Azərbaycanda məhkəmələr USAID, GMF, ABŞ səfirliyindən ayrılan vəsaiti “çirkli pulların yuyulması” adlandırır

VAŞİNQTON, DC – 5 fevral 2025-ci ildə Vaşinqtonda etirazçılar USAID-ə dəstək məqsədli mitinq üçün ABŞ Kapitolunun qarşısına toplaşıblar. Foto: Nathan Posner / Anadolu

Sentyabrın 16-da “Hüquq və İnkişaf” İctimai Birliyinin rəhbəri Hafiz Həsənova “QHT işi” çərçivəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 3 il sınaq müddəti olmaqla 8 il şərti həbs cəzası verilib. 

Hökumətyönlü media olan APA yazır ki, o, 2 il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında maddi məsul vəzifə tutmaq hüququndan da məhrum edilib. 

Hafiz Həsənov cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və vəzifə saxtakarlığında günahlandırılıb.

İttihama görə, o, ABŞ-nin Alman Marşall Fondundan (GMF) ümumilikdə 415 min manatdan artıq pul vəsaitini “qrant” alaraq leqallaşdırıb.

Eyni ittihamlar əsasında sentyabrın 4-də Gəncə Ağır Cinayətlər Məhkəməsində Məhərrəm Göyüşoğluna da hökm oxunub.

Azadlıq Radiosu bildirir ki, ona da 8 il həbs cəzası verilib.  Məhkəmə cəzanın 4 il sınaq müddəti ilə şərti tətbiq edilməsi qərarı çıxarıb. 

Onun USAID-dən və GMF-dən aldığı vəsaitləri “qrant” kimi Ədliyyə Nazirliyində qeydiyyatdan keçirmədiyi, xidmət müqaviləsi ilə rəsmiləşdirdiyi iddia olunur. 

GMF-nin Azərbaycan üzrə məsləhətçisi Mehriban Rəhimli “Qəzetci”yə bildirib ki, təşkilatın maliyyə vəsaiti ayırdığı QHT-lərin müxtəlif ittihamlarla üzləşməsinin hüquqi səbəbləri ona hələ də aydın deyil.

“Biz Azərbaycanda nəinki sosial və iqtisadi baxımdan layihələrə donorluq etmişik, eləcə də müxtəlif regionlarda ən ucqar 27 kənddə kitabxana açmışıq. O kəndlərdə ki, hələ nə Təhsil Nazirliyi, nə də digər dövlət qurumu bir dəfə də orada olmayıb”, – deyə o bildirib.

Mehriban Rəhimlinin özü də təqsirləndirilən şəxs qismində cinayət işinə cəlb olunub. Məhkəmə istintaqı davam edən Rəhimli deyir ki, GMF-dən alınan layihələrin vergisi ödənilib. 

“Təsəvvür edin ki, bizim layihələr var ki, kiçik layihələr hesab olunur, məsələn, 50 min manatlıq layihə olub və həmin layihələrdən dövlətə 12,000 manat, 15,000 manat vergi ödənilib. Bu layihələrdən dövlət qazanıb ki, itirməyib”, deyən Mehriban Rəhimli əlavə etdi ki, fəaliyyətləri boyunca partnyor təşkilatlarla birgə dövlət qurumları ilə də əməkdaşlıq ediblər.

Azərbaycanda müstəqil qeyri-hökumət təşkilatlarına qarşı təzyiqlər 2014-cü ildən etibarən gündəmə gəlsə də, 2023-cü ilin noyabrından müstəqil medialara repressiyalardan sonra yenidən intensivləşib. Müxtəlif istiqamətlərdə fəaliyyət göstərən və əsasən müstəqil hesab olunan vətəndaş cəmiyyəti üzvlərinin bank hesabları dondurulub, onların bir çoxuna isə cinayət işi açılıb. 

Təzyiqlərdən yayınmaq üçün ölkəni tərk etmək məcburiyyətində qalan QHT təmsilçilərilə yanaşı ölkədə yaşayan və sosial layihələr həyata keçirən vətəndaş cəmiyyəti üzvləri təqsirləndirilən şəxs qismində cinayət işinə cəlb olunub. 

Regionlardan birində fəaliyyət göstərmiş Reyhan Səlimova (Red. ad şərtidir) “Qəzetci”yə bildirib ki, o da eyni ittihamlarla üzləşib.

“Bizim təşkilat ümumiyyətlə, sosial problemlərlə bağlı işləyirdi, heç bir siyasi ambisiyamız olmayıb, aldığımız bütün layihələrin də vergisini ödəmişik. Bizə olan irad budur ki, niyə xidmət müqaviləsi ilə işləmisiniz? Baxmayaraq ki, bu, qanunsuz olmayıb”, – deyə Reyhan Səlimova vurğulayıb. 

