Əli Kərimli məhkəməyə aprılarkən susuzluqdan huşunu itirib

“Əli Kərimlinin yaxınları “charter97.org”a bildiriblər ki, məhkəməyə aparılarkən ona içməli su verilmədikdən sonra Əli Kərimli məhbus daşıyan avtomobildə huşunu itirib”.

Hazırda həbsdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin qeyri-insani rəftara məruz qalması barədə Belarusiyanın “Xartiya 97” İnsan Haqları Təşkilatının məlumatında belə bildirilib.

Təşkilatın yaydığı məlumatda qeyd edilir ki, iyulun 6-da onun həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi tələbi ilə verdiyi şikayətinə Apellyasiya Məhkəməsinin iclasında  baxılarkən Əli Kərimli dəfələrlə ona su verilməsini xahiş edib. Kərimli deyib ki, istintaq təcridxanasında hətta güclü isti havalarda belə içməli suya çıxışı məhdudlaşdırılır.

“Belə dəhşətli istidə mənə su vermirlər”, – deyə o, məhkəmə iclası zamanı bildirib.

Dinləmələrin keçirildiyi gün Bakıda havanın temperaturu yüksək rütubətlə bərabər 30–35 dərəcəyə çatıb ki, bu da susuzlaşmanı xüsusilə təhlükəli edir.

Siyasətçinin yaxınları da “charter97.org”a bildiriblər ki, məhkəməyə aparılarkən ona içməli su verilmədikdən sonra Əli Kərimli məhbus daşıyan avtomobildə huşunu itirib.

Məhkəmə iclası zamanı Əli Kərimli “Onlar burada məni öldürürlər”, – deyə qısa, lakin narahatedici mesajını çatdırıb.

Dövlət Təhlükəsizlik Xidmətinin istintaq təcridxanasında saxlanılan Əli Kərimli iyun ayından etibarən sistemli şəkildə psixoloji işgəncəyə məruz qalır. 

Əli Kərimlinin Hüquqlarının Müdafiə Komitəsinin yaydığı bəyanatda deyilir ki, partiya sədrinin kamerasına ruhi xəstə olan terrorçuluqda ititiham olunan məhbus salınıb. 

Həmin şəxs gecələr yatmır, səs-küy salır, Əli Kərimlinin saxlandığı kameranın qarşısına gecələr səs salan xüsusi cihaz quraşdırılır, ailəsi ilə görüşə və telefon danışıqlarına qadağa qoyulub. Yemək və gigiyenik əşyalar buraxılmır.

Əli Kərimli 2025-ci il noyabrın 29-da Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 278.1-ci maddəsi (hakimiyyəti zorla ələ keçirməyə və ya dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) ilə cinayət işi qaldırılıb. 

Əli Kərimli Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevlə birgə cinayət əməlində ittiham edilir. Eyni ittihamla cinayət işi açılan Ramiz Mehdiyev isə ev dustaqlığındadır.

Əli Kərimli ona qarşı qaldırılan iddiaları rədd edir, həbsinin siyasi fəaliyyəti ilə bağlı olduğunu bildirib. Beynəlxalq hüquq müdafiə təşkilatları Əli Kərimlinin dərhal azadlığa buraxılmasını tələb edib.

Əfqan Muxtarlı