Azərbaycanın Avropa Məhkəməsindən ayrılıq qərarı nə vəd edir?

Kürdəmir rayonunun mərkəzinə yaxın Xırdapay kəndindən Bağban kəndinə gedən yol rəqəmsal xəritədə təxminən 35 kilometr göstərir. İndi nisbətən daha yaxşı yollar və rahat avtomobillərlə gedilən bu qısa yolun üstündəki kiçik kənd əhvalatı məsafələrin daha da qısaldığı indiki dünyada bəzən böyük geosiyasi hadisələrin simvolik hekayəsinə çevrilə bilir. 

İki kəndin sakinlərinin hekayəsi 2007-ci ildə davam etdirilməsi mümkün olmayan bir nikahın sona çatması ilə başlayır. Prinsip etibarilə, bu mülki işdəki hüquqi mübahisə vacib olsa da, çox sadə idi. 

Mübahisə Azərbaycan məhkəmələrinin onlara yad olmayan və tez-tez baxdıqları işlərdən biri – ayrılmış valideynlərin uşaqları ilə ünsiyyət hüququnun təmin edilməsi haqqındaydı.

Lakin ailə hüququnun sadə ancaq vacib bir sahəsində yaranmış bu mübahisə Azərbaycandan 4500 km uzaqda – Strazburqda yerləşən Avropa İnsan Haqları Məhkəməsinə gedib çıxmalı oldu. 

Bu məhkəmə mürəkkəb roluna görə onun yurisdiksiyasını qəbul edən ölkələrdə məhkəmə orqanlarının hamılıqla qəbul edilmiş hüquq qaydalarına əməl edə bilmədiyi hallarda son hüquqi müdafiə mexanizmi kimi çıxış edir.

Bu iş boşanmadan sonra ata ilə uşaqları arasında ünsiyyət hüquqlarının təmin edilməsi üzərində yaranmış mübahisəni ədalətlə həll edə bilməyən yerli məhkəmələrin praktikada tez-tez rast gəlinən formal yanaşması ilə bağlı idi.

Bəhs edilən işdə yerli məhkəmələr ata üçün uşaqları ilə bir ayın üç həftəsinin şənbə və bazar günlərində yalnız 2 saat – 11:00-dan 13:00-dək görüşməyə icazə vermişdi.

Uşaqlar anaları ilə ana nənəsinin yaşadığı Kürdəmirin Bağban kəndində, ata isə ilin müəyyən aylarında xarici ölkədə yaşasa da,  Kürdəmirin Xırdapay kəndində yaşayırdı. 

Hər iki ünvana gediş-gəliş üçün 1 saatdan çox vaxt sərf edilirdi. Bu iki kənd arasındakı məsafədə itirilən vaxtın ərizəçinin uşağı ilə ünsiyyət hüququ üçün vacib amil olmasını bu kəndlərin yaxınlığında yerləşən yerli məhkəmələr görə bilməmişdi. Lakin bu vacib məqam Azərbaycandan uzaq məsafədə yerləşən Avropa İnsan Haqları Məhkəməsinin nəzərindən qaçmadı.

Azərbaycan Ali Məhkəməsi görüş üçün müəyyən edilmiş iki saatlıq vaxtın əhəmiyyətli bir hissəsinin iki kənd arasındakı yolda keçəcəyini nəzərə almadığına görə, Avropa İnsan Haqları Məhkəməsi Konvensiyanın 8-ci maddəsinin – ailə həyatına hörmət hüququnun pozulduğunu müəyyən etdi və ərizəçiyə təzminat ödənilməsi haqqında qərar qəbul etdi.

Bu qərardan sonra 2020-ci il sentyabrın 30-da Ali Məhkəmə işə yenidən baxdı. Yeni bir qərarı ilə Avropa İnsan Haqları  Məhkəməsinin qərarlarının icrasına nəzarət edən Avropa Şurası Nazirlər Komitəsinə xəbər göndərdi ki, bu iş üzrə uşaqlar artıq yetkinlik yaşına çatdığı üçün yeni bir qərarın qəbul edilməsi məqsədə uyğun deyil.