Xidmət müqavilələri əsasında rəsmiləşdirilən vəsaiti “qeydiyyatdan gizlədilmiş qrant” kimi təsnifləndirmək hüquqi müəyyənlik prinsipi və Azərbaycanın ictimai birliklər, qrant, mülki, vergi və maliyyə qanunvericiliyi ilə ziddiyət təşkil edir.

Bu haqda “Qəzetci”yə danışan hüquqşünas Emin Abbasova bildirir ki, belə münasibətlərin hətta “cinayətkar sövdələşmə” kimi təsvir edilməsinin cinayət qanunvericiliyində heç bir əsası yoxdur. 

“Bu yanaşmada ciddi hüquqi problemlər var, qanuni mülki-hüquqi münasibətin sonradan cinayət münasibəti kimi yenidən tövsif edilməsi hüquq adına biabırçılıqdan başqa bir şey deyil”,  – deyə Emin Abbasov vurğulayıb.

Abbasovun  sözlərinə görə, Azərbaycan qanunlarında xarici təşkilatla xidmət müqaviləsi bağlamağı və xidmət haqqı almağı cinayət kimi qadağan edən norma yoxdur.  O, bildirib ki, əgər vergi, qeydiyyat və ya digər inzibati öhdəliyin pozulması iddia edilirdisə, ayrıca olaraq həmin öhdəliyin hansı normaya əsasən mövcud olduğu və pozuntunun niyə məhz ağır cinayət tərkibi yaratdığı sübut olunmalı idi. 

“QHT işi” çərçivəsində ittiham olunan vətəndaş cəmiyyəti üzvlərinə qarşı açılan cinayət işində əsasən USAID və GMF-dən alınan maliyyə vəsaitləri qabardılıb. 

Azərbaycan hökumətinin USAID-lə əlaqələri təşkilatın administratoru Samanta Pauerin 2023-cü ilin sentyabrında Ermənistana səfərindən sonra korlanmağa başlayıb. 

Baxmayaraq ki, o, Ermənistanda öz müsahibələri zamanı ermənilərin Dağlıq Qarabağdan kütləvi şəkildə köçünü birbaşa “etnik təmizləmə” adlandırmaqdan imtina edib. “Azadlıq Radiosu”nun erməni xidmətinin məlumatına görə, Samanta Pauer öz çıxışında bildirib ki, ABŞ hökuməti bununla bağlı dəlil toplayır və rəsmi hüquqi rəyi gözləyir.

2025-ci ilin yanvarında xarici işlər naziri Ceyhun Bayramov USAID-in fəaliyyətini 2024-cü il iyunun 1-dən etibarən de-yure dayandırdığını deyib. Bununla da hökumət 1991-ci ildən Azərbaycanla əməkdaşlıq edən təşkilatın ölkədə fəaliyyətinə son qoydu.

USAID Azərbaycanda əhalini dəstəkləyən sosial proqramlarla yanaşı, humanitar yardım, səhiyyənin inkişafı, iqtisadi və dövlət idarəçiliyi islahatlarına 450 milyon dollardan çox sərmayə yatırıb. Bundan əlavə, Azərbaycan hökuməti ölkənin iqtisadi islahat məqsədlərini dəstəkləmək üçün USAID-ə əlavə 20 milyon dollardan çox maliyyə ayırıb.

2025-ci fevralında QHT-lərə qarşı 2014-cü ildə açılan cinayət işinin icraatı Baş Prokurorluq tərəfindən təzələnib və elə həmin ilin mart ayından etibarən USAID də daxil olmaqla digər donor təşkilatlarla əməkdaşlıq etmiş 20-yə yaxın vətəndaş cəmiyyəti nümayəndəsi cinayət məsuliyyətinə cəlb olunub.

“QHT işi” çərçivəsində 8 il müddətinə həbs olunan Asəf Əhmədovun cinayət işində onun ABŞ səfirliyi də daxil olmaqla USAID və GMF-dən aldığı maliyyə vəsaiti “çirkli pulların yuyulması” kimi tövsif olunub. “Qəzetci”nin əldə etdiyi məhkəmə sənədinə əsasən, Asəf Əhmədova qarşı açılan cinayət işində istintaq qrupu ittihamlarla bağlı hər hansı sübut təqdim edə bilməyib. 

Asəf Əhmədov məhkəmədə Gəncədə tarix müəllimi kimi işlədiyini və regionda yaşayan insanların səsini eşidən, onların həm fərdi, həm icma problemlərini yuxarı instansiyalara və yerli dövlət orqanlarına çatdırmağa çalışan bir ziyalı olduğunu bildirib. Məhkəmədə çıxışı zamanı o, özünü Cinayət Məcəlləsinin hər hansı maddəsi üzrə təqsirli hesab etmədiyini deyib.

