Avropa Komissiyasının sədri Ursula von der Leyen iyunun 2-də Yerevana səfəri zamanı deyib ki, Avropa Birliyi Rusiyanın qadağan etdiyi Ermənistan məhsullarına qapı açacaq. Ermənistana təklif olunan yeni ticarət təklifləri Avropaya ixrac olunan məhsullara tətbiq edilən rüsumlara da əhəmiyyətli güzəştlər nəzərdə tutur.
“Muxtar Ticarət Tədbirləri üçün təkliflər Ermənistanın Avropa İttifaqına ixracının demək olar ki, 80%-ni liberallaşdıracaq. Bu o deməkdir ki, bizimlə ticarətinizin 80%-i rüsumdan azad olacaq. Bununla, biz hazırda hələ də əhəmiyyətli dərəcədə Rusiya bazarından asılı olan məhsulları yönləndirib, onları 450 milyon istehlakçı üçün Avropa İttifaqının vahid bazarına göndərə bilərik”, – deyə Leyen Ermənistanın baş naziri Nikol Paşinyanla birlikdə keçirilən mətbuat konfransında deyib.
Leyen bildirib ki, Ermənistandan Rusiyaya ixrac edilən təzə meyvə, tərəvəz və bitkilərin demək olar ki 99%-nə, içkilər və spirtli məhsulların ixracının isə 90%-dən çoxuna Avropa İttifaqının vahid bazarının qapılarını açacaq.
“Əslində, son bir ay ərzində bazara getdikcə daha çox Ermənistan çiçəklərinin gəldiyini müşahidə edirik. Düşünürəm ki, bu, iqtisadi tərəfdaşlığımızda yeni fəslin gözəl simvoludur”, – deyə Avropa Komissiyasının rəsmisi vurğulayıb.
Bundan başqa, Avropa Komissiyası Ermənistanın iqtisadiyyatının gücləndirilməsi üçün 18 milyon avro ayıracaq. Bu vəsait ixracatın təşviqi agentliyinin yaradılmasına və Ermənistan bizneslərinin ixrac potensialının artırılması üçün nəzərdə tutulub.
“Bu 18 milyon avro iyunun əvvəlində telefon danışığımızda müzakirə etdiyimiz 52 milyon avroluq dəstək paketinin son hissəsidir”, – deyə Leyen bildirib.
Komisisya sədri həmçinin qeyd edib ki, Ermənistan Aİ-yə yaxınlaşarkən, Cənubi Qafqaz da bir-birinə yaxınlaşır. Ötən il paraflanan sülh razılaşmasına da toxunan Avropa rəsmisi Türkiyə ilə sərhədlərin açılmasının da Ermənistanın iqtisadi gələcəyini dəyişdirəcəyini deyib.
“Bu, Ermənistanı dünyanın ən strateji yol ayrıclarından birinin mərkəzində saxlayacaq. Bu vizyonu gerçəkləşdirmək üçün sizin yanınızda olacağıq. Məhz buna görə də, mən bağlantı vasitəsilə sülh üçün 200 milyon avro dəyərində yeni Qlobal Qapı paketi elan etdim. Maliyyə tərəfdaşlarımızla birlikdə bütün Cənubi Qafqazda strateji nəqliyyat, enerji və rəqəmsal layihələr üçün 2 milyard avroya qədər vəsait səfərbər etməyi hədəfləyirik. Ermənistanda isə sərhəd keçid məntəqələri və yol infrastrukturu da daxil olmaqla, hazırda hazırlıq mərhələsində olan layihələri dəstəkləyə bilər”, – deyə Leyen bildirib.
Azadlıq Radiosunun Ermənistan bürosu yazır ki, baş nazir Nikol Paşinyan Avropa bazarına çıxış təklifinin Avropa İttifaqı ölkələri rətəfindən tezliklə təsdiqlənəcəyinə ümid etdiyini bildirib.
“Ermənistan Respublikası pis, bəzən hətta dəhşətli coğrafi mövqedədir. Və bu gün Avropa İttifaqı tərəfdaşlarımızdan Ermənistan Respublikasının əla coğrafi mövqeyə malik olduğunu, xüsusilə Şərqlə Qərb arasında və ya Şərqlə Qərbi birləşdirən ən qısa marşrut üzərində yerləşdiyini eşitmək çox simvolik idi. Bu, bəlkə də tarixi dövrün dəyişdiyini ifadə edir. Biz eyni yerdəyik, ölkə heç yerə köçməyib, lakin siyasi proseslər nəticəsində tarixən pis və bəzən dəhşətli coğrafi mövqedən əla coğrafi mövqeyə keçirik. Əvvəllər bütün problemlərimizi izah etmək üçün istifadə olunan bu coğrafi mövqe, indi suveren, azad, firavan və təhlükəsiz ölkəyə sahib olmaq vizyonunu reallaşdırmağa xidmət edir. Bu, həqiqətən tarixi dəyişiklikdir”, – deyə Paşinyan çıxışında vurğulayıb.
Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen iyunun 1-də Azərbaycanda, iyunun 2-də isə Ermənistanda rəsmi səfərdə olub. O, Bakıda Aİ-Azərbaycan münasibətlərinin əsas prioritetlərinin enerji sazişi, Orta Dəhliz layihəsi və Ermənistan-Azərbaycan arasında sülh müqaviləsi olduğunu danışıb. Avropa İttifaqı Komissarı Bakıda insan haqları və demokratiya barədə çağırışlar səsləndirməsə də, Yeravanda çıxışının əsas hissəsini Ermənistanın Avropa İttifaqına inteqrasiyası, vizasız rejim və demokratiya məsələləri əhatə edib.