Lakin bir daha belə problemlərin təkrarlanmaması üçün 2011-ci il  oktyabrın 28-də Ali Məhkəmənin Plenumunun qəbul etdiyi etdiyi “Valideynlərin və digər qohumların uşaqla ünsiyyət hüquqları ilə bağlı qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi haqqında ” qərar 19 dekabr 2022-ci ildə yeniləndi. 

Plenumun yeni qərarında göstərildi ki, valideynlər ayrı yaşasa da, uşaq hər iki valideynlə müntəzəm əsaslarla ünsiyyətdə olmalıdır. Valideynlərdən biri xaricdə yaşadıqda belə, uşağın üstün maraqları nəzərə alınmalı və bu əlaqənin qorunması əsas məsələlərdən biri olmalıdır.

Bu nəticə on beş il üçün çox kiçik görünə bilər. Ancaq bu qədər sadə bir məsələnin həlli üçün beynəlxalq hüquq nizamının müdaxiləsinə ehtiyacın yaranması əslində daha böyük problemi göstərir. Çünki bir çox vacib ancaq sadə hüquqi mübahisələrin belə ölkə daxilində ədalətli həlli üçün nə formalaşmış ənənələr, nə idarəetmə, nə də məhkəmə təcrübəsi və potensialı kifayət etmir və bu təkcə Azərbaycana xarakterik hal deyil.

Bunun başqa bir sübutu isə odur ki, Azərbaycan Avropa İnsan Haqları Məhkəməsində ən çox qərar qəbul edilməsi gözlənilən  8 ölkədən biridir. Qərarı gözlənilən şikayətlərin əhali sayına nisbətinə görə Azərbaycan Rusiya və İtaliya kimi ölkələri ən azı 4 dəfə üstələyir. 

Azərbaycanla bağlı şikayətlərin əsas hissəsi qanunsuz həbslər, ədalətli məhkəmə araşdırmasının olmaması, şəxsi və ailə həyatına qanunsuz müdaxilələr və mülkiyyət hüququ pozuntularıdır.

Azərbaycan hazırda Avropa İnsan Haqları Məhkəməsi və onu təsis edən Avropa Şurası ilə açıq qarşıdurma içərisindədir. Bu qarşıdurmanın əsas səbəbi isə Azərbaycanın öz Konstitusiyasına və beynəlxalq öhdəliklərinə əməl etməkdən bir tərəfli qaydada imtina etməsidir. 

Azərbaycan dövləti insan hüquqları sahəsində mövcud olan böhranlı vəziyyətlə bağlı məhkəmə qərarlarındakı nöqsanları, tənqidləri və onların düzəldilməsinə dair çağırışları müzakirə etmək imkanı kimi deyil, düşmənçilik kimi təqdim edir.

Buna görə də,  Avropa Şurasının Parlament Assembleyasının 24 yanvar 2024-cü il tarixli qətnaməsi ilə Azərbaycanın nümayəndə heyətinin səlahiyyətləri təsdiqlənmədikdən sonra münasibətlər sürətlə gərginləşməyə başlayıb. Azərbaycan həmin qərara səs verən 76 deputata Azərbaycana səyahət etmək qadağası tətbiq edib və qurumu Avropa Şurasını İnsan Hüquqları Konvensiyasından çıxmaqla hədələyib.

2024-cü ilin fevralından isə Avropa İnsan Haqları Məhkəməsinin qərarlarının icrası üzrə əməkdaşlıq faktiki dayandırılıb. 2025-ci ilin sonunda bəzi sahələrdə əməkdaşlıq bərpa olunsa da, məhkəmə qərarlarının icrası, kompensasiyaların ödənilməsi və insan hüquqları problemlərinin həlli üzrə Azərbaycanın Avropa İnsan Haqları Məhkəməsinin yurisdiksiyasından uzaqlaşma mövqeyi dəyişməz olaraq qalır.

