Gəncədəki məşhur “Kəpəz” mehmanxanası ləğv edilir

Kəpəz mehmanxanası Foto/Azərbaycan notları

Gəncə şəhərinin sovet dövrü memarlığının məşhur nümunələrindən biri olan “Kəpəz” mehmanxanasının üstünü qara buludlar alıb. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi nəşri olan “Vergilər” qəzeti oktyabrın 27-də “Kəpəz Mehmanxana” ASC-nin ləğv olunması ilə bağlı elan dərc edib.

Elanda bildirilir ki, “Kəpəz Mehmanxana” ASC-nin ləğvi ilə əlaqədar səhmdarların yığıncağı çağırılıb. Mehmanxananın kreditorları iki ay ərzində maliyyə tələblərini Gəncə şəhəri, Cavadxan küçəsi, ev 1 ünvanına təqdim edə bilərlər.

Bir vaxtlar dövlət qəzetlərində Heydər Əliyevin Gəncənin inkişafı istiqamətindəki uğurlu işlərindən biri kimi təqdim edilən bu mehmanxananın gələcək taleyi indi sual altına düşüb.

“Kəpəz” mehmanxanasının tikintisinə 1973-cü ildə başlanılsa da, bir neçə mərhələdə inşaat işləri ləngiyib. Nəhayət, 1984-cü ildə tikinti işləri tam başa çatdırıldıqdan sonra bina istifadəyə verilib. 

Mehmanxananın layihəsini məşhur memar Mikayıl Hüseynov hazırlayıb. Hazırda baxımsız vəziyyətdə olan bina Gəncədə sovet memarlıq üslubunu qoruyub saxlayan azsaylı tikililərdən biridir.

Sovet hakimiyyətinin süqutundan sonra, bu obyekt özəlləşdirilməyə çıxarılıb və 1997-ci ildə səhmdar cəmiyyət yaradılıb. Vergi reyestrində cəmiyyətin nizamnamə kapitalı 917 min 284 manat göstərilir. İlkin özəlləşdirmə məlumatlarında ASC-nin ümumilikdə 11-ə yaxın səhmdarının olduğu qeyd edilirdi. 

Səhmdarlar arasında 30 faizlik payla Əmlak Məsələləri üzrə Dövlət Komitəsi ( indiki İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) də təmsil olunur. Hətta bir neçə il əvvəl bu mehmanxananın adı mediada vergidən yayınan obyektlər sırasında çəkilmişdi.

Gəncə əhalisi müstəqillikdən sonra mehmanxananın tam fəaliyyət göstərə bilmədiyini, yalnız 2-3 mərtəbəsinin işlədildiyini, binanın isə tədricən istifadəyə yararsız vəziyyətə düşdüyünü vurğulayırlar. 

2000-ci illərin əvvəllərində mehmanxananın yenidən təmir olunması ilə bağlı qərar verilsə də, sonradan bu məsələ gündəmdən çıxıb. Həmin dövrdə mediada mehmanxananın yenidən qurulması üçün layihə-smeta sənədlərinin hazırlandığı da qeyd edilirdi.

İndi isə görünür, 1 milyon manata yaxın nizamnamə kapitalına sahib olan “Kəpəz” mehmanxanasını Mikayıl Hüseynovun layihələndirdiyi digər məşhur mehmanxanaların taleyi gözləyir. Qeyd edək ki, M.Hüseynov Bakıda daha üç məşhur mehmanxananın – “Azərbaycan”, “Abşeron” və “Moskva” mehmanxanalarının layihələrini hazırlayıb. Bu binaların hamısı oxşar memarlıq üslubuna görə seçilir.

Bakıda yerləşən adıçəkilən hər üç mehmanxana da oxşar proseslərdən keçib; əvvəlcə ləğv edilib, daha sonra səhmləri bir böyük investorun əlində cəmləşib. Vaxtilə yerli qəzetlərdə bu mehmanxanaların ləğvi zamanı kiçik səhmdarların narazılıq etməsi, hətta məhkəmə müstəvisinə qədər çıxan mübahisələrin olması barədə yazılar dərc edilirdi.

“Abşeron” mehmanxanası ləğv edildikdən sonra binanın söküntüsünə 2009-cu ildə başlanılıb. Onun yerində Preyident İlham Əliyevin qızlarına aid olan “Paşa Holdinq”ə məxsus “JW Marriott Absheron” oteli inşa edilib. 

“Moskva” mehmanxanası isə sökülərək yerində “Alov qüllələri” tikilib. “Azərbaycan” mehmanxanasının yerində isə hazırda “Hilton” oteli yerləşir. 

Bəs “Kəpəz” mehmanxanasını nə gözləyir? Ləğvetmə prosesindən sonra binanın sökülüb-sökülməyəcəyi, eləcə də ASC-nin kimə satılacağı ilə bağlı suallar yaranır.

Qazetçi səhmdar cəmiyyətin qanuni təmsilçisi və səhmdarlarından biri olan Elvin Əhmədli ilə əlaqə saxlaya bilib, amma o, mehmanxananın gələcək taleyi barədə məlumatının olmadığını bildirib.

“Hələ ki, sökülməsi aktual deyil, ləğv prosesi gedir. Bu proses isə hələ uzun zaman alacaq. Ondan sonra nəticəsi sizə də, bizə də məlum olacaq”, – deyə Elvin Əhmədli  bildirib.

“Kəpəz Mehmanxana” ASC-nin ləğvinə bu il sentyabrın 12-dən başlanılıb. Həmin ay kreditorların yığıncağı çağırılaraq Ləğvetmə Komissiyasının yaradılması, habelə ASC-nin Müşahidə Şurasının, İdarə Heyətinin və Maliyyə-Təftiş Müfəttişinin səlahiyyətlərinə xitam verilməsi barədə qərar qəbul edilib.  

“Kəpəz” müstəqillik illərində mehmanxana kimi fəaliyyət tam qura bilməsə də, bu obyektin adına müxtəlif ofis icarəsi elanlarında rast gəlinir. Həmin elanlarda binanın bəzi otaqlarının oyun zalları və tədris mərkəzləri üçün icarəyə verildiyi göstərilir.