Azərbaycanın adı ABŞ Prezidenti Donald Trampın kürəkəni və onun ilk prezidentlik dövründə baş müşaviri olmuş Cared Kuşnerin çirkli pulların yuyulması ilə bağlı əməliyyatlarda keçir.
Birləşmiş Ərəb Əmirlikləri Prezidenti Məhəmməd bin Zayed və Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman Trampın ilk prezidentlik dövründə Kuşnerə bağlı bank hesablarına ən azı 2 milyard dollar ayırıblar. Bu gizli maliyyələşdirmə şəbəkəsinin izlərinin itirilməsində isə Azərbaycan bankı yüksək komissiya müqabilində aktiv iştirak edib.
Bu barədə jurnalist Metyu Kol “Şahzadələr və oğrular: Cared Kuşner və Məhəmməd bin Zayedin Yaxın Şərqi yenidən formalaşdırmağa yönəlmiş gizli planı” adlı kitabında yazıb.
“Vanity Fair” jurnalında dərc olunan kitabın bir hissəsində məlum olur ki, həmin vəsait hərbi münaqişələrdə iştirak edən muzdlu döyüşçülərə pul köçürmələri, İran və İsrailə yönəlik siyasətdə ABŞ-nin dəstəyinin alınması, eləcə də ərəb ölkələrinin Ağ Evdə lobbiçiliyinə yönəlib.
Müəllifin yazdığına görə, Kuşner BƏƏ-dəki gizli “Alpha” və İsraildəki “Beta” hesabları vasitəsilə bu pul əməliyyatlarını həyata keçirib. Məqalədə bildirilir ki, Azərbaycan üzərindən “Alpha” hesabına 750 milyon dollar, “Beta” hesabına isə 1 milyard dollar köçürülüb.
“Holland casusları qeyd etdilər ki, bütün bu vəsait Azərbaycandakı bir bank vasitəsilə ABŞ dolları ilə göndərilib. Azərbaycan çirkli pulların yuyulmasında özünəməxsus rol oynayır. Ölkənin Mərkəzi Bankı ehtiyatlarında böyük həcmdə ABŞ dolları saxlayır, lakin bank sektoru şəffaflıq standartlarına əməl etmir. Nəticədə, Azərbaycan banklarının xarici valyutanın dollara çevrildiyi böyük həcmli köçürmələr üçün tranzit məntəqəsi kimi yaxşı qurulmuş, lakin açıq şəkildə reklam edilməyən təcrübələri var. Əməliyyat üzrə təxminən 6%-7% komissiya müqabilində bəzi Azərbaycan bankları Səudiyyə riyalı və ya BƏƏ dirhəmini yüz milyonlarla ABŞ dolları məbləğində köçürmək istəyən müştəriləri qəbul edir. Səudiyyə və ya əmirlikdən olan müştəri pulu Azərbaycan bankına göndərir. O da öz növbəsində pulu ABŞ dollar ilə müştərinin tələb etdiyi ünvana köçürür. Bu zaman fərqli daxili bank hesabından istifadə edir. Auditorlar üçün bu kölgə ticarətini aşkar etmək mümkün deyil”, – deyə müəllif yazır.
Kitabda bildirilir ki, Niderland kəşfiyyatının izlədiyi və sahibinin kimliyini gizlətmək məqsədilə “Alpha” adlandırdığı hesab BƏƏ-nin ən böyük bankı olan “First Abu Dhabi Bank”da yerləşirdi. Həmin dövrdə bankın idarə heyətinin sədri vəzifəsini Məhəmməd bin Zayedin qardaşı Tahnoon bin Zayed tuturdu.
Kolun sözlərinə görə, Səudiyyə Ərəbistanı və BƏƏ 2017-ci ildən etibarən bu hesaba təxminən 750 milyon dollar köçürüblər. “Alpha” hesabı Kuşner və Məhəmməd bin Zayedin birlikdə idarə etməyi planlaşdırdıqları xarici siyasət fondu olaraq göstərilir. Müəllif qeyd edib ki, vəsait İsrail-Fələstin münaqişəsinin həllinə yönəlmiş siyasəti dəstəkləmək üçün nəzərdə tutulub. Kuşner Məhəmməd bin Zayedə söz verib ki, əgər onlar fondda iştirak etsələr, onların gündəliyini Trampa təqdim edəcək. Bununla belə, hesabın birbaşa Kuşnerin adına açılmadığı bildirilir. Hesabın sahibi BƏƏ hökuməti tərəfindən maliyyələşdirilən, xeyriyyə təşkilatı kimi fəaliyyət göstərən “Watani Al Emarat” adlı fond olub.
Fondun rəhbəri Dherar Belhoul Al Falasi idi. Kitabda yer alan ən mühüm iddialardan biri Trampın kürəkəninin bu hesab üzrə səlahiyyətli imza sahiblərindən biri olmasıdır.
Fondun hüquqi statusunun beynəlxalq pul köçürmələrinin daha az diqqət çəkməsinə şərait yaratdığı iddia edilir. Kitaba görə, xeyriyyə təşkilatından ölkənin xaricdə həyata keçirdiyi gizli hərbi və kəşfiyyat əməliyyatlarını dəstəkləmək üçün vəsait köçürülməsinə örtük kimi istifadə olunub. “Watani”nin imkanlarından istifadə edən Al Falasinin BƏƏ-nin gizli silah satınalma proqramlarının həyata keçirilməsini asanlaşdırmağa kömək etdiyi də iddia edilir.