“Hesab edir ki, barəsində irəli sürülmüş ittihamlar cinayət tərkibinin zəruri elementlərindən məhrumdur. İstintaq orqanı onun uzun illər həyata keçirdiyi ictimai, maarifləndirici və sosial fəaliyyətini süni şəkildə kriminallaşdıraraq, onu “qabaqcadan əlbir olan qrupun cinayət fəaliyyəti” kimi təqdim etməyə çalışmışdır. İttiham aktında nə qabaqcadan cinayət niyyəti, nə konkret cinayət planı, nə də cinayətin obyektiv tərkibini təsdiq edən bir dənə belə sübut mövcud deyildir”, məhkəmə sənədində deyilir. 

Asəf Əhmədovun məhkəmə işində şahid qismində ifadə vermiş Mehriban Rəhimli bildirib ki, GMF 2018-ci ildən hökumətlə olan danışıqlarda xidmət müqaviləsilə işləməyə razılıq alıb. 

“Elə o vaxtdan sonra onlar işlərini xidmət müqaviləsi əsasında davam etdirmişlər. İşlədikləri şəxslərdən biri də onun özüdür (Asəf Əhmədov nəzərdə tutulub) ki, onun fəaliyyətindən tam razı qalmışıq, hətta onun gördüyü işlər nümunəvi layihələrdən biri olubdur. Fəaliyyət və maliyyə hesabatları tam yerinə yetirilib”, – Mehriban Rəhimli məhkəmə ifadəsində deyib. 

ABŞ səfirliyi, GMF və USAID-dən alınan vəsaitlərin “çirkli pulların yuyulması” kimi tövsif olunmasına gəlincə, Emin Abbasov bildirib ki, buradakı hüquqi problem daha aydın görünür.

“İstər xidmət müqaviləsi üzrə müəyyən iş qarşılığında verilən haqq (ödəniş) olsun, istərsə də qrant vəsaiti olsun, inzibati qaydalara uyğunsuzluq iddiası həmin maliyyələri əsla “çirkli pul” olmasına dəlalət edə bilməz. Azərbaycan qanunvericiliyinə görə cinayət yolu ilə əldə edilmiş əmlak o əmlakdır ki, konkret cinayətin törədilməsi nəticəsində əldə edilib”, deyir Emin Abbasov. 

Onun sözlərinə görə, pulyuma ittihamı üçün öncə vəsaitin konkret hansı ilkin cinayətdən əldə edildiyi müəyyən edilməlidir.

“Daha sonra şəxsin həmin cinayət mənşəli vəsaitin leqallaşdırılmasında iştirak etməsi sübut olunmalıdır. Xidmət müqaviləsinin və ya hətta qrant müqaviləsinin qeydiyyata alınmaması ilə vəsaitin “cinayət yolu ilə əldə edilmiş əmlaka” çevrilməsinin heç bir hüquqi izahı ola bilməz”,  – deyə Emin Abbasov bildirib. 

Onun fikrincə, məhkəmələrdə mübahisə edilmədən, və çəkişmə prinsipi əsasında qiymətləndirilməsi aparılmadan istintaqın hüquqla əsaslandırılmayan bu mövqeyi öz-özlüyündə cinayət ittihamının əsassızlığını sübut edir. 

“İstintaq materialları və tərtib edilmiş ittihamlar üzrə aparılan hüquqi təhlillər nə Alman Marşall Fondu, nə də digər xarici dövlət və beynəlxalq təşkilatların istər maliyyə yardımı proqramları çərçivəsində, istərsə də öz fəaliyyətləri ilə bağlı xidmətlərin alınması üzrə həyata keçirdikləri ödənişlər Cinayət Məcəlləsi ilə nəzərdə tutulan hansısa “cinayət”lə əlaqələndirilə bilməz”, – deyə hüquqşünas vurğulayıb.

“QHT işi” çərçivəsində Azərbaycanda ümumilikdə beş nəfər həbs edilib, 10-a yaxın vətəndaş cəmiyyəti fəalı haqqında isə alternativ qətimkan tədbiri seçilib, daha iki nəfər isə axtarışa verilib.

Hazırda bu cinayət işi çərçivəsində Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı, Seçki Müşahidə Alyansının icraçı direktoru Məmməd Alpay (Məmmədzadə) barəsində məhkəmə araşdırması davam edir. 

Bu cinayət işinə cəlb olunanlar külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq, vergidən yayınma, eləcə də vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirləndirilirlər.

Asiman Qocayevə 3 il, Nərgiz Muxtarova ilə Əhməd Məmmədzadənin hər birinə 7 il 6 ay, Qalib Bayramova isə 9 il şərti cəza verilib.

Təqsirləndirilən QHT təmsilçiləri isə ittihamları qəbul etmir, cinayət törətmədiklərini bildirirlər.