Azərbaycanla Ermənistan arasında 8 avqust sazişindən sonra hansı əlaqələr yaranıb?

ABŞ Prezidenti Donald Tramp 8 avqust 2025-ci il tarixində Vaşinqtonda Ağ Evdə keçirilən üçtərəfli imzalanma tədbiri zamanı Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın əllərini sıxır. Foto: REUTERS/Kevin Lamarque

Avqustun 11-də Prezident İlham Əliyev Azərbaycan Dövlət Televiziyasına müsahibəsində TRIPP layihəsinin reallaşması üçün Horadiz-Ağbənd avtomobil yolunun demək olar ki, hazır olduğunu deyib. 

Naxçıvan Muxtar Respublikasına səfər edən İlham Əliyev bu istiqamət üzrə dəmir yolunun tikintisinin də sürətlə irəlilədiyini bildirib.

“Biz bu layihəni hər an sürətləndirə bilərik. Sadəcə olaraq, Ermənistan hissəsi hazır olmadığı üçün buna lüzum görmürük. Çünki investisiyaları, sərmayələri daha vacib və təcili məsələlərin həllinə yönəltmək üçün”, – Əliyev deyib. 

Müsahibə zamanı Azərbaycanın Ermənistanla ticarət əlaqələrini genişlədə biləcəyinə işarə edən Prezident vurğulayıb ki, Naxçıvanda günəş elektrik enerjisi imkanlarilə enerji ixracına nail olmaq mümkündür.

“Ona görə Zəngəzur dəhlizini (TRIPP nəzərdə tutulur) konkret layihələrlə təmin etməyimiz daha geniş məna daşıyır. Təbii ki, Zəngəzur dəhlizini – bu ideyanı və bu təşəbbüsü biz irəli sürəndə, ilk növbədə nəqliyyat seqmenti nəzərdə tutulurdu. Amma biz bu gün buna daha geniş baxırıq. Misal üçün, Azərbaycanın əsas hissəsindən Naxçıvana Ermənistan ərazisindən elektrik xətlərinin çəkilməsi layihəsi bizdə hazırdır”, – deyə İlham Əliyev vurğulayıb.

Əliyev bildirib ki, bununla əlaqədar artıq Cəbrayılda böyük yarımstansiya da inşa olunub.  Onun sözlərinə görə, həmin yarımstansiya daxili təminat üçün yox, böyük enerji həcmlərinin ötürülməsi üçün tikilib: “O hazırdır. O, məhz Zəngəzur elektrik dəhlizi üçün tikilmişdir”.

Layihənin qonşu ölkəyə mümkün faydalarına toxunan İlham Əliyev deyib ki, Azərbaycanlı mütəxəssislər artıq Ermənistan ərazisində elektrik dirəklərinin quraşdırıla biləcəyi yerləri də müəyyənləşdiriblər. 

“Ümid edirəm ki, Ermənistan tərəfi də bu məsələni uzatmayacaq. Çünki bu, birinci onların özlərinə lazım ola bilər. Çünki onların bu gün əsas enerji mənbəyi atom elektrik stansiyasıdır. Onun da idarəetməsi onların əlində deyil”, deyən İlham Əliyev əlavə edib ki, həmin stansiya köhnəlib və bölgə üçün təhlükə mənbəyinə çevrilib. 

“Dəfələrlə Azərbaycan və Türkiyə müxtəlif beynəlxalq platformalarda bu məsələ ilə bağlı öz narahatlıqlarını ifadə ediblər. O stansiyanın ömrünün uzadılması sonsuz proses ola bilməz, gec-tez bağlanmalıdır. Təbii ki, o bağlanarsa, Ermənistan tamamilə enerji böhranına yuvarlanacaq. Ona görə, necə deyərlər, bir əlavə mənbənin olması ancaq xeyir gətirə bilər”, İlham Əliyev deyib. 

Ölkə başçısının təhlküə mənbəyinə çevrildiyini dediyi atom elektrik stansiyası isə Metsamor elektrik stansiyasıdır. 

Avqustun 8-də ABŞ-nin iştirakıyla imzalanmasının üzərindən bir il keçən Azərbaycan və Ermənistan arasında paraflanan sülh sazişində də üç ölkənin TRIPP marşrutu boyunca elektrik enerjisinin ötürülməsi xəttinin inşası dəstəklənib. 

Bir il əvvəl Vaşinqtonda Prezident Donald Tramp, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla birlikdə Ağ Evdə sülh üçün “Sülhün və Dövlətlərarası Münasibətlərin Təsis Edilməsi haqqında Saziş” layihəsi paraflanıb.  

Sənəd ölkələr arasında əsasən Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu (TRIPP) dəhlizinin işə düşməsini və bunun regionda təsir edəcəyi ticarət dövriyyəsini də əhatə edir.

Avqustun 10-da Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı bəyanata əsasən, sazişə multimodal tranzit marşrutu olacaq TRIPP və TRIPP İnkişaf Şirkətinin yaradılmasına dair ABŞ-Ermənistan razılaşması da daxildir:

“Dəhlizlə bağlı hazırda Ermənistanda mühəndis-tədqiqat işləri artıq həyata keçirilməkdədir. Azərbaycan öz ərazisində Ermənistanda TRIPP-ə birləşəcək avtomobil yolu və dəmir yolunun tikintisini demək olar ki, başa çatdırıb. Üç ölkə həmçinin TRIPP marşrutu boyunca elektrik enerjisinin ötürülməsi xəttinin inşasını dəstəkləyir”, –  deyə bəyanatda vurğulanır. 

