyasi sifarişlə həbs edildiyini bildirib.

Hüquq müdafiəçisi çıxışında hakimiyyətin Amerika Birləşmiş Ştatlarında  Beynəlxalq İnkişaf Agentliyi (USAID) ilə bağlı araşdırma başlanılmasından sui-istifadə edərək Azərbaycanda müstəqil QHT-ləri susdurmağa çalışıldığını deyib. 

“USAID-dən maliyyə alan Azərbaycan dövlət qurumları, hakimiyyətə yaxın QHT-lər isə Azərbaycanda USAİD-lə bağlı başlanan istintaqa cəlb edilməyib. Bu onu göstərir ki, istintaq ayrı-seçkilik edib və ancaq müstəqil QHT-ləri hədəf seçib. USAID-dən ən çox maliyyə alan Azərbaycan dövlət qurumları və hökumətə yaxın QHT-lər isə istintaqa cəlb edilməyib”, – Bəşir Süleymanlı vurğulayıb.

O, ABŞ prezidenti Donald Trampın birinci prezidentliyi dövründə 2020-ci ildə ABŞ təşkilatı olan Alman Marşal Fondu (German Marshall Fund) vasitəsilə USAID-dən və Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən xidmət müqaviləsi əsasında aldığı maliyyə vəsaitinə görə ittiham olunduğunu deyib.

Bəşir Süleymanlı bildirib ki, istintaq onun sosial şəbəkələrdə Ukraynaya dəstək olmasını da mənfi hal hesab edib.

Azərbaycanda seçki müşahidəçiliyi və insan haqlarının müdafiəsi üzrə mütəxəssis olan Bəşir Selymanlı bu ittihamları qəbul etməyib.

“Mən heç bir cinayət törətməmişəm. Müxtəlif təşkilatlardan vəsaitlər alınıb və bütün bunlar tam qanuni formada olub”, – o, məhkəmədə deyib.

Bəşir Suleymanlı bildirib ki, onun qəbul etdiyi pullar regionlarda vətəndaşlara, o cümlədən məcburi köçkünlərə hüquqi yardıma və seçkilərin monitorinqinə xərclənib.

Bəşir Süleymanlı 2024-cü ilin martın 13-də həbs edilib. 

Azərbaycanda QHT-lərlə bağlı cinayət işi 2014-cü ildə açılıb və 2022-ci ildə icraatı dayandırılsa da 2025-ci ilin fevralında Baş Prokurorluq istintaqı təzələyib.

Nəticədə beynəlxalq donor təşkilatları ilə əməkdaşlıq edən onlarla vətəndaş cəmiyyəti üzvü cinayət məsuliyyətinə cəlb olunub. Onlardan beşi həbs olunub, 10-a yaxın fəal barəsində alternativ qətimkan tədbiri seçilib, daha iki nəfər isə axtarışa verilib.

Həbs olunanlar arasında “Ubuntu” Sosial İş Assosiasiyası təşəbbüs qrupunun rəhbəri Zamin Zəkiyev, Gəncə Regional İcma Mərkəzinin rəhbəri Asəf Əhmədov və Seçki Müşahidə Alyansının icraçı direktoru Məmməd Alpay (Məmmədzadə) da var.

Asəf Əhmədova 8 il, Zamin Zəkiyevə isə 7 il 3 ay həbs cəzası verilib. Təqsirləndirilən QHT təmsilçiləri ittihamları qəbul etmir, günahsız olduqlarını bildirirlər.