Ermənistanda saxlanılan Azərbaycan əsgərinə beş maddə üzrə cinayət işi açılıb

Oktyabrın 1-də Ermənistan ərazisində saxlanılan Azərbaycan Ordusunun əsgəri Nəsimi Musayev barəsində Ermənistan Cinayət Məcəlləsinin 5 maddəsi üzrə ittiham elan edilib. 

“armenpress.am”-ın Ermənistanın Baş Prokurorluğuna istinadən verdiyi məlumata görə, Nəsimi Musayev Ermənistanın Cinayət Məcəlləsinin 469-cu maddəsinin 1-ci hissəsi (Ermənistan dövlət sərhədini qanunsuz keçmə), 340-cı maddəsinin 1-ci hissəsi (odlu silah, sursat və qanunda nəzərdə tutulan digər hərbi təyinatlı vasitələrin qaçaqmalçılığı), 335-ci maddəsinin 1-ci hissəsi (odlu silahın, onun əsas hissələrinin, sursatın, partlayıcı maddələrin və ya partlayıcı qurğuların qanunsuz dövriyyəsi), 207-ci maddəsinin 1-ci hissəsi (başqa şəxsin iradəsinə zidd olaraq onun yaşayış yerinə qanunsuz daxil olma, yəni mənzil toxunulmazlığının pozulması) və 166-cı maddəsinin 2-ci hissəsinin 4-cü və 6-cı bəndləri (ağırlaşdırıcı hallarda sağlamlığa ağır zərər vurma; o cümlədən həyat və ya sağlamlıq üçün təhlükəli üsulla və odlu silahdan istifadə etməklə törədilmə) üzrə təqsirli bilinir.

Ermənistan Baş Prokurorluğunun yaydığı rəsmi məlumata görə, Ermənistan sərhəddini qanunsuz keçən Nəsimi Musayev Sünik vilayətinin Şəki kəndi ərazisində evlərin birində gizlənib. Ev sahibi Ani Avetisyan evə gəldikdən sonra tərəflər arasında münaqişə yaranıb. Nəsimi Musayevin qadını odlu silahla yaraladığı, azyaşlı övladlarına xəsarət yetirdiyi bildirilir. 

Ani Avetisyanın Musayevin sinəsinə bıçaq zərbəsi vurduğu deyilib. Ermənistan Səhiyyə Nazirliyindən Ani Avetisyanın vəziyyətinin stabil olduğunu, Nəsimi Musayevə isə yardım edildiyi bildirilib. 

Ani Avetisyanın bacısı Arpi hadisənin təfərrüatlarını Azadlıq Radiosunun erməni xidmətinə danışıb. Onun sözlərinə görə, yeniyetmə uşaqlar günorta saatlarında məktəbdən qayıdarkən evdə gizlənən Musayevi ilk olaraq görüblər. Həmin vaxt uşaqlardan biri anası ilə telefonla danışırmış və evə yad şəxsin girdiyi barədə anasına xəbərdarlıq edə bilib.

Arpi Avetisyan deyib ki, bacısı evə qaçaraq gəldikdə Musayev uşaqları silahla nişan alıb. Ani Avetisyan onun avtomatını əlindən almağa çalışarkən ayağından və əlindən güllə yarası alıb. Yaralı qadın mətbəx bıçağını götürərək Musayevi bıçaqlaya bilib. Ardınca azərbaycanlı hərbçi qadın və onun 15 yaşlı oğlu ilə əlbəyaxa mübarizə apararkən Anini huşsuz vəziyyətə salıb. Qan içində olan Musayev daha sonra evdən qaçıb.

Kənd icmasının rəhbəri Ruben Manuçaryan bildirib ki, polis və yerli sakinlər onu qısa müddət sonra yaxalayanda o, “qan itkisindən taqətdən düşmüş vəziyyətdə” olub.Bacısı Ani Avetisyanın vəziyyətinin ağır olduğunu, daha üç əməliyyat ediləcəyini bildirib.

Ermənistanın Ombudsman Aparatının verdiyi məlumata görə, Ombusmanın nümayəndələri Nəsimi Musayevə baş çəkib və onun vəziyyətini diqqətdə saxlayırlar. Nəsimi Musayev barədə 2 aylıq həbs-qətimkan tədbiri seçilib. Onun vəkillə təmin edilməsi və ailəsi ilə əlaqə saxlamaq imkanı yaradılması ilə bağlı məlumat verilməyib.

Nəsimi Musayev sentyabrın 26-da xidmət yerində Laçın rayonu istiqamətində yerləşən hərbi hissələrdən birində müddətli həqiqi hərbi xidmət zamanı yoxa çıxıb. Onun yaxınları oktyabrın 1-də Musayevin xidmət etdiyi hərbi hissənin qarşısında etiraz aksiyası keçiriblər. Bundan sonra Müdafiə Nazirliyi Musayevin  hərbi hissəni özbaşına keçdiyinə dair əsaslı şübhələrin yarandığına dair açıqlama verib. Onun barəsində Hərbi Prokurorluğunun İstintaq idarəsində cinayət işi qaldırıldığı bildirilib. 

Hərbçinin hərbi xidmət ərazisini tərk edərək Ermənistana keçməsinin səbəbləri hələlik açıqlanmayıb. Qəzetçi-nin Ermənistanın Ombudsman Aparatına və  Baş Prokurorluğuna göndərdiyi sorğuya məqalə dərc olunanadək cavab verilməyib.

ƏFQAN MUXTARLI