Bundan əlavə, bəyanatda ABŞ-nin Cənubi Qafqaz və Mərkəzi Asiyada Transxəzər Ticarət Marşrutuna (Orta Dəhliz) özəl sektor investisiyalarının cəlb edilməsinə dəstək göstərmək məqsədilə Transxəzər Sahibkarlıq Fonduna 201 milyon ABŞ dolları məbləğində vəsait ayırdığı da qeyd olunub. 

Saziş imzalandıqdan sonra bir il ərzində Azərbaycan ərazisi vasitəsilə Ermənistana və Ermənistandan təqribən 60,000 ton yük daşınıb. Azərbaycan həmçinin Ermənistanı 20,000 ton neft məhsulu ilə tədarük edib. İki ölkə ikitərəfli ticarətin həcminin artırılması istiqamətində fəaliyyətlərini davam etdirir. 

Bu daşınmalar Azərbaycan və Ermənistan müstəqillik əldə etikdən sonra həyata keçirilən ilk yükdaşımalarıdır. 

Azərbaycan və Ermənistan arasında sazişdən sonra ticarət dövriyyəsi nə qədər artıb? 

Hökumətyönlü media olan Reportun yazdığına görə, cari ilin yanvar-iyun aylarında Azərbaycan Ermənistana 17 milyon 128,64 min ABŞ dolları dəyərində mal ixrac edib.

Bu ilin altı ayı ərzində Azərbaycanın Ermənistandan dolayı yolla idxalının dəyəri isə cəmi 960 ABŞ dolları təşkil edib. Ötən ay ərzində də heç bir idxal həyata keçirilməyib. 

Mart ayında gerçəkləşən 960 dollarlıq idxal isə Dövlət Gömrük Komitəsinin yerli medaya verdiyi məlumata görə, Niderlanddan gətirilmiş qızılgüllər olub.

““Xarici ticarətin gömrük statistikasının nəşr olunması Qaydası”nın 3.3-cü bəndinə əsasən idxalda malın mənşə ölkəsi tərəfdaş ölkə hesab edildiyindən sözügedən qızılgüllər xarici ticarətin gömrük statistikasında Ermənistandan idxal edilən mallar kimi öz əksini tapıb”, – komitədən “unikal.az”a bildirilib.  

Azərbaycanın Ermənistandan niyə az məhsul idxal etməsinin səbəbləri haqda açıq danışılmasa da millət vəkili Vüqar Bayramovun fikrincə, qarşılıqlı faydalı model çərçivəsində Azərbaycan və Ermənistan arasında 38 növ məhsulun ixracı və idxalı üçün imkanlar var.

“İlkin hesablamalar göstərir ki, ilkin mərhələdə bu mallar üzrə ticarət dövriyyəsi 300 milyon dollara yaxınlaşa bilər”, –  Vüqar Bayramov bildirib. 

Vüqar Bayramovun rəhbəlik etdiyi İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) 2025-ci il hesabatında deyilir ki, Ermənistanla çoğrafi yaxınlıq nəqliyyat xərclərini minimuma endirən və mal və məhsulların alıcılara tez çatdırılmasını təmin edən qarşılıqlı faydalı ticarət və iqtisadi əlaqələrin qurulması zərurətini diktə edir. 

“Azərbaycan tərəfindən ixrac edilən mal və məhsullar Ermənistan tərəfindən idxal edilən oxşar mal və məhsullardan daha ucuz olduğu üçün onlara maraqlı ola bilər”, – deyə hesabatda vurğulanır. 

Mərkəz bu məhsullara heyvan mənşəli məhsulları, emal olunmamış dəriləri, yun, incə və ya qaba heyvan tükü, at tükündən iplik və parçalar, hopdurulmuş, örtüklü və ya laminatlı tekstil materialları və texniki məqsədlər üçün tekstil məmulatlarını, eləcə də qurğuşun və onlardan hazırlanan məmulatları aid edir. 

Ticarətin həcmi və istiqamətinin birbaşa siyasi dialoqdan asılı olduğunu vurğulayan İSİM-in hesabatına görə, sülh prosesi irəlilədikcə, kənd təsərrüfatı, enerji, tibbi məhsullar və s. kimi qarşılıqlı faydalı və perspektivli sahələrdə əməkdaşlıq imkanları açılacaq.

“Qısamüddətli perspektivdə yalnız ixrac və idxal qiymətləri nəzərə alınarsa, uzunmüddətli perspektivdə istehsal xərcləri də müqayisəyə əlavə olunacaq. İdxal və ixrac xərclərinin ilkin təhlili özlüyündə iki ölkə arasında işgüzar qarşılıqlı əlaqələrdən əldə edilən gəlirlərin artmasına töhfə verəcək, çünki bu, əsasən nəqliyyat xərclərini azaltmaq və oxşar ehtiyacları ödəyə bilən bazara çıxış yolu ilə əlverişli biznes mühitinin yaradılmasına kömək edəcək”. 

Hesabatda Azərbaycanın Ermənistana ixrac edə biləcəyi məhsullara geniş yer ayrılsa da, Ermənistanın Azərbaycana hansı məhsulları ixrac edə biləcəyinə toxunulmayıb. 

İmzalanan saziş sülhün iqtisadi əlaqələrlə gələcəyini diqtə edir ki, son bir ildə görülən işlər də daha çox hökumətlər arasında dialoqlar və iqtisadi məsələlər üzərində qurulub.