Böyük Britaniya mayın 11-də İran hökuməti adından planlaşdırılan hücumlara görə dörd şəxsə sanksiya tətbiq edib. Onlardan biri də “Lotu Quli” kimi tanınan mərhum kriminal avtoritet Nadir Səlifovun qardaşı Namiq Səlifovdur.
Britaniya Xarici İşlər Nazirliyinin mayın 14-də yaydığı məlumatda bildirilir ki, Namiq Səlifovun Böyük Britaniya ərazisində olan əmlakları dondurulub, özünün isə ölkəyə girişinə qadağa qoyulub. Onun Britaniyada şirkət direktoru kimi səlahiyyətləri də mayın 11-dən ləğv edilib.
Namiq Səlifovun Birləşmiş Krallıqda və ya hər hansı digər ölkədəki şəxslərə və əmlaklara qarşı təhdid və ya hücumlar həyata keçirməklə İran hökumətinin düşmənçilik fəaliyyətində iştirak etməsinə əsaslı şübhələr olduğundan sanksiya siyahısına salındığı bildirilir.
Britaniya hökuməti sanksiya ilə bağlı detalları açıqlamayıb. Amma Xarici İşlər Nazirliyinin katibi Yvette Cooper deyib ki, “bu sanksiyalar paketi birbaşa Böyük Britaniya küçələrində təhlükəsizliyə və Yaxın Şərqdə sabitliyə təhdid yaradan təşkilatları və fərdləri hədəf alır”.
Səlifov qardaşlarının ABŞ-də yaşayan və İrandakı hakimiyyətin kəskin tənqidçilərindən olan jurnalist-yazar Məsih Əlinejada qarşı təşkil olunan sui-qəsd cəhdinə görə 25 il həbs cəzası verilən Rafat Omarov və Polad Əmirovla əlaqələrinin olduğu bildirilirdi.
ABŞ-də qaldırılan cinayət işi ilə bağlı ittiham aktında bu şəxslərin Rusiya mütəşəkkil kriminal dəstəsinin Quli fraksiyasının üzvləri olduğu qeyd edilirdi. Səlifov qardaşlarının adlarının ABŞ-də və digər ölkələrdə qətllər, adam oğurluğu, zorla pul tələb etmədə hallanır.
Nadir Səlifov 2020-ci ildə Türkiyədə qətlə yetirilib.
