Fransa Azərbaycanla məhbus mübadiləsi çərçivəsində özbək əsilli rusiyalı oliqarx Alişer Usmanovun Avropa İttifaqının (Aİ) sanksiya siyahısından çıxarılması üçün digər Aİ ölkələrini razı salmağa çalışır. Bu barədə “Financial Times” nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, Azərbaycanda həbs olunan bir neçə Fransa vətəndaşının azad edilməsi ilə bağlı təklif olunan saziş Aİ-nin Rusiyanın Ukraynaya hücumuna cavab olaraq 2600-dən çox şəxs və qurum əleyhinə tətbiq etdiyi sanksiyaların yenilənməsini ləngidir. Danışıqlarla tanış olan üç mənbə “Financial Times”a bunu təsdiqləyib.
Söhbət bu ilin martında Azərbaycanda casusluq ittihamı ilə 10 il müddətinə azadlıqdan məhrum edilən Fransa vətəndaşı Martin Ryandan və digərlərindən gedir. Kompromis kimi Aİ ölkələri sanksiya rejiminin bir həftə uzadılmasına razılaşıblar ki, danışıqlar davam etdirilsin.
Digər üç rəsmi şəxsin “Financial Times”a bildirdiyinə görə, Fransa və Slovakiya bazar ertəsi Usmanov sanksiyalardan azad edilmədiyi təqdirdə 12 aylıq tam yenilənməyə veto qoyublar. Çərşənbə gününədək razılıq əldə edilməsə, digər bütün rusiyalı vətəndaş və şirkətlər siyahıdan çıxarılacaq.
Fransanın gözlənilməz tələbi digər Aİ diplomatlarını təəccübləndirib. Onlarda biri bunu “heyrətamiz” addım adlandırıb.
“Financial Times” yazır ki, Fransanın bu addımı Aİ-nin xarici siyasətinin transaksion xarakterini bir daha üzə çıxarıb. Belə ki, kollektiv qərarlar milli vetolarla pozula bilər. Bununla belə, bu vaxtadək şəxslərin sanksiya siyahısından uğurlu çıxarılma tələbləri yalnız Aİ-nin Rusiyaya ən yaxın hökumətləri — Macarıstanın sabiq baş naziri Viktor Orban və Slovakiyanın baş naziri Robert Fico tərəfindən qoyulan vetolardan sonra baş verib.
Fransa iddia edilən saziş və ya Azərbaycanda saxlanılan fransız vətəndaşları barədə şərh verməkdən imtina edib. Azərbaycan və Özbəkistanın xarici işlər nazirlikləri isə şərh sorğularına dərhal cavab verməyiblər.
Fransalı diplomat “Financial Times”a bildirib ki, Fransanın “konkret milli təhlükəsizliklə bağlı narahatlığı var və cənab Usmanovla bağlı ona müraciət edən beynəlxalq tərəfdaşlarına müsbət cavab vermək istəyir”.
Diplomat əlavə edib ki, Paris “Rusiyanın müharibə maşınına bütün mövcud vasitələrlə təzyiqin artırılmasına ən çox sadiq olan” ölkələrdən biri olaraq qalır.
Təklif olunan məhbus mübadiləsi hələ yekunlaşmayıb və Usmanovun siyahıdan çıxarılması üçün bütün 27 Aİ üzv dövlətinin razılığının alınmasından asılıdır.
Məsələ ilə tanış olan şəxslərin sözlərinə görə, Slovakiya Usmanovun siyahıdan çıxarılmasını dəstəkləyir, lakin bazar ertəsi keçirilən danışıqlarda ölkələrin əksəriyyəti buna qarşı çıxıb. Bu da bir həftəlik əlavə danışıq müddətinin razılaşdırılmasına səbəb olub.
Lüksemburq sanksiyaların uzadılmasını dəstəkləsə də, Usmanovla yanaşı Rusiyanın ən varlı adamlarından biri olan Mixail Fridmanın da siyahıdan çıxarılmasını istədiyini bildirib.
Digər üzv dövlətlərin rəsmiləri qeyri-rəsmi qaydada şikayətləniblər ki, Fransa Usmanovun siyahıdan çıxarılmasının səbəbləri barədə məlumatı onlarla bölüşmür.
“Bu, təkcə Rusiya üçün deyil, avropalıları həbsdə saxlamaq üçün də mükafat olardı”, — deyə yüksək rütbəli Avropa diplomatlarından biri bildirib.
Qərb ölkələri müharibə dövründə Rusiya ilə məhbus mübadilələri aparıb və məhkəmə çəkişmələrini uduzan və ya Moskvadan uzaqlaşan bəzi rusiyalılar üzərindən sanksiyaları götürüb.
Bir neçə “siyasi əsaslı çıxarılma” hadisəsi Macarıstan və Slovakiyanın təkidi ilə baş verib. Lakin Usmanovla bağlı təklif olunan saziş məhbus azadlığının Rusiyanın Ukraynaya hücumu ilə bağlı sanksiya güzəştinə açıq şəkildə bağlanan ilk hal ola bilər.
Aİ Usmanova qarşı sanksiyaları onun Putinlə “xüsusilə yaxın əlaqələri” olması və “maliyyə axınlarına xidmət etməsi tapşırılan, lakin mövqeyi prezidentin iradəsindən asılı olan” biznesmenlər sırasında dəyər verilməsi ilə əsaslandırıb.
Usmanov Aİ-nin sanksiya üçün gətirdiyi əsasları rədd edib və bir neçə Avropa ölkəsində sanksiyalara qarşı çoxsaylı məhkəmə iddiaları qaldırıb.
Ukrayna Prezidenti Volodimir Zelenski Aİ tərəfdaşlarını sanksiyaları yeniləməyə və Usmanov ilə digər rusiyalı oliqarxlara güzəşt etməməyə çağırıb.
