Azərbaycan Türkiyədən 500 milyon dollar dəyərində silah-sursat alacaq

Azərbaycan Türkiyədən ümumi dəyəri 500 milyon dollar olan müxtəlif növ silahlar alacaq. “Anadolu” Xəbər Agentliyi Türkiyənin Prezident Administrasiyasının Müdafiə Sənayesi İdarəsinin rəhbəri Haluk Görgünə istinadən yazıb ki, müqavilələr Bakıda keçirilən ADEX 2026 – Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində imzalanıb. 

Haluk Görgün Azərbaycanın Türkiyədən 14 ədəd “HÜRKUŞ-II” təlim-zərbə təyyarələri və müxtəlif təyinatlı müdafiə sistemlərinin tədarükü ilə bağlı müqavilələr imzaladığını bildirib. Onun sözlərinə görə, təyyarələrin ikisi bu il Azərbaycana təhvil veriləcək.

“TUSAŞ” ilə “HÜRKUŞ”, “BAYKAR” ilə “Mızrak” ağıllı dolaşan sursatı, “BAYKAR” ilə “Antidot”, “ROKETSAN” ilə “Barbaros” Sahil Müdafiə Sistemi üzrə tədarük müqavilələri, “ASELSAN” ilə isə “ALP-100” radarının tədarükünə dair anlaşma memorandumunun imzalanıb.

Görgün eyni zamanda Azərbaycanla hərbi-elmi sahələrdə əməkdaşlıq ediləcəyini, “ASELSAN” şirkəti tərəfindən Naxçıvanda müştərək hərbi təyinatlı zavodun inşa ediləcəyini bildirib.

30 sentyabr–2 oktyabr 2026-cı il tarixlərində Bakıda ADEX 2026 – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi keçirilir. Sərgidə 52 ölkədən olan 277 hərbi təyinatlı şirkət iştirak edir. Bu il ilk dəfə ABŞ, Böyük Britaniya və Almaniyanın qabaqcıl hərbi şirkətləri sərginin işində iştirak edib.

İkinci Qarabağ müharibəsindən sonra, Azərbaycanın müdafiə və təhlükəsizlik xərcləri 90 % artaraq 2026-cı ildə 8 milyard 700 milyon manatdan çox olub. Azərbaycanın 2027-ci il üçün nəzərdə tutulan dövlət büdcəsində təhlükəsizlik və müdafiə xərcləri üçün 816,4 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. Bu, 2027-ci il üçün proqnozlaşdırılan dövlət büdcəsinin 20,8 faizini təşkil edir.

Hərbi xərclərin artması Azərbaycanın Sülh İndeksinin aşağı düşməsinə səbəb olub. Beynəlxalq İqtisadiyyat və Sülh İnstitutunun (IEP) 2026 ildə yaydığı hesabatda Global Sülh İneksinə görə, Azərbaycan ötən illə müqayisədə  8 pillə geriləyərək 2 142 balla 10-cu yerdə qərarlaşıb. Ermənistan bu göstərici üzrə 1825 balla 51-ci sırada yer alır.