Emin Qasımov: “Məhəmməd Mirzəlini dövlətçilik əlehinə çıxışlarından qəzəblənib cəzalandırmaq qərarına gəldim”

Fransada siyasi sığınacaq alan azərbaycanlı blogger Məhəmməd Mirzəliyə edilən sui-qəsd cəhdindən beş il sonra – mayın 26-da Renn Cinayət Məhkəməsində məhkəmə istintaqı başlayıb. 

Məhəmməd Mirzəli Qəzetçi-yə deyib ki, proses zamanı təqsirləndirilən şəxslərdən biri cinayət işinin açılmasında əhəmiyyətli rol oynayan etiraf edib. 

Belə ki, Moldova pasportu ilə həbs edilən Andrey Topal Azərbaycan vətəndaşı olduğunu, əsl adının isə Emin Qasımov olduğunu bildirib. Hakim saxlanma və ilkin istintaq müddətində adı Andrey Topal kimi qeyd edilən şəxsin Emin Qasımov kimi tanındığı barədə xüsusi qərar qəbul edib. 

Qasımov ifadəsində bildirib ki, o, Məhəmməd Mirzəliyə bıcaqla yox, ülgüclə xəsarət yetirib. Məhəmmədi öldürmək niyyətində olmadığını, dövlətçilik əlehinə çıxışlarından və təhqirlərindən qəzəblənərək onu cəzalandırmaq qərarına gəldiyini deyib. 

“Həm istintaq həm də bu gün məhkəmə zamanı bəlli oldu ki, qrup mənim qətlimə əvvəlcədən hazırlaşıb və məqsədli şəkildə yaşadığım şəhərə gəliblər. Mən şübhə etmirəm ki, mənim qətlimin sifarişini İlham Əliyev verib”, – deyə blogger vurğulayıb.

Qasımov həmçinin qeyd edib ki, Məhəmməd Mirzəli onu və ailəsini təhqir edən videolar yayıb. Bloggerin vəkili təqsirləndirilən şəxsdən həmin videoları məhkəməyə təqdim etməsini istəsə də, qarşı tərəf ortaya sübut qoya bilməyib. 

Məhəmməd Mirzəli Qəzetçi-yə deyib ki, Emin Qasımov “Qardaşoğlu” ləqəbi ilə tanınan və 2022-ci ildə İstanbulda qətlə yetirilən kriminal avtoritet Elnur Qasımovun qardaşıdır.  

Məhkəmə prosesində dəvət edilən ekspertlər keşmiş SSRİ-dən gələn “vor zakon” kriminal sistemi barədə arayış veriblər. Ekspertlər qeyd ediblər ki, Mirzəliyə qarşı törədilənlər bu tipli kriminal qrupun Fransa ərazisində həyata keçirdiyi ən ağır sui-qəsd cəhdidir.

Mayın 26-da məhkəmə prosesini izləyən Fransa Radiosunun jurnalistləri isə yazır ki, dinləmə hücumun planlaşdırılmasından tutmuş cinayətkarların qaçmasına qədər faktların təqdimatı ilə başlayıb. 

Təqsirləndirilən şəxslərdən biri iddia edib ki, Məhəmməd Mirzəliyə ciddi hücum edilməyib. Hakim isə müttəhimlər kürsüsündə olan iki dəstə üzvünün birindən soruşur: “Həmin gün orada idinizmi? Luara sahilində”. Təqsirləndirilən şəxs ayağa qalxır və cavab verir: “Bəli, amma mən heç kimi öldürmək üçün heç nə etməmişəm”. 

Nant şəhərinə turizm məqsədilə getdiyini  iddia edən, məhkəmə iclasının əvvəlindəki ilkin çıxışı da daxil olmaqla, şəxsiyyəti istintaq boyunca dəyişən və rusdilli mafiyanın üzvü olduğu iddia edilən ikinci kişiyə də oxşar sual verilir: “Bu hücumda iştirak etmisinizmi?” 

Müttəhimlər kürsüsünün arxasındakı kişi türk dilində bəyan edib: “Mən orada idim, amma heç vaxt öldürmək niyyətində deyildim… Hər halda, o, ciddi xəsarət almayıb”, – deyə o, zərərçəkmişə və həmin gün onun həyatına təhlükə olmadığına işarə edərə bildirib.

Buna baxmayaraq, istintaq həqiqətən də üç nəfərdən ibarət mütəşəkkil qrupun mövcudluğunu ortaya qoyub və onların biri hələ də azadlıqdadır. Onlar bu missiyanı yerinə yetirmək üçün Avropaya gəliblər. Onlar Nant, Paris, eləcə də Fransadan kənarda lojistik dəstək alıblar. 

Məhkəmə prosesi gücləndirilmiş təhlükəsizlik tədbirləri altında keçirilir. Çərşənbə axşamından etibarən tarixi Bretaniya Parlamentinin qarşısındakı meydan mühasirəyə alınıb. Polis mikroavtobusları avtomobillərin girişini bağlayıb, velosipedçilər düşüb piyada gedir, silahlı zabitlər isə çantaları axtarır və giriş məntəqələrini sistemli şəkildə yoxlayırlar.

Təqsirləndirilən şəxslər azərbaycan, türk və ya gürcü dillərində danışırlar. Buna görə, məhkəmə zalının arxasındakı kabinələrdə təxminən on tərcüməçi yerləşdirilib. 

Məhəmməd Mirzəli ötən gün Qəzetçi-yə demişdi ki, ona qarşı qui-qəsd cəhdinə görə həbs olunan Emin Qasımov Andre Topal adıyla saxta Moldova pasportu ilə saxlanılıb.

Mehrac Zərbəliyev isə “Europol” tərəfindən Polşada saxlanılaraq Fransaya ekstradisiya edilib. Bloggerə qarşı sui-qəsddə təqsirləndirilən Rövşən Qocayev isə İnterpol axtarışındadır.

Təqsirləndirilən digər şəxslər isə Rza Məlikov, Xəzər Xankişiyev, Ramil Sultanov, Çingiz İbrahimov, Emin İbrahimov və Xəyyam Haqverdiyevdir. 

Seymur Eyvazov və Tural Məmmədli Fransa İsveçrə sərhəddində İsveçrənin xüsusi xidmət orqanları tərəfindən saxlanılaraq Azərbaycana göndərilib.

Faiq Paşazadə adlı şəxs isə “Europol” tərəfindən Macarıstanda saxlanılıb. Orban hakimiyyətdən gedəndən sonra o da Fransanın hüquq-mühafizə orqanlarına təhvil verilib. Məhkəmə qarşısına çıxarılan şəxslər mütəşəkkil dəstə halında qəsdən adam öldürməyə cəhd və cinayətkar qrupa üzvlük ittihamı ilə təqsirləndirləndirilirlər. 

Fransada Məhəmməd Mirzəliyə qarşı iki dəfə sui-qəsd cəhdi qeydə alınıb. 2020-ci ilin oktyabrında silahdan açılan atəş nəticəsində xəsarət alan blogger 2021-ci il martın 14-də Nant şəhərində bir qrup şəxsin hücumu nəticəsində ağır yaralanıb.