Dübəndi terminalından sızan neft Xəzərdə ciddi fəsadlara yol açıb

İyunun 18-də Dübəndi sahilinə gələn ailə dəhşətli mənzərə ilə qarşılaşır. Dənizdən çıxıb sahildəki qayalıqların üstündə qıvrılan, adı vaxtda açıq yaşıl rəngdə olan su ilanları qaraya boyanmışdılar. 

Bu mənzərə iyunun ortalarında Dübəndi terminalından sızan neftin Xəzərdə canlılara vurduğu zərərin gözlə görülə bilinən nümunəsi idi. 

“Qapqaradılar. İki balacanı silib təmizlədik. Biri də var, tamamilə mazuta bulaşıb, əsas odur başını silək nəfəs ala bilsin. Başını təmizlə, yazıq hara üzdüyünü də görmür”,  – deyən ana-bala safletlə su ilanlarını təmizləyib dənizə geri buraxır.

İyunun 20-də sakinlər dəniz suyuna yayılan neftin artıq Şüvəlan sahilinə çatdığını bildirirdilər. Üzmək üçün dənizə dalan bir gəncin bədəni də sahildəki ilanlar kimi neftə bulaşmışdı.

Görüntülər sosial mediada ictimailəşəndən sonra Fövqəladə Hallar Nazirliyilə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) birgə açıqlama vermək məcburiyyətində qaldı.

Bu dövlət qurumlarının yaydığı birgə məlumatda bildirilirdi ki, Pirallahı adası ilə Dübəndi arasındakı akvatoriyada çirklənmə “Azneft” İstehsalat Birliyinə məxsus sualtı neft kəmərlərindən birində sızma nəticəsində baş verib.

“Sızma mənbəyi müəyyənləşdirildikdən dərhal sonra həmin sualtı kəmər üzrə neftin nəqli dayandırılıb. “Azneft” İB tərəfindən insidentin idarə olunması məqsədilə operativ qərargah yaradılıb və vəziyyət nəzarətə götürülüb”, – deyə açıqlamada bildirilirdi.

“Azneft” İB sualtı neft kəmərindəki zədələnmənin “mexaniki xarakterli” olduğunu açıqlayıb.

“İlkin qiymətləndirməyə əsasən, bu zədələnmələrin xarici predmetlə, ehtimal ki, lövbər ilə təmas nəticəsində yarandığı müəyyən edilib”,  – açıqlamada deyilirdi. 

Zədələnmə aşkar edildikdən sonra isə Fövqəladə Hallar Nazirliyi əsgərlərlə birgə Dübəndi ərazisindəki nefti yalın əllə və heç bir qoruyucu vasitə olmadan bel və plastik torbaların köməkliyilə təmizləməyə çalışıb. 

ARDNŞ sızma nəticəsində dənizə axan neftin həcmi ilə bağlı açıqlama verməyib. Neftlə çirklənmə zamanı ətraf mühitə və Xəzər dənizindəki canlılara dəyən ziyanı da heç bir dövlət qurumu şərh etməyib. 

“Ecofront” ekoaktivistlər qrupu sosial media hesabında bildirib ki, sualtı neft kəmərlərində yaranan sızmalar Xəzər kimi həssas ekosistem üçün ciddi fəsadlar yarada bilər. 

“Beynəlxalq standartlara görə, neft hasilatı və nəqli zamanı əsas tələb sızıntı risqini minimuma endirməkdir. Bunun üçün boru kəmərlərinin mütəmadi texniki yoxlanması, korroziyaya qarşı qorunma, real vaxt monitorinq sistemləri və avtomatik bağlanma mexanizmləri tətbiq edilməli idi”, – deyə qrupun açıqlamasında deyilir.

Neft suyun səthində qalın təbəqə yaradır və su ilə atmosfer arasında oksigen mübadiləsini azaldır.

“Bu balıqların, planktonların və digər su canlılarının nəfəs almasını çətinləşdirir və kütləvi stressə səbəb olur. Neftin tərkibindəki toksik maddələr qida zəncirinə daxil olur. Kiçik orqanizmlərdən başlayaraq daha iri balıqlara və sonda insana qədər təsir edən bioakkumulyasiya prosesi başlayır”, – deyə “Ecofront” bəyan edib.  

Neftlə çirklənmədən “Xəzər suitisi kimi nadir canlılar” da zərər görür. Sızıntıdan suda yaşayan canlılarla yanaşı dəniz quşları da zərər çəkir. 

“Dəniz quşları lələklərinə yapışan neft səbəbilə uça bilmir, istilik balansını itirir və çox vaxt özlərini təmizləməyə çalışarkən zəhərlənirlər. Sahil ekosistemləri də ciddi zərər görür: torpaq, bitki örtüyü və yumurtlama sahələri çirklənir, bərpa prosesi isə illərlə çəkə bilir”,  –”Ecofront”un açıqlamasında deyilir.

