Ermənistan mediası Yerevana gedən azərbaycanlı QHT rəhbərlərini „GONGO“ adlandırıb

“İrəvanda Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla bir masa arxasında əyləşən qadın təxminən üç il əvvəl Laçın dəhlizini bağlayan və Qarabağdakı ermənilərinin blokadaya alınmasının təşəbbüskarı olan qondarma “ekoaktivistlərdən” biridir”.

Azadlıq Radiosunun Ermənistan bürosu sülh quruculuğu çərçivəsində Azərbaycandan Ermənistana gedən qeyri-hökümət təşkilatlarıyla Ermənistanın dövlət rəsmilərinin görüşünü şərh edərkən belə yazıb. 

Söhbət Azərbaycan tərəfin 2023-cü ildə Laçın koridorunda keçirdiyi 138 günlük aksiyada iştirak edən Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin Qadınlar Sülh və Əmin-Amanlıq Mərkəzinin rəhbəri Dilarə Əliyevadan gedir.

Görüşün digər iki iştirakçısı da tənqid atəşinə tutulub. Cənubi Qafqaz Araşdırmaları Mərkəzinin rəhbəri Fərhad Məmmədovun 2023-cü ilin sentyabrında rəsmi Bakının “Azərbaycanın Dağlıq Qarabağda antiterror əməliyyatı apardığına” dair tezisini təkrarladığı qeyd olunub.

Topçubaşov Mərkəzinin həmtəsisçisi və direktoru Rusif Hüseynov haqqında isə yazılıb ki, o çıxışlarında Laçın dəhlizinin ermənilərin başının üstündən asılmış “Damokl qılıncı” olduğunu açıq şəkildə bəyan edərək, regionda kimin dominant olduğunu xatırladırdı.

Təhlükəsizlik Siyasətinin Araşdırma Mərkəzindən Azadlıq Radiosuna bildirilib ki, müzakirə hər iki ölkənin ekspertlərinin təşəbbüsü, rəsmi strukturların dəstəyi ilə keçirilib. Görüşdə Ermənistan tərəfdən Təhlükəsizlik Siyasətinin Araşdırma Mərkəzinin rəhbəri Areq Koçinyan da iştirak edib. 

Azərbaycandan olan nümayəndə heyətinin tərkibində Milli QHT Forumu İdarə Heyətinin sədri Ramil İsgəndərli, və hökumətyönümlü “1news.az” saytının baş redaktoru Kəmalə Məmmədova da iştirak edib.

Görüş 2025-ci il avqustun 9-da ABŞ prezidenti Donald Trampın vasitəçiliyilə Vaşinqtonda Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında imzalanan bəyannamədən sonra bu formatda baş tutub ilk görüş idi. 

21-22 oktyabr tarixlərində İrəvanda təşkil olunan görüşlərdə iki ölkə arasında sülh prosesi perspektivləri, humanitar məsələlər, münasibətlərin normallaşması şəraitində iqtisadi və logistika imkanları, habelə etimadın möhkəmləndirilməsi üzrə növbəti addımları müzakirə olunub. 

Son iki ildə davam edən siyasi repressiyalar zamanı Azərbaycanda müstəqil fəaliyyət göstərən QHT- rəhbərlərinin bir qismi qaçaqmalçılıq və vergidən yayınma ittihamı ilə həbs olunub, xeyli sayda QHT rəhbəri cinayət işinə cəlb olunub.

Ermənistan mediası İrəvana gələn QHT rəhbərlərinin müstəqil fikirli olmadıqlarını, Azərbaycan hökumətinin mövqeyini müdafiə etdiklərini yazıb.