Beynəlxalq insan haqları təşkilatı “Amnesty International” disktiminativ hicab məhdudiyyəti vasitəsilə Azərbaycan məktəblərində təhsilə qoyulan qadağanı və bu qadağaya etiraz edənlərin polis tərəfindən saxlanılmasını pisləyən bəyanat yayıb.
Təşkilatın Şərqi Avropa və Mərkəzi Asiya üzrə direktoru Mari Struters məktəblərdə hicab qadağasına qarşı dinc etiraz edən fəalların saxlanılması, həmçinin geyim qaydalarından zərər çəkən qızlar üçün pulsuz onlayn dərslər təşkil etməyə çalışan fəal İlkin Hüseynovun itkin düşməsi barədə artan xəbərlərə münasibət bildirib.
“Dinc etirazçıların zorakı iğtişaş iştirakçıları ilə birlikdə kütləvi şəkildə saxlanılması – o cümlədən qızının məktəbdən kənarlaşdırılmasına etiraz edən bir ananın saxlanılması və zərər çəkən qızlara kömək etməyə çalışan bir fəalın itkin düşməsi – Azərbaycan dövlətinin dinc etiraz hüququndan qanuni istifadəni zorakılıqla boğması ifadə azadlığına və istənilən fərqli fikrə qarşı təzyiqlərinin tipik nümunəsidir”.
Mari Struters bildirib ki, qızların hicab taxdıqları üçün siniflərə buraxılmaması ayrı-seçkilikdir və bu, onların təhsil hüququnu, eləcə də din və ifadə azadlıqlarını pozur. O, əlavə edib ki, dövlət təhsilinin dünyəvi xarakteri dini geyimlərə qarşı tətbiq edilən ümumi qadağanı əsaslandıra bilməz.
“Azərbaycan hakimiyyəti bu ayrı-seçkilik məhdudiyyətlərini ləğv etməli və təsirlənmiş şagird və müəllimlərin məktəbə qayıda bilməsini təmin etməlidir. Onlar yalnız dinc şəkildə hüquqlarını həyata keçirdiyinə görə saxlanılan hər kəsi dərhal və qeyd-şərtsiz azad etməlidirlər. Onlar dinc etiraz hüququna və bütün insan hüquqlarına hörmət etməlidirlər”, – deyə Mari Struters vurğulayıb.
Nazirlər Kabinetinin sentyabrın 21-də verdiyi qərardan sonra hicablı qız şadirdləri, oktyabrın 6-da verdiyi qərardan sonra isə qadın hicablı müəllimlər dərclərə buraxılmayıblar. Hökumətin verdiyi hər iki qərarda “ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan digər geyim elementlərindən istifadə edilməsinə yol verilmir” yazılıb.
