Azərbaycan ərazisindən tranzit olunan neftə görə Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) daxilolmalar kəskin azalıb. Fondun “neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər”i 2020-ci ildə 20,3 milyon manat olduğu halda, 2025-ci ildə cəmi 14,4 min manata düşüb.
Ümumilikdə, son beş ilin göstəricilərinə nəzər saldıqda görünür ki, ARDNF-in bu istiqamətdə daxilolmaları 2023-cü ildə 839 min manat, 2024-cü ildə isə 527 min manat təşkil edib.
Lakin Neft Fondunun həmin illər üzrə təsdiq edilmiş büdcələrində bu istiqamət üzrə gəlirlər xeyli yüksək proqnozlaşdırılıb. Təhlillər göstərir ki, 2023-cü ildə 23,6 milyon manatlıq proqnoza qarşı cəmi 3,6 faiz, 2024-cü ildə isə 24,2 milyon manatlıq proqnoza qarşı 2,1 faiz icra olunub.
ARDNF-in 2025-ci il büdcəsində tranzit gəlirləri 25,4 milyon manat nəzərdə tutulsa da, icra səviyyəsi cəmi 0,06 faiz olub. Fondun bu istiqamətdə gəlirləri, demək olar ki, sıfırlanıb.
Büdcə icrasına dair rəsmi məlumatlarda proqnozla faktiki icra arasındakı bu ciddi fərqin səbəbləri izah edilmir. Hesablama Palatası isə Dövlət Neft Fondunun 2023 və 2024-cü illər üzrə büdcə rəylərində proqnozlaşdırmanın düzgün aparılmaması ilə bağlı quruma iradlarını bildirib.
Nəhayət, 2026-cı il üçün ARDNF reallığa daha uyğun proqnoz təqdim edərək tranzit gəlirlərinin cəmi 3,7 min manat olacağını nəzərdə tutub. Hesablama Palatası 2025-ci il büdcəsinə dair rəyində icranın proqnozla müqayisədə belə kəskin aşağı olmasını geosiyasi vəziyyətlə əlaqələndirib.
Bununla belə, son üç il ərzində tranzit gəlirlərinin kəskin azalmasının səbəbləri barədə ictimaiyyətə ətraflı rəsmi açıqlama verilməyib. Palata yalnız 2026-cı il üzrə büdcə rəyində “geosiyasi” amilləri daha geniş izah edərək qeyd edib ki, Rusiya-Ukrayna münaqişəsi səbəbindən tranzit marşrutlarının fəaliyyəti dayandırılıb.
“Cari ildə Rusiya-Ukrayna münaqişəsinin davam etməsi nəticəsində Qərb İxrac Boru Kəməri və Qara dəniz marşrutu vasitəsilə xam neftin nəqlinin dayandırılması səbəbindən Əməliyyat Şirkəti növbəti ildə bu maddə üzrə daxilolmaların olmayacağını proqnozlaşdırıb. Bu şəraitdə aidiyyəti gəlir istiqamətinin Neft Fondunun 31.08.2025-ci il tarixinə olan faktiki daxilolmalar səviyyəsində proqnozlaşdırılması məqsədəuyğun hesab edilib”, – deyə Hesablama Palatası vurğulayıb.
Azərbaycan ərazisindən əsasən Qazaxıstan və Türkmənistan neftinin tranziti həyata keçirilir. Bu neft Bakı-Tbilisi-Ceyhan (BTC) və Qərb İxrac Boru Kəmərləri (Bakı-Supsa) vasitəsilə nəql olunur. İkinci üzərindən neft nəqli 2022-ci ilin ortalarından dayandırılıb.
Hər iki boru kəmərinin operatoru uzun müddət BP-Azərbaycan olub. 2026-cı ilin iyun ayından etibarən isə kəmərlərin idarə edilməsi SOCAR-a təhvil verilib.
Neft Araşdırmaları Mərkəzinin sədri İlham Şaban Qəzetçi-yə açıqlamasında bildirib ki, tranzit gəlirlərinin azalmasının əsas səbəblərindən biri də boru kəmərləri ilə daşınan neft həcmlərinin azalmasıdır. Onun sözlərinə görə, tranzit tarifləri sabitdir və çox nadir hallarda dəyişdirilir. Buna görə də ekspert mövcud vəziyyəti ilk növbədə daşınan həcmlərin azalması ilə izah edir.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ildə magistral neft kəmərləri ilə ümumilikdə 36,3 milyon ton neft nəql edilib. Bunun 74,9 faizi Bakı-Tbilisi-Ceyhan neft ixrac kəmərinin payına düşüb. Hesabat dövründə BTC ilə nəql olunan neftin 15,2 faizini, yaxud 4,1 milyon tonunu Türkmənistan və Qazaxıstandan daxil olan neftin tranziti təşkil edib.
Müqayisə üçün qeyd edək ki, 2024-cü ildə bu göstərici 5,3 milyon ton olub. Beləliklə, Türkmənistan və Qazaxıstandan daxil olan neftin BTC kəməri vasitəsilə tranzitində də təxminən 22,6 faiz azalma müşahidə olunub.
Azərbaycan Dövlət Neft Fondu Qəzetçi-nin mövzu ilə bağlı suallarını yazı dərc olunanadək cavablandırmayıb.
