Azərbaycanın İssık-Kulda 200 milyon manata tikdiyi otelin qeyri-şəffaf tərəfləri

Azərbaycan, Qırğızıstan, Özbəkistan, Qazaxıstan, Tacikistan və Türkmənistan prezidentləri İssık-Kulda “Baku Resort & Spa” mehmanxanasının açılış lentini kəsirlər. Foto president.az
Azərbaycan, Qırğızıstan, Özbəkistan, Qazaxıstan, Tacikistan və Türkmənistan prezidentləri İssık-Kulda “Baku Resort & Spa” mehmanxanasının açılış lentini kəsirlər. Foto president.az

Azərbaycan hökumətinin Qırğızıstanda dövlət investisiyası hesabına inşa etdirdiyi beşulduzlu “Baku Resort & Spa” mehmanxanasına xərclənən vəsait açıqlanmasa da, bu layihə dövlət budcəsinə elə də ucuz başa gəlməyib.

Qırğızıstan Prezidentinin Əmlakın İdarə Edilməsi Departamenti rəhbərinin müavini Talantbek Cunuşev hələ 3 il əvvəl qanun layihəsi parlamentdə müzakirə olunanda bildirmişdi ki, otel kompleksinin dəyəri 8-10 milyard som, yəni 155-200 milyon manat civarındadır. 

İssık-Kul bölgəsində ən lüks mehmanxanalardan biri hesab “Baku Resort & Spa”nın təntənəli açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva, həmçinin Qırğızıstan, Özbəkistan, Qazaxıstan, Tacikistan və Türkmənistan prezidentləri iştirak ediblər.

İlham Əliyev kompleksin açılışında çıxış edərək layihəni Azərbaycanla Qırğızıstan arasında dostluq və qardaşlıq münasibətlərinin təzahürü, həmçinin Azərbaycanın İssık-Kulun turizm potensialının inkişafına kiçik töhfəsi kimi dəyərləndirib.

“Bu, həm də bizim birgə qərarımızdır və biz çox məmnunuq və qürur duyuruq ki, İssık-Kul gölünün sahilində ilk beşulduzlu otel Azərbaycan dövlətinin iştirakı ilə tikilib və “Bakı” adını daşıyır”, – deyə İlham Əliyev vurğulayıb. 

“Baku Resort & Spa” İssık-Kul gölünün sahilində 17,24 hektar ərazini əhatə edir. Mehmanxana 330 qonağın qəbuluna imkan verən 111 otaq və 10 kottecdən ibarətdir.

Otel 2023-cü il oktyabrın 12-də Bişkekdə imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında İssık-Kul gölünün sahilində beşulduzlu mehmanxananın tikintisi üzrə investisiya qoyuluşu haqqında Saziş” çərçivəsində inşa edilib.

Qırğızıstan hökuməti ilə bağlanmış sazişə əsasən, otelin idarə olunması 49 il müddətinə Azərbaycan tərəfinə verilib. Qırğızıstan parlamenti iki ölkə hökumətləri arasında əldə olunmuş sazişi ratifikasiya edib. Razılaşmaya əsasən, tikinti başa çatdıqdan sonra oteldə çalışan işçilərin azı 70 faizi Qırğız vətəndaşı olacaq.

Azərbaycan tərəfi mehmanxananın açılışını geniş şəkildə təbliğ etsə də, layihəyə yönəldilən vəsait, satınalma prosedurları və podratçı şirkətlər barədə ictimaiyyətə hər hansı məlumat verilməyib.

Azərbaycan tərəfdən açıq mənbələrdə olan yeganə rəsmi sənəd 2023-cü il noyabrın 21-də Prezident İlham Əliyevin sözügedən sazişin təsdiqi ilə bağlı imzaladığı fərmandır. Fərmanda qeyd edilir ki, otel kompleksinin tikintisi Azərbaycan Prezidentinin İşlər İdarəsinə həvalə olunub.

Mehmanxana kompleksinin memarlıq layihəsi Azərbaycanın “FLAX” MMC-nin 4 memarı tərəfindən hazırlanıb. Layihənin müəlliflərindən biri italiyalı memar Paolo Lettieridir. 

Paolo Lettieri və onun rəhbərlik etdiyi “UPA Italia” şirkəti Prezidentin İşlər İdarəsinin tabeliyində həyata keçirilən digər layihələrdə, o cümlədən Kəlbəcərdəki “İstisu” Müalicəvi-İstirahət Mərkəzinin layihələndirilməsində də iştirak edib.

“FLAX” MMC-nin rəhbəri Gülər Əmirahova da Qırğızıstandakı otel kompleksinin memarları sırasında göstərilir. O, müsahibələrinin birində şirkəti 2023-cü ildə yaratdığını qeyd edib.

Lakin vergi reyestrində şirkətin 2013-cü ilin sentyabrında “CHIZA Architectural Bureau” adı ilə qeydiyyatdan keçdiyi görünür. Şirkət 2023-cü ildə rebrendinq edərək adını dəyişib, eyni zamanda direktor və təsisçilər yenilənib.

Bir vaxtlar Alov qullələri və Heydər Əliyev Mərkəzinin layihələndirməsində iştirak edən Gülər Amirahova  “FLAX” MMC-nin rəhbərliyinə 3 il əvvəl gətirilib. “CHIZA Architectural Bureau”nun keçmiş direktoru Çingiz Ağarzayev isə “FLAX” MMC-də fəaliyyətini memar kimi davam etdirir.

“FLAX” MMC-nin saytındakı məlumatlardan görünür ki, bu şirkət Qarabağ, Sea Breeze və “Ağ Şəhər”də müxtəlif obyektlərin layihələndirilməsi və konsepsiyalarının hazırlanmasında yer alır. Şirkət, həmçinin Prezidentin İşlər İdarəsinin tabeliyində olan və İsmayıllıda yerləşən “ Basqal Spa & Resort Hotel” kompleksinin layihəsini icra edib.

Ağdam Cümə Məscidinin bərpası, Zəngilan və Laçında otel komplekslərinin layihələndirilməsində yer alan “FLAX” MMC, həm də Kəlbəcərin Qamışlı, Qılınclı və Nadirxanlı, Ağdərənin Umudlu, Ağdamın Sarıcalı kəndlərinin yenidən qurulması layihələrinə də imza atıb. Lakin tender portalında bu şirkətin dövlət layihələrində iştirakı ilə bağlı hər hansı məlumata rast gəlinmir.