İyunun 23-də prezident İlham Əliyevin qızı Leyla Əliyevanın təsis etdiyi “İdea” İctimai Birliyi sosial media hesablarında Dübəndi çimərliyində çirklənmiş sahil xəttini təmizlədiklərinə dair fotolar paylaşıb. 

Qoruyucu geyimlərdə olan könüllülərin nefti torpaq qatı ilə bərabər torbalara topladıqları əks olunur. Toplanan tullantının utilizasiyasi ilə bağlı isə məlumat verilməyib. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Qəzetçi-yə bildirilib ki, su hövzələri artıq bir ildir ki, nazirliyin balansından çıxarılaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə (ADSEA) verilib. 

ADSEA-nın tərkibinə daxil olan Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən  Qəzetçi-yə bildirib ki, “Abşeronneft” Neft və Qaz Çıxarma İdarəsinin “Neftin Kompleks Hazırlanması və Nəqli Sahəsi”ndən Dübəndi neft terminalında yerləşən əmtəə neft yığımı çənləri parkına neft nəql edən polad boru kəmərində qəza baş verib. 

“Abşeronneft” Neft və Qaz Çıxarma İdarəsi “Azneft” İstehsalat Birliyinin nəzdində fəaliyyət göstərir. 

Qurumdan bildirilib ki, Xəzər dənizində müşahidə edilmiş neft ləkələrinin yayılmasının qarşısını almaq məqsədilə ilkin olaraq üzən maneələr qurulub və bununla da “neftin külək və cərəyanların təsiri ilə daha geniş əraziyə yayılması məhdudlaşdırılıb”. 

Bu açıqlamaya baxmayaraq, sosial mediada neftlə çirklənmənin Şüvəlana və digər sahillərə yayılması da öz əksini tapmışdı. 

“Hazırda hadisə nəticəsində Xəzər dənizinə axmış neft məhsulunun həcminin müəyyənləşdirilməsi və  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 avqust 2022-ci il tarixli 308 nömrəli Qərarı ilə təsdiq edilmiş normativlərə uyğun olaraq su obyektinə vurulmuş ziyanın hesablanması işləri aparılır”, –deyə qurumdan bildirilib. 

Eyni ərazidə neftlə çirklənmə ötən ilin fevralına da qeydə alınıb. 

Həmin vaxt “Qafqazinfo.ay” yazıb ki, “Azneft” İstehsalat Birliyinin “Neft Daşları”- Çilov – Şah saçı – Dübəndi neft xəttində sızma müşahidə edilib. Neft xətti “Neft Daşları”ndan neft və kondensatın Dübəndi istiqamətində nəqlini həyata keçirir. 

Neft sızıntısı qış ayına təsadüf etdiyi üçün havanın əlverişsiz olması səbəbindən təmir-bərpa işlərini həyata keçirəcək heyət hava şəraitinin sabitləşməsini gözləyib.

Neftçilərin Hüquqlarının Müdafiə təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı Qəzetçi-yə bildirib ki, neft sızıntısı 2024-cü ildə də qeydə alınıb. 

“O zaman daxil olan məlumatda deyilirdi ki, 2024-cü ilin fevralında ARDNŞ Neft Daşları, Günəşli və Qarabağ yatağından hasil olunan nefti nəql edən kəmərdə baş verən qəza ilə əlaqədar kəmərin fəaliyyətini dayandırıb”, – hüquq müdafiəçisi deyib. 

Mirvari Qəhrəmanlı vurğulayıb ki, həmin dövrdə bir ildən artıq kəmərdə qəza olmasına baxmayaraq, ARDNŞ rəhbərliyi hec bir tədbir görməyib.

“Neft sızması ilə bağlı  ayın sonu olduğundan neft planına qarşı mənfini azaltmaq məqsədilə 14 və 20 düyüm diametrli kəmərlərdə təzyiq qaldırılıb. Bu isə xətlərdə yüklənməyə səbəb olub. Həmin xətlərin də uzun müddət istimar edildiyindən və zədəli nöqtələri olduğundan əsaslı təmirə ehtiyacı olub. Yay mövsümündə isə dənizlə bağlı sualtı təmir işləri aparılmayıb”, – deyə hüquq müdafiəçisi vurğulayıb. 

Nəticədə, ötən il yanvarın 31-də Dubəndi sahəsinə gedən 20 xəttin iki yerdən deşildiyini deyən Qəhrəmanlı əlavə edib ki, sızma aradan qaldırılsa da, 1000 kubmetrə yaxın neft əraziyə dağılıb. 

Hüquq müdafiəçisi deyib ki, neft borularında sızıntı baş verməsini onların lazımi zamanlarda təmir olunmaması, ixtisaslı kadrların işdən uzaqlaşdırılması və korrupsiya ilə bağlıdır.

SOCAR-la Azneft İB sosial media hesablarında neft sızıntısından qaynaqlanan çirklənməyə dair hər hansı məlumat paylaşmayıblar.