Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin Dövlət Təhlükəsizlik Xidmətinin təcridxanasında saxlanma şəraiti sərtləşdirilib.
Partiyanın mətbuat xidmətindən bildirilib ki, partiya sədri ailəsi ilə görüşü zamanı özü bu haqda məlumat verib.
Əli Kərimli başqa kameraya köçürüldüyünü, saxlanma rejiminin sərtləşdirildiyini və digər məhbuslara tanınan bəzi hüquqlardan məhrum edildiyini bildirib.
“Onun kamerasındakı televizor söndürülüb, radio yoxdur, vəkillərinin gətirdiyi qəzet və digər mətbuat materialları isə Əli Kərimliyə çatdırılmır. Bundan əlavə, gündəlik iki saatlıq gəzinti hüququna da məhdudiyyət qoyulub. Kamerada elə dözülməz şərait yaradıblar ki, yuxusuzluqdan əziyyət çəkir”, – deyə açıqlamada bildirilib.
Əli Kərimli bildirib ki, bu şərait günlərlə davam edərsə, sağlamlığına ciddi təsir göstərəcək.
AXCP bundan əvvəl də Kərimlinin ailəsi ilə telefon danışıqlarının məhdudlaşdırıldığını bildirmişdi. Partiyanın açıqlamasında təcridxana rəhbərliyinin Əli Kərimlinin telefonla yerli və xarici medialara müsahibə verməsindən narazı qaldığı deyilirdi.
Əlaqədar qurumlar səslənən iddialarla bağlı açıqlama verməyiblər.
Ötən ilin noyabrından həbsdə olan partiya sədrinin həbs qətimkan tədbiri iyunun 10-da beş ay müddətinə təkrar uzadılıb.
Əli Kərimli partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimlə birlikdə 2025-ci ilin dekabrında Prezident Administrasiyasının keçmiş rəhbəri, dövlətə xəyanət maddəsilə ittiham olunan Ramiz Mehdiyevə qarşı açılan cinayət işi ilə əlqədar saxlanılıblar.
Əli Kərimli ilə Məmməd İbrahim onlara qarşı ittihamları qəbul etmirlər. Beynəlxalq insan hüquqları təşkilatları və müşahidəçilər bu həbsi siyasi motivli hesab edirlər.
