İyulun 29-da Müsəlman Birliyi Hərəkatının üzvü Ələmdar Bunyadov Prezidentin köməkçisi Hikmət Hacıyev və xarici işlər naziri Ceyhun Bayramovla Berlində polemikaya girəndən sonra hökumətyönümlü media onu İrana “casusluqda” ittiham edib.
Ələmdar Bunyadovun özü tərəfindən lentə alınan və Qəzetçi-də dərc olunan videonun mövzusu Azərbaycanda siyasi məhbuslar, pozulan mülkiyyət hüquqları, müxalif fəallara, partiyalara, mediaya və Nardaran sakinlərinə repressiyalarla bağlı idi.
Ələmdar Bunyadovla olan söhbət sosial mediada geniş rezonans yaratdı və həmin kadrların dərcindən bir neçə saat sonra hökumətyönlü media onu İran xüsusi xidmət oraqanları ilə “sıx əlaqə saxlamaq”da ittiham etdilər. O, bildirib ki, 2015-ci il Nardaran hadisələri zamanı saxlanılanda onlara qarşı rəsmi şəkildə İran ittihamı səsləndirilməyib.
“Heç bir müstəntiq İran adını çəkməyib. Bizə İranla bağlı bir dənə də sual verilməyib. Saxta da olsa, ittihamlar ancaq narkotik maddə saxlama, polisə müqavimət və terror olub”, – deyə Bunyatov vurğulayıb.
Onun Hikmət Hacıyevə və Ceyhun Bayramova verdiyi suallar və gətirdiyi arqumentlər hazırda daxili işlər naziri olan Vilayət Eyvazovun 10 il əvvəl Nardaran hadisələri zamanı saxlanılanda onu ölümlə təhdid etməsi, Ramiz Mehdiyevə qarşı açılan cinayət işinə AXCP sədri Əli Kərimlinin də cəlb olunması amma Mehdiyevin ev dustaqlığına buraxılıb, Əli Kərimli barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı olub.
Bunyatov deyib ki, bu qarşılaşmada məqsədi iyulun 20-də Prezident İlham Əliyevin Almaniyaya səfəri çərçivəsində onu müşayiət edən dövlət rəsmilərinə suallarını ünvanlamaq olub. Nardaran hadisələri zamanı hazırkı daxili işlər naziri Vilayət Eyvazov tərəfindən təhdid olunduğunu deyən Bunyatov həmin dövrdə iki əmisi oğlunun öldürüldüyünü, birinin isə ömürlük əlil qaldığını bildirib.
“Başı Şəhər Baş Polis İdarəsində daxili işlər nazirinin müavini Vilayət Eyvazov da o dindirmə vaxtı ora gəlib. Birbaşa idarənin rəisi Mirqafar Seyidovun kabinetində çəkdi siyirtməsindən tapançanı qoydu stolun üstünə dedi ki, “And olsun Allaha, çəkərəm burdan ataram başından, 2-3 saat sonra deyərik ürək çatışmazlığından ölüb. Meyidinizi də aparıb it kimi basıdrarlar””.
Ələmdar Bünyatov medianın ona qarşı ittihamlarının əsasının olmadığını deyib. Əlavə edib ki, Hikmət Hacıyev polemika zamanı heç İranın adını da çəkə bilməyib.
“İctimaiyyətə, Xəzər TV-yə, AzTV-yə mənim haqqımda istədiklərini dedizdirə bilərlər. Bunları dövlət məmurlarının sözü, istəyi ilə yazıb paylaşırlar. Mən onlardan ittihamlarının cavabını istəyəndə isə ad çəkə bilmirlər”, – deyə Ələmdar Bunyatov vurğulayıb.
