Hökumət yüzlərlə subasan evi kompensasiyadan kənarda saxladı

Bakıda subasmadan sonra ancaq Keşlədə yerləşən 61 fərdi yaşayış evinin təmiri dövlət vəsaiti hesabına həyata keçiriləcək. M.Ə.Sabir və B. Mirzəyev küçələrində yerləşən bu evlərin sakinlərinə 3 aylıq kirayə haqqı ödəniləcək, yararsız hala düşən məişət əşyalarına görə maddi yardım veriləcək. Aprelin 28-də Prezident İlham Əliyevin imzalandığı sərəncama əlavədə belə deyilir.

Prezident Bakı və Abşeron rayonu, eləcə də ölkənin bir sıra rayonlarında güclü leysan yağışları və sel suları nəticəsində dəymiş zərərin fəsadlarının aradan qaldırılması məqsədilə öz ehtiyat fondundan 85.9 milyon manat ayırıb. Məhz bu puldan Bağırov küçəsi 36/12b ünvanında kollektorun üzərində tikildiyinə görə sökülən evin sakinlərinə birdəfəlik maddi yardım ödəniləcək. Bakıda ancaq Binəqədi rayonu Ozan küçəsi 167 ünvanında zərər görən fərdi yaşayış evi yenidən tikiləcək. Bu işlərin həyata keçirilməsi isə Bakı Şəhər İcra Hakimiyyətinə tapşırılıb.

Amma Bakı və Abşeron yarımadasında yağıntı və çirkab sularından zərər çəkən evlərin sayı yerli icra orqanları tərəfindən rəsmiləşdiriləndən qat-qat çoxdur. Qəzetçi təkcə Masazırda 500-ə yaxın fərdi yaşayış evinin yağıntı və kanalizasiya suları altında qaldığını müəyyənləşdirib.

Sərəncama əsasən, ümumilikdə 53 yaşayış evinin yenidən tikintisi nəzərdə tutulub. Binəqədidə 1, Xaçmazda 19, Qusarda 4, Şabranda 6, Siyəzəndə 5, Qubada 13, Xızıda 5 yaşayış evi yenidən inşa olunacaq. Dövlət qurumları detallı açıqlama verməsə də, sərəncama əlavənin mətnindən görünür ki, ən çox dağıntıya məruz qalan dağ kəndlərində çay kənarında yerləşən yaşayış evləri olub.

Sənədin kanalizasiya kollektorları üzrə tədbirlər bölməsinə baxanda məlum olur ki, R. Bağırov 19 ünvanında yerləşən fərdi yaşayış evinin daxilində də kanalizasiya kollektoruna görə çökmə baş verib. 


Çaylarda bəndlərin tikintisi, kanalizasiya nasos stansiyalarında avadanlıqların yenilənməsi, çökmə və torpaq sürüşmələrinin, kanalizasiya kollektorlarında çökmələrin, eləcə də elektrik şəbəkələrinə dəyən zərərin aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyinə 8.9 milyon manat, Bakı Şəhər İcra Hakimiyyətinə 1.4 milyon manat, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə 21.4 milyon manat, Avtomobil Yolları Dövlət Agentliyinə 39.1 milyon manat, “Azərişıq” ASC-yə 15 milyon manat vəsait ayrılıb.