Avropa Parlamenti həbsdə olan AXCP sədri Əli Kərimli, hüquq müdafiəçisi Anar Məmmədli və digər siyasi məhbusların işi ilə bağlı Azərbaycana qarşı qətnamə qəbul edib.
Qətnamədə qeyd edilir ki, Əli Kərimli hakimiyyəti zorla ələ keçirmək ittihamı ilə 29 noyabr 2025-ci ildə saxlanılıb və onun barəsindəki həbs-qətimkan tədbiri iki dəfə uzadılıb. Bildirilir ki, ittihamları rədd edən partiya sədri ömürlük həbs cəzası ilə üzləşə bilər.
Qətnamədə “Human Rights Watch” və “Amnesty International” təşkilatlarına istinadən Kərimlinin saxlanma şəraitinin ciddi şəkildə pisləşdiyi qeyd olunur. Onun ərzaq qəbuluna və içməli suya çıxışına məhdudiyyətlər qoyulduğu, ventilyasiyanın olmamasını, yuxusuzluq və susuzluq nəticəsində huşunu itirdiyi bildirilib. Azərbaycan hökumətinə xatırladılır ki, “Amnesty International” bu halların işgəncə və ya pis rəftara bərabər ola biləcəyinə dair xəbərdarlıq edib.
Anar Məmmədli ilə bağlı isə qeyd olunur ki, 2026-cı ilin sentyabrında 13 il müddətinə azadlıqdan məhrum edilən hüquq müdafiəçisinin həbsini Avropa İnsan Hüquqları Məhkəməsi əvvəllər siyasi motivli hesab edib. Onunla birlikdə təqsirləndirilən jurnalist Anar Abdullayev isə 12 il müddətinə azadlıqdan məhrum edilib.
Qətnamədə xüsusilə vurğulanır ki, bu işlər müxalifət xadimlərinə, jurnalistlərə, hüquq müdafiəçilərinə, fəallara və akademiklərə qarşı daha geniş repressiya modelinin bir hissəsini təşkil edir və erməni məhbusları da daxil olmaqla, Azərbaycanda 300-dən çox siyasi məhbus saxlanılır.
Bundan çıxış edən Avropa parlamentinin deputları Əli Kərimli, Anar Məmmədli və Anar Abdullayevin siyasi motivli həbsini qətiyyətlə pisləyib, Azərbaycan hökumətinə onların dərhal və qeyd-şərtsiz azad edilməsinə dair çağırış edib.
Məhbusların adekvat su, yemək, ventilyasiya, tibbi yardım, vəkillər və ailə təması tələb etdiyi qeyd olunan qətnamədə pis rəftar iddiaları ilə bağlı müstəqil araşdırmaların aparılmasına, və AİHM-in Məmmədli qrupu üzrə qərarlarının tam icrasına çağırış yer alır.
Sənəddə həmçinin Azərbaycan hakimiyyətini dinc tənqidçilərə, jurnalistlərə, insan hüquqları fəallarına, müxalifət liderlərinə və akademiklərə qarşı repressiyalara son qoymağa, bütün siyasi məhbusları azad etməyə və onlara qarşı cinayət ittihamlarını ləğv etməyə çağırış edilir, qeyri-hökumət təşkilatlarını və medianı susdurmaq üçün açılan cinayət işlərində qanunlarından sui-istifadəyə son qoyulması tələb olunur.
İqtisadçı alim Qubad İbadoğlunun təcili tibbi müalicə üçün Almaniyaya buraxılmasının alqışlayan deputatlar ona qarşı bütün ittihamların aradan qaldırılmasını tələb ediblər, eyni zamanda Fransa vətəndaşı Anass Derraz da daxil olmaqla, Avropa İttifaqı (Aİ) vətəndaşlarının həbsindən narahatlıqlarını ifadə ediblər.
Sənəddəki çağırışlar tək Azərbaycan hökumətinə yönəlik olmayıb. Qətnamədə Vitse-prezident/İnsan Hüquqları üzrə Baş katib və üzv dövlətlərdən diplomatik əlaqələr zamanı demokratik dəyərlərə hörmətlə yanaşılmasını təmin etməyə çaırılır, onlar Aİ Qlobal İnsan Hüquqları Sanksiyaları Rejimi çərçivəsində hədəfli tədbirlər görməyə dəvət olunur. Aİ-nin Bakıdakı nümayəndəliyi və üzv dövlətlərin səfirliklərinə ünvanlanan mesajda onlardan siyasi məhbusların məhkəmələrini izləmək istənilir.
Qətnamədə həmçinin vurğulanır ki, gələcək Aİ-Azərbaycan tərəfdaşlıq müqaviləsi insan hüquqları və qanunun aliliyi sahəsində nəzərəçarpacaq irəliləyişlər, o cümlədən siyasi məhbusların azad edilməsi şərti ilə bağlanmalıdır.
Deputatlar Avropa Komissiyasını mühacirətdə olanlar da daxil olmaqla, Azərbaycan vətəndaş cəmiyyətinə və müstəqil mediaya dəstəyi artırmağa çağırıblar.
Sənəddə həmçinin, xaricdəki azərbaycanlı tənqidçilərə qarşı transmilli repressiyalar pislənilir, üzv dövlətlər Azərbaycan hökumətinin tənqidçiləri ilə bağlı ekstradisiya tələblərini ciddi şəkildə araşdırmağa çağırılıb.
Milli Məclisin Avropa Parlamentilə əməkdaşlığı dayandırmaq qərarından təəssüfləndiyini bildirən deputatlar Azərbaycan tərəfi əməkdaşlığı bərpa etməyə səsləyiblər.