Bu uzaqlaşmanın diplomatik demarş, Konvensiya sistemi üzərində Avropada artan təzyiqlərin bir hissəsi, yoxsa həqiqətən strateji bir seçim olduğu hələ tam aydın deyil. Ancaq Azərbaycan vətəndaşlarını təsirli beynəlxalq müdafiə mexanizminin müdafiəsindən məhrum etmək çox zərərli nəticələrə səbəb olacaq.

İkinci Dünya müharibəsinin fəlakətlərindən sonra ölkələrin razılaşdırdığı insan haqlarının universallığı qaydası tələb edir ki, harada və hansı ölkədə yaşamasından asılı olmayaraq, insanlar təkcə yaşadıqları ölkələrdəki ədalət sisteminin təsiri altında əsir deyillər. 

Dövlətlər öz vətəndaşlarının hüquqlarının yeganə və son hakimi ola bilməz. Bu təkcə  nəzarətsiz dövlət gücünə tarixin faciəli təcrübələrindən yaranan etimadsızlığın deyil, insan ləyaqətinin və hüquqlarının dövlət sərhədlərindən daha yüksək dəyər hesab edilməsinə dair ortaq qənaətin nəticəsidir.

Doğrudur ki, dünya hazırda bu sistemin hücum altında süqutuna şahidlik edir. Lakin onun əbədi məhvi mümkün görünmür. İnsanlar daima haqlarının və azadlıqlarının qorunmasına və müdafiə olunmasına əvvəlcə öz yaşadıqları yerlərdə, orada nail olmadıqda isə kənarda axtarmağa davam edəcəklər.

Haqq-ədalət axtarışlarının sərhəd tanımaması məsələsi heç də nəzəri mülahizə deyil. Biz Azərbaycanda da zaman-zaman bu məsələdə maraqlı mənzərələrə rast gəlirik. Ölkə daxilində hüquqlarının ədalətli həllinə nail ola bilməyən insanlar internetdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana, bəzən Rusiya Prezidenti Vladimir Putinə video müraciətlər edirlər. Bunlar geniş yayılmış praktika olmasa da, vətəndaşların ölkədən kənarda haqq ədalət axtarışı təbii və insani bir haldır və vətəndaş öz dövlətində eşidilmədikdə ədaləti təmin edəcək daha güclü “yuxarı” bir ünvan axtarır.

Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycan vətəndaşı üçün əhəmiyyəti də məhz burada üzə çıxır. Əgər bu ünvanın qapıları bağlanırsa, məsələ yalnız haqq-ədalət baxımından problem olmayacaq. Azərbaycan insanı ədalət və müdafiə axtarışında bundan sonra hara üz tutacaq?

Doğrudur ki, Avropa Məhkəməsi Azərbaycan vətəndaşları üçün ən ideal və səmərəli mexanizm olmayıb. Şikayətlər üzrə qərarların qəbulu illərlə vaxt aparıb, onların icrası sistematik şəkildə gecikdirilib. Xüsusilə, əsas insan haqları işlərində Azərbaycan hökümətinin açıq aşkar Konstitusiyaya zidd müqaviməti hələ də davam edir. Abışov işində olduğu kimi 2007-ci ildə ayrılan valideynlərin uşaqları ilə ünsiyyətə dair mübahisəni Avropa məhkəməsi 13 il sonra həll etmişdi.

İndi isə Azərbaycanın özü Avropa Məhkəməsi ilə “ayrılıq” xətti götürüb. Şübhə yoxdur ki, bu ayrılığın nəticəsində də Azərbaycan vətəndaşlarının ədalət axtarışı davam edəcək. Lakin bu haqq axtarışı çox ciddi bir sualı da ortaya çıxarır. Azərbaycan dövlətinin “artıq dünyada hər şey güclə həll olunur” təbliğatına hər gün məruz qalan Azərbaycan vətəndaşları, ölkədən kənarda ədalət axtaranda onların bu axtarışının fonunda Avropa İnsan Haqları Məhkəməsinin yerini hansı ünvan dolduracaq?

Emin Abbasov

Hüquqşünas