Azərbaycanda karantin rejimi oktyabrın 1-dək uzadılıb

Nazirlər Kabineti bu gün xüsusi karantin rejiminin müddətini oktyabrın 1-i saat 06:00-dək uzadıb. Azərbaycan COVID-19 pandemiyasından sonra regionda quru sərhədləri rəsmi şəkildə bağlı olan yeganə ölkədir.

Azərbaycanda xüsusi karantin rejimi 2020-ci il martın 24-də elan edilib. Karantin rejimi qaydalarına əsasən, ölkənin quru sərhədləri göstərilən tarixdən etibarən qapalıdır.

Cənubi Qafqazın digər ölkələri  – Ermənistan 2020-ci ilin sentyabrında, Gürcüstan isə mart ayında koronavirusa görə sərədlərini bağlamışdı.

Amma Ermənistan 2021-ci il yanvarın 14-də, Gürcüstan isə iyunun 1-dən quru sərhədlərini həm vətəndaşlarının, həm də xarici turistlərin üzünə açıb.

Pandemiyanın ilkin dövrlərində bir sıra ölkələr sərhədlərini bağlayıb, giriş-çıxış üçün xüsusi qaydalar tətbiq etsələr də, qısa müddət sonra məhdudiyyətlər aradan qaldırılıb. Azərbaycanda isə 6 ildən artıqdır ki, quru sərhədlər bağlıdır.

Nazirlər Kabineti quru sərhədlərin bağlı saxlanmasını COVID-19 pandemiyası ilə əsaslandırır, lakin Prezident İlham Əliyev öz çıxışlarında ölkənin quru sərhədlərinin bağlı saxlanılmasını təhlükəsizliklə əlaqələndirmişdi.

İlham Əliyev çıxışlarında dəfələrlə vurğulayıb ki, sərhədlərin bağlı qalması “Azərbaycanı böyük fəlakətlərdən qoruyub”.

Bu il mayın 26-da Bakı-Tbilisi-Bakı istiqaməti üzrə sərnişin daşınmalarının bərpa edilməsi ilə əlaqədar Gürcüstanla quru sərhəd Böyük Kəsik keçid məntəqəsi üzrə qismən açılıb.

Xüsusi icazə ilə fəaliyyəti bərpa edilən nəqliyyat xətti üzrə sutkada ancaq 236 nəfərin qatarla quru sərhəddən keçməsinə icazə verilir.