Bundan əvvəl, Məhəmməd bin Zayed və Məhəmməd bin Salman Tramp administrasiyasının xarici siyasət məqsədlərini dəstəkləmək üçün həcmi 10 milyard dolları keçə biləcək gizli fond yaratmağı müzakirə ediblər. Bu fondun mümkün istifadə istiqamətlərindən biri də Trampın Meksika ilə sərhəddə tikmək istədiyi divarın maliyyələşdirilməsi idi.
Kitaba görə, iki Körfəz lideri divarın tikintisinə töhfə verməklə Trampın ikinci dəfə prezident seçilməsinə kömək etməyi hədəfləyirdilər. Lakin zaman keçdikcə bu genişmiqyaslı fond ideyasından imtina edilib. Onun əvəzinə daha məhdud, Yaxın Şərqə yönəlmiş, yuxarıda bəhs edilən maliyyələşdirmə şəbəkəsi qurulub.
Məhəmməd bin Zayed Trampın kürəkəni üçün daha bir köçürməni 2018-ci ildə İsrail bankında açılan hesab üzərindən edib. Həmin hesaba Azərbaycan bankı vasitəsilə 1 milyard dollara yaxın vəsait transfer olunub. Niderland kəşfiyyatının bu ikinci hesabı “Beta” adlandırdığı bildirilir.
Kola görə, İsrailin Baş naziri Binyamin Netanyahu vəsaitin İsrail Mərkəzi Bankında saxlanılmasını təşviq edib. Beləliklə, pulun zahirən dövlət hesabında saxlanıldığı təəssüratı yaradılacaqdı.
İsrail Mərkəzi Bankı fərdi müştərilər üçün hesab açmır, dövlət fondlarının vəsaitlərini saxlayır və köçürmələr həyata keçirir. Kitaba görə, Netanyahu Kuşnerə həmin hesabdan pul köçürməzdən əvvəl onu məlumatlandırması şərtini qoyub. Bu tənzimləmə Netanyahunun hesabdakı pul hərəkətləri üzərində nəzarətini təmin edirdi.
Dərc edilən materialda köçürmələri həyata keçirdiyi bildirilən Azərbaycan bankının adı açıqlanmır. Həmçinin Azərbaycan hökumətinin və ya konkret dövlət məmurunun bu əməliyyatları bilərəkdən təşkil etdiyini göstərən birbaşa sübut təqdim edilmir.
Müəllif Kuşnerin ailəsinə məxsus “Kushner Companies” şirkətinin Manhettendə, 666 Fifth Avenue ünvanında yerləşən prestijli daşınmaz əmlakı ilə bağlı bir milyard dollardan çox kredit borcu olduğunu da vurğulayır.
Kuşner böyük sərvətə malik iş adamı kimi tanınsa da, Tramp administrasiyasına qoşulduğu zaman ailəsindən maliyyə baxımından tam müstəqil deyildi. Kitab müəllifi Kuşnerin bu maliyyə vəziyyətini BƏƏ və Səudiyyə Ərəbistanından gələn gizli maliyyələşdirmə iddialarını qiymətləndirmək üçün mühüm arxa plan kimi təqdim edir. Lakin eyni zamanda bununla bağlı sübutun olmadığını yazır.
Kitabın müəllifi Kuşnerin xarici dövlətin nəzarətində olan bank hesabına çıxış əldə etməsinin ABŞ qanunvericiliyi baxımından ciddi problemlər yarada biləcəyini bildirir. Trampın kürəkəninin vəkilləri isə kitabda yer alan iddiaları rədd ediblər. Müəllif yazır ki, bu məlumatlar rusiyalı hakerin Kuşnerin telefonunu ələ keçirməsi nəticəsində ekran görüntüləri vasitəsilə toplanıb.
2017-ci ildə Niderland Hərbi Kəşfiyyat və Təhlükəsizlik Xidməti Rusiya hərbi kəşfiyyatı üçün çalışan və oğurlanmış bank məlumatları üzrə ixtisaslaşan bir hakerin İngiltərəyə gələcəyini öyrənib. Britaniya qurumları ilə əməkdaşlıq edən niderlandlılar rusiyalı əməliyyatçıya iki seçim təklif ediblər: ya Niderland kəşfiyyatı ilə əməkdaşlıq etmək, ya da İngiltərədə casusluq ittihamı ilə həbs olunmaq.
Beləliklə, o, Rusiya kəşfiyyatının hakerlər vasitəsilə əldə etdiyi məlumatların bir hissəsinin saxlanıldığı serverdəki fayllara giriş əldə edə bilib. Niderland kəşfiyyatı həmin məxfi faylları araşdırarkən Kuşnerin telefonundan götürülmüş ekran görüntülərinə rast gəlib.
Bundan sonra kəşfiyyat əməkdaşları həmin görüntüləri sistemli şəkildə qeydə almağa və Kuşnerin telefonundakı ekran görüntülərini izləməyə başlayıblar.
